“Yüksək səslə musiqi dinləmək, xüsusilə qulaqlıqlarla yüksək səsə məruz qalmaq qulaq sağlamlığına çox ciddi zərər verə bilər. Qulaq zarı üzərində təzyiq eşitmə itkisinə səbəb ola bilər”.
Musavat.com xəbər verir ki, bunu qulaq, burun və boğaz xəstəlikləri üzrə mütəxəssis Ferhan Öz bildirib.
Həkimin xəbərdarlıqlarını təqdim edirik:
“Musiqi dinləyərkən yüksək səsdən çəkinin! Qış aylarında yayılmağa başlayan yuxarı tənəffüs yolu infeksiyalarından allergiyaya bağlı burun tıxanıqlığına, qulaq çubuğunun istifadəsindən çoxlu kofein istehlakına qədər bir çox amil qulaq sağlamlığımızı təhdid edir. Xüsusilə gənclərdə qulaqlıqlarla və yüksək səslə musiqi dinləmə vərdişi ciddi təhlükələrə yol açır.
Eşitmə itkisi tədricən, uzun illər ərzində baş verir. Yavaş və ağrısız olduğu üçün fərq edilməyə bilər. Yüksək səslə musiqi dinləmək qulaq zarı üzərində təzyiq tətbiq edərək onun elastikliyini itirməsinə və ya cırılmasına səbəb ola bilər. Həmçinin yüksək səs iç qulağa çataraq oradakı tüklü hüceyrələrə zərər verir və bu da geri dönülməz şəkildə eşitmə itkisinə səbəb ola bilər.
85 desibeldən yuxarı səs səviyyələrinə uzun müddət məruz qalmaq daimi eşitmə itkisinə səbəb olur. Buna görə də xüsusilə musiqi dinləyərkən səs şiddətini artırmamaq, 60 desibeldən yuxarı çıxmamaq lazımdır. Musiqi dinləyərkən tez-tez ara verin. Qulaqlar istirahət etməlidir.
Yüksək səslə musiqi dinləməkdən başqa, xüsusilə səs-küylü iş yerlərində uzun müddət səsə məruz qalmaq da daxili qulağa ciddi ziyan verə bilər. Buna görə də səsin çox yüksək olduğu mühitlərdə mümkün olduğu qədər iç qulağımızı qorumaq məqsədilə qulaq tıxacından istifadə etməyə diqqət yetirməliyik”.
Ferhan Öz qulaq çöpündən istifadə edənlərə də xəbərdarlıq edib:
“Xarici qulaq yolunu qulaq çubuğu, kibrit və ya oxşar yad cisimlərlə qaşımağa və ya təmizləməyə çalışmaq xarici qulaq yoluna zərər verir, nəticədə xarici qulaq yolu infeksiyasına, hətta qulaq zarı cırılmasına səbəb ola bilər.
Bundan əlavə, xüsusilə qış aylarında viral və ya bakterial yuxarı tənəffüs yolu infeksiyaları ilə allergiyaya bağlı burun tıxanıqlıqları şişlik yaradaraq orta qulaq infeksiyasına, müalicədə gecikdirildikdə isə qulaq zarı cırılmasına səbəb ola bilər.
Qulaq ağrısı meydana gəldikdə antibiotik istifadəsinə başlanması xəstəliyin qısa müddətdə nəzarət altına alınmasını təmin edir və komplikasiyaların qarşısını alır. Lakin orta qulaq infeksiyaları müalicə olunmazsa, qulaq zarı cırılması daimi olur. İnfeksiya xronikləşibsə və tibbi müalicələrə baxmayaraq, qulaq zarı özünü bərpa etmirsə, cərrahi müalicə tətbiq etmək lazım ola bilər”.
Musavat.com