ABŞ prezidenti 15 yanvar 2025-ci ildə Cənubi Kiprin rum adminstrasiyasını 1961-ci il tarixli Xarici Yardım Qanunu və Xarici Hərbi Satış Qanunu çərçivəsində, bu qanunların müdafiə ilə bağlı maddələri və bu qanunlar əsasında müdafiə xidmətləri almağa uyğun olan bir ölkə olaraq elan etdiyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.
Açıqlamada qeyd edilir ki, ABŞ 1987-ci ildən etibarən Kipr rum kəsimində tətbiq etdiyi silah satış qadağasını 2021-ci ildə tamamilə ləğv etdiyini bəyan edib və həmin qərarı hər il uzadıb.
“Bu qanunlar çərçivəsində Cənubi Kipr rum kəsimi xarici hərbi satış və əlavə müdafiə materialları və qanunla nəzərdə tutulan digər proqramlardan yararlanmağa, beləliklə yeni hərbi sursat və avadanlıq alışı imkanı verən proqrama qoşulmağa uyğun sayılıb.
Prezidentin bu açıqlamanın "dünya sülhünə" töhfə vermək məqsədilə edildiyini bildirməsi isə ən diplomatik ifadə ilə desək, gülünc bir iddiadır.
Cənubi Kipr rum kəsimi son dövrlərdə silahlanma və hərbi fəaliyyətləri zirvəyə çatdıraraq adada "məzlum" tərəf olduğunu və təhlükəsizlik təhdidi altında olduğunu irəli sürməkdədir. Lakin Kıbrıs adasını 1963-1974-cü illər arasında qanlı döyüşlərə çevirən, məhz rum kəsimi olub. Rum kəsiminin Kıbrıs Türk xalqına qarşı həyata keçirdiyi bu zorakılıq, beynəlxalq ictimaiyyət tərəfindən "icmalararası münaqişə" adı altında ört-basdır edilməyə çalışılsa da, yaşanan əzablar Kıbrıs Türk xalqının yaddaşında qalmağa davam edir.
Türk Silahlı Qüvvələrinin 1974-cü ildə həyata keçirdiyi "Barış Hərəkatı" adada qan tökülməsinin qarşısını alıb və bu gün bölgədəki sülh və əmin-amanlığın yeganə təminatıdır. Beləliklə, rum kəsiminin təhlükəsizlik təhdidi mövzusunda irəli sürdüyü iddia inandırıcılığını itirib”, - açıqlamada bildirilir.
XİN vurğulayır ki, ABŞ prezidenti tərəfindən verilən bu qərardan sonra Cənubi Kipr rum adminstrasiyasının silahlanma yarışını bir növ müharibə hazırlığı kimi davam etdirəcəyinə şübhə yoxdur:
“Rum kəsimi xüsusilə son dövrlərdə apardığı ikitərəfli hərbi əməkdaşlıqların adada və bölgədə yaratdığı təhlükəli vəziyyətlə bağlı tərəflərə dəfələrlə verdiyimiz xəbərdarlıqların nəzərə alınmaması son dərəcə təəssüf doğurur.
Rum kəsimin müharibə təbliğatına dəstək verən ölkələri bir daha bu addımlarının nəticələrini hesablayaraq və daha ehtiyatlı davranmağa çağırırıq. Ada və bölgədəki həssas tarazlıqların mənfi şəkildə təsirlənməsi heç kimin maraqlarına xidmət etməyəcək.
Bu narahatedici prosesləri yaxından izləyərək, Kıbrıs Türk xalqının təhlükəsizliyinin təmin edilməsi üçün lazım olan bütün addımları Ana Vətən Türkiyə Cumhuriyyəti ilə birgə atmağa davam edəcəyimizdən heç kimin şübhəsi olmasın”.