RU

Qanlı Yanvar qırğını

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının tarixində həm qanlı, həm də şərəfli bir səhifədir. Həmin gün sovet ordusu Bakı şəhərində və Azərbaycanın digər bölgələrində dinc əhalini vəhşicəsinə qətlə yetirdi. Lakin bu faciə xalqın müstəqillik uğrunda mübarizəsini daha da gücləndirdi və Azərbaycanın suverenliyə aparan yolunda dönüş nöqtəsi oldu.

1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən demokratik dəyişikliklər, “perestroyka” və “qlasnost” siyasəti milli azadlıq hərəkatlarının güclənməsinə səbəb oldu. Azərbaycanda da xalq Ermənistanın Qarabağda törətdiyi təxribatlara və Sovet rəhbərliyinin biganə münasibətinə qarşı ayağa qalxdı. Bununla yanaşı, Azərbaycan xalqı müstəqillik arzularını açıq şəkildə ifadə etməyə başladı.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının 26 min nəfərlik ordusu Bakıya daxil oldu. Ordu dinc əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı ağır texnika və silahlardan istifadə etdi. 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, yüzlərlə insan həbs olundu. Həmin gecə milli televiziyanın enerji bloku partladılaraq məlumatların yayımı dayandırıldı.

Sovet ordusunun məqsədi Azərbaycan xalqının müstəqillik iradəsini qırmaq olsa da, bu faciə əks təsir göstərdi. Azərbaycan xalqı şəhidlərini bir yumruq kimi birləşərək yad etdi və azadlıq mübarizəsini daha da gücləndirdi.

Qanlı Yanvarın Nəticələri

Qanlı Yanvar hadisələri Sovet İttifaqının dağılmasına aparan prosesləri sürətləndirdi. Azərbaycan xalqı bu faciədən sonra daha qətiyyətlə müstəqillik tələb etməyə başladı. Nəhayət, 1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.

1990-cı il yanvarın 20-si Azərbaycan xalqının milli iradəsinin simvoluna çevrildi. Bu gün hər il Şəhidlər Xiyabanında azadlıq uğrunda canlarından keçmiş qəhrəmanlar yad edilir

Qanlı Yanvar Azərbaycan tarixinin ən faciəli, lakin ən şərəfli səhifələrindən biridir. Bu gün biz şəhidlərin xatirəsini dərin ehtiramla yad edirik və onların qanı bahasına əldə edilmiş azadlığımızın qədrini bilməliyik. Azərbaycanın müstəqilliyi üçün canını fəda etmiş bütün şəhidlərə minnətdarlıq borcumuz sonsuzdur.

Ömər Bağırlı,
YAP Xətai rayon könüllüsü

Избранный
7
ikisahil.az

1Источники