RU

“Xartiyaçılıq”

Erməni avantürizimi və Cənubi Qafqazda  yeni müharibə riski 

“Gələcəkdə onlar hansı siyasi münasibətləri qurmaq istəyirlər, onlar öz gələcəyini regional təhlükəsizliyin əsas oyunçuları kimi, Rusiya və İran oxu ətrafındamı qurmaq istəyirlər? Hesab edirəm ki, bu, həmçinin Ermənistan və Azərbaycan hökumətləri üçün də qeyri-sabit və arzuolunmazdır. Hazırda fərqli seçim etmək imkanları var. İndi biz bunu onlar və bu mövzuda yüksək səviyyəli əlaqələr üçün aydınlaşdırırıq”. 

Bu fikirləri hələ 2023-cü ilin noyabrında ABŞ Dövlət Departamenti rəhbərinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasında Qarabağdakı vəziyyətə dair keçirilmiş dinləmələrdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələyə münasibət bildirərkən səsləndirmişdi. Artıq ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalanıb. Deməli, rəsmi İrəvan kursunu daha aşkar formada bəyan edib. Yazımız bu barədə olacaq. Xartiyanın imzalanmasından sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın söylədikləri üzərində də dayanacağıq. Nəzərə alaq ki, erməni nazirin sənəddən ruhlandığı və özünü amiranə tərzdə apardığı diqqətdən yayınmır. 

ABŞ–Ermənistan strateji tərəfdaşlıq xartiyası, ikincinin ümumən 2018-ci ildən bəri götürdüyü Qərbyönümlü siyasi xəttin nəticəsidir. O xəttin ki, Cənubi Qafqazı bütövlükdə Qərb təsir zonasına daxil etməyə hesablanıb. Bu plan olduqca təhlükəlidir. Təkcə ona görə yox ki, onda regionda ənənəvi maraqları heçə saymaq əzmi var. Həm də o səbəbdən ki, xartiya mahiyyət etibarilə erməni avantürizminin qorunmasına hesablanıb. Söhbət faşizm ideologiyasına əsaslanmış avantürizmdən gedir. Deməli, Qərb regionda sülhün formalaşmasını istəmir, erməni məsələsini diri saxlamaqla, onilliklərdən bəri tutduğu ənənəvi bölücülük xəttinə sadiqlik nümayiş etdirir.  

Əslində, ABŞ – Ermənistan tərəfdaşlıq xartiyasının ərsəyə gələcəyini proqnozlaşdırmaq mümkün idi. Ötən il ABŞ – Avropa İttifaqı-Ermənistan yüksək səviyyəli görüşü keçirilmişdi. Həmin görüş də Qərbin erməni təəssübkeşliyi xəttinin vurğulanması idi. Təmas zamanı Ermənistanın təhlükəsizliyinin qorunması ön planda dayanırdı. Mövcud istiqamətdə addımların atıldığını gördük. Məsələn, İrəvanın silahlandırılması vüsət aldı. Daha bir nəticə də o oldu ki, Ermənistan Azərbaycanla sülhdən uzaqlaşdı, düşdüyü illüziya bataqlığındakı yerini möhkəmləndirdi. 

Bəli, ABŞ – Ermənistan xartiyası İrəvanın illüziya bataqlığındakı yerini bir qədər də möhkəmləndirəcək. Elə Mirzoyanın fikirləri də bunun təsdiqidir. Hər halda, dolayısı ilə Ermənistanın qonşu dövlətlərlə sərhədlərini ABŞ hərbçilərinin qoruması sıradan məsələ sayıla bilməz. Deməli, Rusiya sərhədçiləri çıxır, Birləşmiş Ştatların hərbi birləşmələri gəlir. Görünür, Vaşinqton Cənubi Qafqaz uğrunda savaşı qətiləşdirib. Bunun başqa adı yoxdur. 

