“İsrail-Fələstin münaqişəsi mürəkkəb və uzunmüddətli problemlərdən biridir. Bu münaqişə haqqında yeni, qəti bir fikir söyləmək çətindir, çünki münaqişə tarixi və siyasi baxımdan çox qarışıqdır. 1948-ci ildə İsrail dövləti yarandıqdan sonra Fələstin dövlətinin yaradılmasına imkan verilmədi, baxmayaraq ki, BMT-nin qərarına əsasən, iki dövlətin yaradılması nəzərdə tutulurdu”.
Bu sözləri Yenicag.az-a açqılamasında professor, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlı deyib.
Analitik HƏMAS və İsrail arasında bağlanılan atəşkəsdən sonra bölgədə baş verə biləcək prosesləri şərh edib.
Onun sözlərinə görə, İsrailin yaranması ilə ərəblər bu dövləti tanımayaraq müharibəyə başladılar:
“İsrail-ərəb müharibələrinin nəticəsində İsrail qalib gəldi, bu isə ərəb dünyasının parçalanmasına səbəb oldu. Bugünkü gündə də ərəb ölkələri arasında birliyin olmaması, daxili ziddiyyətlərin dərinləşməsi həmin münaqişənin birbaşa nəticələrindəndir. Misir, İordaniya və digər ərəb ölkələrinin bir qismi İsraili tanımaqla, onunla diplomatik əlaqələr qurmaqla fərqli mövqelər nümayiş etdirirlər. İsraili tanımayan yeganə ərəb dövləti Suriya idi, qeyri-ərəb ölkələrdən isə yalnız İran İsraili tanımır və ona qarşı sərt mövqedə qalır”.
M. Zülfüqarlıya görə, İranın İsraili qeyri-qanuni hesab etməsi və “onu dənizə tökmək” çağırışları regiondakı gərginliyi artırır:
“Bununla yanaşı, Misir və digər ərəb ölkələrinin siyasəti İsrailin regionda mövqeyini gücləndirir. Böhranın dərinləşməsində maraqlı olan xarici güclər də bu məsələdə aktiv rol oynayırlar. Tarixən ABŞ İsraili dəstəkləmiş, SSRİ isə ərəb ölkələrinin yanında durmuşdu. SSRİ-nin dağılmasından sonra onun rolunu Rusiya tam mənası ilə davam etdirmədi, bu da münaqişənin yeni istiqamətlərdə davam etməsinə şərait yaratdı. İsrailin öz ərazilərini genişləndirmək siyasəti BMT-nin tənqidinə səbəb olmalı və böhran aradan qaldırılmalıdır. Bunun həlli üçün isə əsas şərt Fələstin dövlətinin yaradılmasıdır. Bu, həm qaçqın problemini həll edər, həm də regionda sülh və sabitlik üçün zəmin yaradar. Reallıq budur ki, İsrail artıq formalaşmış bir dövlətdir və onun mövcudluğunu qəbul etmək zəruridir. Eyni zamanda, Fələstin xalqının da hüquqları təmin edilməlidir”.
“Türkiyə bu məsələdə həmişə qətiyyətli mövqeyi ilə seçilir və sülh proseslərində aktiv rol oynayır. ABŞ isə İsraillə ərəb ölkələri arasında münasibətlərin tənzimlənməsində əsas təsir gücünə malikdir. Yeni ABŞ administrasiyası, xüsusilə Donald Tramp bu məsələdə daha aktiv iştirak edə və sülhün təmin edilməsinə dəstək verə bilər. Əgər Tramp sülhsevər bir prezident kimi tanınmaq istəyirsə, bu münaqişəni həll etməyə çalışmalıdır. Sonda qeyd etmək lazımdır ki, Fələstin dövlətinin yaradılmaması gələcəkdə yeni münaqişələrə səbəb ola bilər. Bu, beynəlxalq ictimaiyyətin, xüsusilə böyük güclərin, məsuliyyətli və qətiyyətli addımlar atmasını tələb edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov