Bakı, 16 yanvar, AZƏRTAC
Bakıda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğız gömrük xidmətləri rəhbərlərinin iştirak etdiyi iclasda BMT-nin, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının, Gürcüstan və Macartıstan gömrük xidmətlərinin nümayəndələri də iştirak ediblər.
Tədbirin ilk günündə gömrük adminstrasiyalarının ekspertlərinin görüşü keçirilib, iclasın gündəliyindəki məsələlərlə bağlı müzakirələr aparılıb. İclasın açılış mərasimində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov və Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev və digər iştirakçılar çıxış ediblər.
Şahin Bağırov qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizləri və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycanın tranzit potensiyalını artıraraq Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi inteqrasiyasının dərinləşməsində önəmli rol oynayır.
DGK sədri bildirib ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatında qarşılıqlı fəaliyyətə xüsusi önəm verir: “Azərbaycanın irəli sürdüyü regional və beynəlxalq layihələr TDT ilə əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir”.
Onun sözlərinə görə, gömrük işi sahəsində əlaqələndirilmənin gücləndirilməsi, inteqrasiyanın dərinləşməsi istiqamətində reallaşan layihələrdən biri də Sadələşdirilmiş Nəqliyyat Dəhlizidir: “Sözügedən təşəbbüs regionda ticarətin genişlənməsi iqtisadi əlaqələrin möhkəmlənməsi nöqteyi-nəzərindən strateji əhəmiyyət daşıyır. Müasir dövrdə qlobal ticarət axınlarının səmərəli təşkili üçün gömrük xidmətləri arasında koordinasiyanın sürətlənməsində rəqəmsallaşma mühüm prioritlərdən biridir”.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev bildirib ki, Türk dünyası elektron yük daşımaları baxımından öndər coğrafiyadır və təşəbbüsün daha da inkişaf etdirilməsinə maraq var. Bu dəstək təşkilatla yanaşı Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə keçiriləcək. Baş katib qeyd edib ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir.
“Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. “Türk Dünyasına Baxış 2040” strateji sənədimizə uyğun olaraq, TDT üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik”, - deyə o vurğulayıb.
Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Gömrük Komitəsinin sədri Akmalxuca Mavlonov bildirib ki, Özbəkistan Azərbaycanın təşəbbüsü olan Transxəzər Gömrük Tranzit Portalının həyata keçirilməsinə fəal dəstək verir. Onun sözlərinə görə, ölkəsi tranzit portalından istifadənin hüquqi əsasının imzalanmasını sürətləndirməyi təklif edir.
“Sərhəddə yığımların vahid hesablama mexanizminin yaradılması, qeyri-tarif tədbirləri haqqında məlumatlandırma və portalda zəmanətdən istifadə məsələsini öyrənmək lazımdır. Özbəkistan “Sadələşdirilmiş Gömrük Dəhlizi”nə dair sazişin gələcəkdə tətbiqi məqsədilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ərazilərində bir neçə istiqamət üzrə pilot daşımaların başlanılmasını, bu zaman mövcud ikitərəfli informasiya mübadiləsi kanallarından istifadə edilməsini təklif edir”, - deyə Akmalxuca Mavlonov vurğulayıb.
Türkiyə ticarət nazirinin müavini və Gömrük Administrasiyasının rəhbəri Sezai Uçarmak bildirib ki, şərqdə istehsal edilib, qərbə daşınan malların 4 faizi Türkdilli dövlətlərin ərazisindən keçir. 96 faizi isə dəniz və hava yolları ilə daşınır. Bu da Türkdilli dövlətlərin yüksək potensialını göstərir. Onun sözlərinə görə, məhsulların əsas hissəsi dünyanın şərqində istehsal edilir, qərbində isə istehlak edilir.
Daha sonra digər Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin məruzələri dinlənilib.
Sonra gündəlikdəki məsələlər - 9-cu iclasda qəbul edilən qərarlarının icrası, Sadələşdirilmiş Gömrük Dəhlizinin Yaradılması, “Transxəzər Gömrük Tranzit Portalı”, Elektron möhür və müasir izləmə texnologiyaları, Səlahiyyətli İqtisadi Operator mövzularında müzakirələr aparılıb.
İclasın sonunda Türk Dövlətləri Təşkilatının Gömrük Xidməti Rəhbərlərinin 10-cu iclasının Protokolu, 11 noyabr 2022-ci il tarixində Səmərqənd şəhərində imzalanmış Türk Dövlətləri Təşkilatının Hökumətləri arasında Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması haqqında Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv Dövlətlərin Gömrük Administrasiyaları arasında Məlumat Mübadiləsinin Texniki Şərtləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində BYD Konvensiyasına (1975, Cenevrə) uyğun olaraq e-BYD prosedurunun tətbiqi üzrə Fəaliyyət Planı sənədləri imzalanıb.