Onsuz da dünyada beynəlxalq hüquq işləmir. Bu gün Amerikada Danimarkanın Qrenlandiyanın təhlükəsizliyini təmin etmək üçün heç bir iş görmədiyi iddiası ilə ABŞ-ın adaya sahiblənməsinin zəruriliyi ciddi şəkildə bildirilirsə, deməli, beynəlxalq hüququn prinsip və dəyərləri həqiqətən əhəmiyyətini itirib. Belə nəticəyə gəlirik ki, Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsi zamanı barəsində söz açdığı yeni dünya düzəninin formalaşdırılmasına başlanılıb. O zaman əvvəlki iki belə tendensiyanı yada salaq. Yəni, Birinci dünya müharibəsindən sonra formalaşmış Versal – Vaşinqton və İkinci dünya müharibəsindən sonrakı Potsdam sistemlərini. Onu da nəzərə alaq ki, 1945-ci ildən başlanmış “soyuq müharibə” mahiyyət etibarilə əvvəlki sistemləri aradan qaldırmaq, yəni SSRİ-nin olmadığı dünyanı formalaşdırmağı rəhbər tutmuşdu. Nəticə məlumdur  –  Sovetlər Birliyi süqut etdi, ancaq Rusiya qaldı. Ötən əsrin 90-cı illərinin sonundan isə Qərb aləmi Rusiyanın məhvinə yönəlik strategiyaya baş vurdu. 

Moskvada da çox yaxşı gördülər ki, beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenlik məsələləri spekulyativ xarakter daşıyır. Belədə başqa yolu qalmayan Rusiya da hərəkətə keçdi. Ancaq Qərb ondan əvvəl hərəkətə keçmişdi. Görəsən, İraqa  Əfqanıstana müdaxilələr nə idi? Əlbəttə ki, işğalçılıq. Ancaq Qərbin hərəkətliliyinin digər aspektləri də olmuşdu. Məsələn, 2008-ci il dekabrın 19-da ABŞ ilə Ukrayna arasında tərəfdaşlıq haqqında sənəd imzalanmışdı. Bu sənəd Rusiyanı Krımı ələ keçirməsinin qarşısını ala bildimi? Xeyr! 

Digər tərəfdən, 2008-ci ildə Rusiya – Gürcüstan müharibəsi baş verdi. Müharibə Qərbin Prezident Mixeil Saakaşvili iqtidarını Moskvaya qarşı qaldırmasının nəticəsində oldu. Savaşdan Rusiya qalib ayrıldı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrində rusmeyilli separatçı quruluşlar yaradıldı. 2009-cu ildə Birləşmiş Ştatlar Gürcüstanla strateji tərəfdaşlıq haqqında müqavilə imzaladı. Vaşinqton 2021-ci ildə Ukrayna ilə olan oxşar sazişi yenilədi və guya daha da möhkəmləndirdi. Ancaq hər iki duruma diqqət yetirsək deyə bilərik ki, nə Abxaziya və Cənubi Osetiya Gürcüstana, nə də Krım Ukraynaya geri qayıtdı. 

İndi vəziyyət tamamilə fərqlidir. Yəni, hazırda beynəlxalq hüquq prinsiplərinə heç məhəl qoyulmadığını görürük. Əsəblərin tarıma çəkildiyi, mənafelər uğrundakı mübarizənin daha qızğın fazaya daxil olduğu diqqətdən yayınmır. Bir sözlə, dünya daha amansızlaşıb və hazırda həlledici sözü yalnız güc deyir. ABŞ – Ermənistan strateji tərəfdaşlıq xartiyası məhz belə bir qəliz durumda imzalanır. Heç kəs Ermənistanın təhlükəsizliyinin gücləndirilməsi nağıllarına inanmır. Yəni, əvvəldə də vurğuladığımız kimi, İrəvan konkret tərəfdir, daha doğrusu, Qərbin tərəfindədir.  

