RU

Şəklinizi oğurlayıb saxta hesab açıblarsa... - Hüquqşünasdan MƏSLƏHƏT

Sosial mediadan düzgün istifadə edən insanlar olduğu kimi, burada cinayət xarakterli əməllərə yol verənlər də az deyil. Məsələn, bəzən hansısa istifadəçi icazəsiz olaraq başqasının şəkillərindən müəyyən məqsədlərlə istifadə edir.

Bəs bu kimi hallar yaşandığı zaman vətəndaşlar nə etməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Babək Umudov bildirdi ki, müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, sosial şəbəkələrdən istifadə həcminin artımı ilə yanaşı sosial şəbəkələrdən insanları aldatmaqla, onların etibarından sui-istifadə etməklə pul vəsaitlərini və ya şəxsi məlumatlarını ələ keçirmək cəhdləri də çoxalır.

Onun sözlərinə görə, təəssüf ki, bu yollardan biri də başqa şəxslərə məxsus fotoşəkillərdən istifadə etməklə saxta hesablar, profillər yaratmaqdır:

"İlk baxışda bu əməl məsum görünə bilər, lakin bu cür saxta hesablarla insanların aldadılması və ziyan vurulması hallarının çoxalması hər kəs üçün bu cür hesablara qarşı ehtiyat tədbirlərinin görülməsini labüd edir.

Əvvəla, başqa şəxsin fotoşəkillərindən istifadə etmək, yaymaq qabaqcadan şəkillərin aid olduğu şəxsdən icazə alınmaqla olmalıdır. İcazəsiz şəkildə başqa şəxslərin fotoşəkillərinin, videolarının saxlanılması, toplanılması, istifadəsi və ya yayılması qanunla qadağandır və birbaşa şəxsi toxunulmazlıq hüququnun pozuntusudur. Bu hüquq ilk olaraq Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində təsbit olunmuşdur. Belə ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz”.

Hüquqşünas qeyd etdi ki, eyni zamanda bu hüquqların pozulmasına görə cinayət qanunvericiliyində birbaşa norma nəzərdə tutulub.

"Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156.2-ci maddəyə görə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yuxarıda göstərilən normalarda məlumatları qanunsuz şəkildə istifadə olunan, yayılan şəxslərə hər hansı zərər vurulmasa da, bu əməlləri törətmiş şəxs göstərilən formalarda məsuliyyətə cəlb oluna bilər.

Digər tərəfdən nəzərə alsaq ki, başqalarının fotoşəkillərindən sosial media platformalarında istifadə əsasən qeyri-qanuni qazanc əldə etmək, yaxud ayrı-ayrı şəxslərə ziyan vurmaq məqsədilə qəsdən edildiyi üçün bu cür əməlləri eyni zamanda dələduzluq cinayəti (yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə), yaxud xırda talama inzibati xətası (yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama ) ilə birlikdə tövsif etmək olar.

Qeyd edim ki, barəsində danışdığımız məsələlər 1953-cü il 3 sentyabr tarixli "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapıb. Belə ki, Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda konvensiyanın 13-cü maddəsində hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub”

Bəs sosial şəbəkələrdə fotoşəkillərindən icazəsiz istifadə olunan şəxslər bu hallarla qarşılaşdıqda nə edə bilərlər?

Babək Umudov bununla bağlı qeyd etdi ki, Cinayət Məcəlləsinin 156, 178.1-ci maddələrində nəzərdə tutulan əməllərə görə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir.

"Bu o deməkdir ki, bu cinayətlərə görə cinayət təqibi həm şəxsin şikayəti əsasında, həm də cinayət təqibinə prosessual rəhbərliyi həyata keçirən prokurorun təşəbbüsü ilə başlanıla bilər. Bu normalardan da aydın olur ki, şəxsin fotoşəkilləri qanunsuz olaraq digər şəxs və ya şəxslər tərəfindən toplanılırsa, istifadə edilirsə və ya yayılırsa, həmin şəxs bu barədə hüquq-mühafizə orqanlarına (polis, prokurorluq) müraciət edə bilər.

Bununla yanaşı, bu cür qanunsuz əməllərə məruz qalmış şəxslərə tövsiyə edirəm ki, hüquq-mühafizə orqanlarına şikayətlə kifayətlənməsinlər, istifadə etdikləri sosial şəbəkənin operatoruna da vaxt itirmədən müraciət edib, saxta hesabı şikayət etsinlər. Belə ki, hüquq-mühafizə orqanlarında şikayətə baxılması, cavablandırılması və adekvat tədbirlərin görülməsi sosial şəbəkə operatorunun reaksiyası ilə müqaviləsədə xeyli gec ola bilir", - deyə hüquqşünas bildirdi.

Bənövşə HƏSƏN

Избранный
4
redaktor.az

1Источники