Ukrayna lideri Volodimir Zelenski, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampdan Ukraynaya real təhlükəsizlik zəmanətləri və Rusiya başçısı Vladimir Putini müharibəni dayandırmağa məcbur etməsini gözlədiyini bildirib.
Bu barədə dövlət başçısı Varşavaya səfərinin yekunları ilə bağlı Polşa KİV-lərinə verdiyi müsahibədə danışıb.
Prezident Zelenskidən müharibənin bir il bitə biləcəyi barədə soruşulub.
O, yeni seçilmiş ABŞ prezidenti Donald Trampın müharibəni bitirmək istəyini həm ictimaiyyətə, həm də qapalı şəkildə ifadə etdiyini xatırladıb.
“Tramp Rusiyaya təzyiq göstərmək bacarığına malik liderdir. Mən əminəm ki, Rusiya Amerikadan və Çindən qorxur. Həmçinin bir olmuş Avropadan da qorxur”, - deyə Zelenski qeyd edib.
Lakin Zelenskinin fikrincə, hərbi baxımdan Avropa Ukrayna Silahlı Qüvvələri olmadan Rusiyaya qarşı döyüşə bilməz:“Rusiya ordusu Avropa İttifaqının bütün ordularından daha böyükdür. Daha çox silahı, əsgəri və cəsarəti var. Avropalılar müharibəni bilmirlər, nə olduğunu təsəvvür etmirlər. Tanrıya şükür ki, onlar müharibə bilməyən, demokratiya və sülh içində yaşayan xalqlardır. Amma Rusiya bilir və bu sahədə təcrübəyə malikdir. Ukrayna ordusu olmadan Avropa İttifaqı ordularının bu gün şansı yoxdur”.
Prezidentin sözlərinə görə, Putin bunu bilir və yaxın ətrafına bu mövzuda danışır:“Ukrayna sadəcə bir divar deyil – nə işğal olunmaq, nə də sadəcə qorunmaq üçün. Bu, Avropanın işğalı məsələsidir. Əgər bu baş verərsə, proses çox sürətli olacaq və Putin öz tələblərini diqtə edəcək. Bu bir faktdır. Mən bunda tam əminəm. Odur ki, bu il müharibəni dayandıra bilərikmi? Biz əlimizdən gələni etməliyik”.
Zelenski ABŞ-nin Ukraynanın güclü tərəfdaşı olduğunu və Avropa İttifaqının silah istehsalını artıraraq gücləndiyini qeyd edib.
“Avropa İttifaqı daha praqmatik olmalıdır. İki-üç dəfə öz istehsalını artırmalıdır”, - deyə Zelenski bildirib.
O, Avropanın daha çox silah istehsal etməli olduğunu da vurğulayıb:“Avropa bunu bacaracaq. Bu yolla Putinə zərbə vurmaq mümkündür. Bu vacibdir. Tramp bunu edə bilər. Biz Tramp ilə Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri barədə razılaşmalıyıq. O, Putini diplomatiyaya – müharibəni dayandırmağa məcbur etməlidir. Tramp, hesab edirəm ki, bunu bacaracaq”.
“AzPolitika.info”