Bəli, ABŞ–Ermənistan strateji tərəfdaşlıq xartiyası Cənubi Qafqaz uğrunda mübarizənin qızğın fazaya daxil olduğu bir dövrdə imzalanırsa, hər şey qətiləşib. Qərb Ermənistanı mübarizənin açar fiquruna çevirir. Deməli, Birləşmiş Ştatlar rəsmilərinin iki il əvvəldən başlayaraq verdikləri bəyanatlar real iş müstəvisinə daxil olub. Söhbət hansı bəyanatlardan gedir, buna nəzər salaq və yenə əvvəldə fikirlərini diqqətə çatdırdığımız ABŞ rəsmisi Ceyms O`Braynın dediklərini yada salaq: “Mərkəzi Asiya öz malları üçün yeni marşrutlar axtarır. Bu marşrutlar da cənubdan, Ermənistandan keçə bilər. Biz demişik ki, gücdən istifadə yolverilməzdir. Ermənistanın iştirakı və razılığı ilə tikiləcək tranzit dəhlizi region ölkələri üçün, həmçinin buradan daşınan mallara çıxış əldə edəcək dünya bazarlarında böyük iqtisadi bum yarada bilər. Əgər dəhliz gücdən istifadə etməklə və ya İranın iştirakı ilə açılsa, o zaman bunun çox güclü əks-təsiri olacaq və təşəbbüs uğurlu olmayacaq”.

C.O`Braynın bu açıqlamasını ABŞ-ın Zəngəzur dəhlizinə qarşı aşkar demarşı kimi qəbul etsək, hazırkı Vaşinqton – İrəvan xartiyasını Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı söylədiklərinə cavab olaraq dəyərləndirmək mümkündür. Dövlətimizin başçısı bildirmişdi: “Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

Bu yerdə Ermənistanın XİN rəhbəri A.Mirzoyanın sözügedən xartiyanın imzalanması zamanı bildirdiklərinə nəzər salaq. Mirzoyan sənədin ölkəsi ilə ABŞ arasındakı əməkdaşlığa ambisiya qazandırdığını vurğulayıb. Bəli, məhz ambisiya. Onun əvvəldə barəsində söz açdığımız özünü amiranə tərzdə aparması da elə budur. Dolayısı ilə Ermənistan Birləşmiş Ştatlarla birgə Zəngəzur dəhlizinə cəbhə açdığını göstərir. Daha doğrusu, Azərbaycana qarşı ABŞ-ın himayəsinə sığındığını bəyan edir və bununla öyünür. 

Beləliklə, A.Mirzoyan bildirib ki, hazırda imzalanmış Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya iqtisadi və enerji əlaqələrinin, münasibətlərin, demokratik təsisatların gücləndirilməsinə, müdafiə və hərbi əməkdaşlığın dərinləşdirilməsinə, ədalətin və qanunun aliliyinin təşviqinə, innovasiyaların və yüksək texnologiyaların inkişafına və insanlar arasında təmasların genişləndirilməsinə töhfə verməklə bir çox sahələri əhatə edir: “Ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanan münasibətlərimiz son illər əhəmiyyətli inkişaf nümayiş etdirib. Elə bir yetkinlik səviyyəsinə çatıblar ki, onları strateji tərəfdaşlığa yüksəltmək nəinki münasib, həm də mürəkkəb geosiyasi mühitdə naviqasiya üçün zəruridir”.

Hər şeyi bir kənara qoyaq, görəsən, ABŞ və Ermənistanın hansı ortaq dəyərləri var? Heç bir! Heç ortaq maraqları da yoxdur. Maraq Birləşmiş Ştatlarındır, İrəvan onun həyata keçirilməsində “peşkadır”. İndi bu “peşka ölkə”nin XİN rəhbəri bildirir ki, ABŞ-ın Ermənistanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini dərindən qiymətləndirir. Eyni zamanda: “Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün təşviqində iştirakını qiymətləndiririk. İnanırıq ki, sabit və firavan Cənubi Qafqaz bütün regional aktorların və bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verir. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə, eləcə də bu ümumi məqsədə nail olmaq üçün ABŞ-la sıx əməkdaşlıq etməyə sadiq qalır”.

