Son günlərdə Xalq artisti Aygün Kazımovanın trend olan "Can ol" mahnısının sözləri müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, buna səbəb isə mahnıda "yay çıxıbdır oxdan" sözlərinin deyilməsidir.
Bir çox sosial şəbəkə istifadəçisi ifadənin səhv deyildiyi qənaətinə gəliblər.
Müzakirələrlə bağlı Ölkə.Az-a danışan şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu bildirib ki, sözlər qafiyə xətrinə belə deyilib. O hesab edir ki, sözlərin yerinin dəyişdirilməsi mahiyyəti dəyişmir:
"Aygün xanım onu "ox çıxıbdır yaydan" oxusa, qafiyə itər. Həmin mahnının sözlərinin müəllifini tanımıram. Nə edib, nə etməyib bilmirəm, amma Aygün Kazımovaya hər şey olar. Ürəyi nə istəyirsə, eləsin!
Yay oxdan çıxdı, ya da ox yaydan çıxdı. Onsuz da mahiyyət eynidir. Nəticədə bir-birindən aralı düşür. Nə fərqi var ki?"
B.Vəziroğlu ümumiyyətlə, müasir dövrdə mahnı yaradıcılığına da toxunub. Şair mövcud vəziyyəti "biabırçılıq" adlandırıb:
"Yəni mahnı yaradıcılığında söz, musiqi, ifa o dərəcədə bərbad haldadır ki, bir misradan tutub dayanmaq mənasızdır, faydasızdır. Onsuz da bugünkü mahnı yaradıcılığımız biabırçı vəziyyətdədir. Orada Aygün xanım nəyisə tərs oxuyub. Bu məsələni həll eləmir. Bu sahədə vəziyyət çox acınacaqlıdır. Bu işə dərindən əncam çəkilməlidir. Yoxsa bir misranı düzəldək, indi mən Aygünə zəng edib o misranı düzəldərəm. Elə çətin bir iş deyil. Amma bununla düzəlmir. Yüzlərlə ara müğənnilər, ara şairlər, ara bəstəkarları nə cür düzəldək?! Bunun üçün gərək bir dövlər proqramı olsun ki, bu biabırçılıqlar baş verməsin" - o söyləyib.
Qeyd edək ki, sözügedən mahnının sözlərinin müəllifi "Yap10" ləqəbi ilə tanınan musiqiçi Zamiq Əliyev isə məsələ ilə bağlı danışarkən mübaliğə işlətdiyini deyib:
"Mən burada "sanki" sözü ilə başlamışam. "Sanki dərmişəm qızıl alma bağdan, çoxdan yay çıxıbdır oxdan". Yəni reallıqdan söhbət gedə bilməz. Necə ki, qızıl alma yoxdur, onu bağdan dərmək də mümkün deyil. Yay da oxdan çıxmır, ox yaydan çıxır. Elə gözəl fərqindəyəm ki, sizin deməyinizə ehtiyac yoxdur. Bunu başa düşməli idiniz. Həmin sətirdə məcazdan istifadə olunub".