RU

Gənclərə "toy tutan" toylarımız: Yüz milyonlar DÖVR EDİR...

Azərbaycanın toy biznesi yalnız sosial bir hadisə deyil, həm də iqtisadi fəaliyyətin mühüm sahələrindən birinə çevrilib. Bu sahə şadlıq saraylarından tutmuş gözəllik salonlarına, ərzaq və içki tədarükçülərindən musiqiçilərə qədər müxtəlif sektorlarda dövriyyə yaradır. Toy biznesi həm iqtisadi, həm də sosial baxımdan böyük əhəmiyyət kəsb edir.

 

Şadlıq sarayları: toy biznesinin əsas mənbəyi

 

Hər il Azərbaycanda təxminən 50 min toy keçirilir. Toyların təşkil edildiyi şadlıq sarayları ölkəmizdə toy biznesinin ən böyük dövriyyə yaradan sahələrindən biridir. Bakı şəhərində 600-dən çox şadlıq sarayı fəaliyyət göstərir. Azərbaycanda Məhərrəmlik və Ramazan ayları, anım günləri, toyların az keçirildiyi may ayı kimi amilləri nəzərə alsaq, ilin ən azı 270 günü toy mərasimləri təşkil olunur. Menyunun  minimum qiymətini 50 manat, qonaqların sayını 300, toyların illik sayını isə 50 min götürsək, bu sahənin illik dövriyyəsi 750 milyon manata çatır. Əslində dövriyyənin 1 milyard manatdan çox olduğu ehtimal edilir. Modern.az-ın toy administratorlarından aldığı məlumata görə, menyunun qiyməti 30-35 manatdan başlayaraq 200 manata qədər yüksəlir. Normal süfrəsi olan məclisdə menyunun qiyməti azı 60 manatdan başlayır.

 

Toylar kimlərə pul qazandırır?


Toy biznesi özlüyündə digər sahələri də hərəkətə gətirir. Toy mərasimləri deyəndə ilk ağla gələnlərdən biri yemək və içkilərdir. Orta hesabla 300 nəfərlik bir toyda 180 kq mal və qoyun əti, 200 kq toyuq əti, 70-80 kq balıq, 200 şüşə içki və 100 kq meyvə istehlak olunur. İl ərzində təxmini olaraq 50 min toyda 9 min ton mal və qoyun əti, 10 min ton toyuq əti, 3 min ton balıq, 10 milyon şüşə alkoqollu və alkoqolsuz içkilər, 5 min ton meyvə istifadə edilir. Toy mövsümü iri fermer təsərrüfatlarının, quşçuluq müəssisələrinin, araq, şərab və şirə istehsalçılarının işinə yarayır.

Toyun maraqlı keçməsi musiqiçilərdən asılıdır 


Toyların əyləncə hissəsi musiqi və digər əyləncələrlə təmin edilir. Orta hesabla hər bir toyda musiqiçilər üçün 2000 manat ödənir. Bu sahənin illik dövriyyəsi təxminən 100 milyon manat təşkil edir. Düzdür, əksər hallarda bu, standart olaraq menyü qiymətinə daxildir. Toy sahibi əlavə müğənni, alktyor, rəqqas və s. dəvət etmıək üçün ayrı pul ödəməlidir. İndi tanınmış müğənnilər toya 5 mindən ucuz getmirlər...

 

Toyda yaxşı görünmək üçün yaxşı pul xərcləməlisən


Gözəllik salonları, gəlinlik icarəsi, makiyaj və saç düzümü kimi xidmətlər hər toyda mühüm yer tutur. Gəlinlərin bəzədilməsi qiyməti 150 manatdan başlayır. Bu da il ərzində 7,5 milyon manat dövriyyə deməkdir. Toya gələnlərin yarısının xanım olduğunu nəzərə alaq və fərz edək ki, bir toyda iştirak edən 100 xanım gözəllik salonlarının xidmətlərindən istifadə edir. Xidmət haqqını 40 manatdan götürsək, bir toy üçün xanımlar gözəllik salonlarına 4 min manat ödəyirlər. İl ərzində bu göstərici 200 milyon manata çatır.

 

Geyim toyların əsas atributlarından biridir. Gəlinliklərin icarə qiyməti 100 manatdan başlayır. Toy iştirakçıları da (əsasən xanımlar) bəzi hallarda "prokat" götürdükləri paltarları geyinir. Həmin paltarların qiyməti orta hesabla 30 manatdır. Toy paltarlarını kirayə verənlər Modern.az-a bildirir ki, 10 il əvvəllə müqayisədə bu müştərilərin sayı xeyli azalıb, daimi müştərilər isə hələ də var.

Qızıl və cehizə də çoxlu pul lazımdır

 

Toyu zərgərlik məmulatları olmadan təsəvvür etmək mümkün deyil. Qızılın bahalaşdığı bir dövrdə bir toy üçün oğlan və qız evinin sahibləri azı 5 min manat zərgərlik məmulatlarına pul xərcləyir. Toy məclisləri ilə əlaqədar olaraq, məişət texnikası və mebel sahəsində də böyük dövriyyə yaranır. Cehiz üçün xərclər minimum 15 min manat təşkil edir. Gəlin köçürənlər il ərzində mebel və məişət cihazlarına, tekstil məhsullarına 750 milyon manat ödəyirlər.

 

Taksiləri də yaddan çıxarmayaq

 

Toy iştirakçıları üçün taksi xidmətləri və avtomobillərin təmizlənməsi də toy biznesinin böyük hissəsini təşkil edir. Hər toyda təqribən 50 ailə məclisə taksi ilə gəlir və qayıdır. Bir gedişin qiyməti azı 5 manatdır və bir toyda iştirak edənlər 500 manat taksi pulu ödəyirlər. Bu da ildə 25 milyon manat dövriyyə deməkdir.

 

Göründüyü kimi Azərbaycanda toy biznesinin inkişafı ölkə iqtisadiyyatının müxtəlif sahələrinə mühüm təsir göstərir. Şadlıq sarayları, ərzaq və içki sektoru, musiqi və əyləncə xidmətləri, gözəllik və moda sahələri, məişət və geyim sektoru, birbaşa və dolayısı ilə toy biznesindən faydalanan sahələr arasında yer alır.

 

Evlənmək istəyən gənclər üçün ağır yük olsa da, bu sahələrin inkişafı yeni iş yerləri açılmasına və iqtisadi artımın sürətlənməsinə təsir edir. Gələcəkdə bu sahənin genişlənməsi Azərbaycanın iqtisadiyyatı üçün əlavə inkişaf perspektivləri təmin edəcəkdir.

Избранный
1
modern.az

1Источники