Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Yevlax rayonu, Yevlax, Xaldan və Aşağı Bucaq bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşləri keçirilib.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev xalqımızın Prezident İlham Əliyevin siyasətini birmənalı olaraq dəstəklədiyini bildirib: “Azərbaycan cəmiyyəti bütün sahələrdə qazanılan uğurları yüksək qiymətləndirir, qarşıda duran məqsədlərin müvəffəqiyyətlə reallaşdırılacağına inanır”.
Ölkəmizdə həyata keçirilən islahatların önəmini vurğulayan R.Əliyev yerli məsələlərin effektiv həlli baxımından bələdiyyələrin fəaliyyətinin əhəmiyyətinə diqqəti cəlb edərək YAP-ın bu istiqamətdə başlıca hədəflərindən bəhs edib.
Seçki qərargahının üzvləri Tofiq Həsənov, Vahid Quliyev, bələdiyyə üzvlüyünə namizədlər Aytac Əzizova, Nərgiz Əhmədova, Fatma Qasımova, Səxavət Kərimov, İsmayıl Hüseynli, Nicat Haqverdiyev və İlkin Məmmədov partiyanın seçki proqramı haqqında ətraflı məlumat verib, seçicilərin YAP tərəfindən irəli sürülən namizədlərə etimad göstərəcəklərinə inamlarını ifadə ediblər.