Sülh gündəmi üçün ABŞ-la əməkdaşlıq? Heç şübhəsiz, xartiya Cənubi Qafqazda barış mühitinin formalaşmasına dəstək göstərməyəcək, əksinə problem yaradacaq. Bunu regionda maraqlı dövlətlərin rəsmilərinin, eləcə də ekspert və mütəxəssislərin açıqlamaları da təsdiqləyir. Bu yerdə A.Mirzoyanın mənasız pafos ritorikasını kənara qoyub bir fikrinə diqqət yetirməyi zəruri sayırıq. Onun sözlərinə görə, Ermənistan gələcəyə baxaraq strateji tərəfdaşlıq xartiyasında müəyyən edilmiş iddialı məqsədlərə nail olmaq üçün ABŞ-ın yeni administrasiyası ilə işi davam etdirməyi səbirsizliklə gözləyir.

***

Ermənistan gözləməyində olsun, biz isə bir daha yeni dünya düzəni məsələsinə qayıdaq. Aydındır ki, bu düzəni güc formalaşdıracaq. Prezident İlham Əliyevin bu il sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışında bildirdiyi kimi, “İkinci dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər”. 

Yeri gəlmişkən, dövlətimizin başçısı yanvarın 7-dəki müsahibəsində də yeni dünya nizamından söz açmaqla, Azərbaycanın bu düzənin fəal iştirakçısı olmasını zərurət və vaciblik kimi qabartdı. Prezident İlham Əliyevin bu mövqeyinə özünün olan hər şeyə, yəni Cənubi Qafqaza sahiblənmək əzmi hakimdir: “Biz öz işimizi görməliyik və gündəliyimizi bundan sonra da tətbiq etməliyik. Çünki Cənubi Qafqaz bizim regionumuzdur və Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir. Ona görə yeni nizamı biz ədalətli nizam kimi görürük. Əgər bunu bir sözlə ifadə etmək mümkündürsə, bu, ədalətli olmalıdır və əslində, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur”.

Bəli, Ermənistan – ABŞ strateji tərəfdaşlıq xartiyası Azərbaycanın Cənubi Qafqazda müəyyənləşdirdiyi ədalət anlayışına, yəni, regiona tarixən bağlı ölkələrin maraq və mənafelərinin uzlaşdırılması xəttinə, “region region ölkələri üçündür” şüarına zidd platformadır. Nəzərə alaq ki, xartiya yeni seçilmiş prezident Donald Trampın rəsmən fəaliyyətə başlamasından 6 gün əvvəl imzalanıb. Yəni, Bayden administrasiyası ermənipərəstliyin son akkordunu vurub. Bu administrasiya gethagetdə Ukraynada vəziyyəti ağırlaşdırdığı kimi, Cənubi Qafqazda yeni konfrantasiya bazası formalaşdırıb. Ümid edək ki, D.Tramp məsələlərə tamam fərqli prizmadan yanaşacaq və nəticə etibarilə Vaşinqton – İrəvan xartiyası lakmus kağızından başqa bir şey olmayacaq.

Sonda bir məqamı da vurğulayaq. D.Tramp hadisə və proseslərə həm də ona görə fərqli bucaqdan baxmalıdır ki, Bayden administrasiyası dünyada ABŞ əleyhinə nataraz durum formalaşdırıb. Bu durum, eyni zamanda, insanlığı təlatümlərlə üz-üzə qoyub və bəşəriyyət, faktiki olaraq, Üçüncü dünya müharibəsinin astanasındadır. ABŞ – Ermənistan strateji tərəfdaşlıq xartiyası adlandırılmış sənəd isə müharibənin Cənubi Qafqaz trayektoriyasının cızılmasından başqa bir şey deyil. Birləşmiş Ştatlarda nəzərə almalıdırlar ki, erməni avantürizminə dəstək verən istənilən addım regionda hərbi eskalasiya üçün stimuldur. Buna qarşı Azərbaycanın atacağı addımlar təbiidir ki, sərt olacaq. Vaşinqtonda sərtliyin Ermənistan dövlətinin mövcudluğu baxımdan hansı perspektivi vəd etdiyini də düşünməlidirlər. Tarixi yada salsalar, daha yaxşıdır. Yəni,  Ermənistan adlı dövlətin olmadığı dövrü.  

Ə.CAHANGİROĞLU
XQ

Избранный
4
xalqqazeti.az

1Источники