Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün Ukrayna təhlükəsizlik zəmanəti almalıdır. Bu, gələcəkdə Moskvanın təkrar təcavüzünün qarşısını almağa kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Polşa mətbuatına müsahibəsində deyib.
“Ukrayna Rusiya ilə heç bir pərdəarxası danışıqlar aparmır. Bu, bizim maraqlarımıza uyğun deyil. Çünki bizim üçün tərəfdaşlarımızın etibarını itirmək böyük riskdir. Tərəfdaşlar arasında müttəfiqliyi qoruyub saxlamaq mənim üçün vacibdir”, -deyə dövlət başçısı qeyd edib.
Onun fikrincə, müharibəni diplomatik vasitələrlə bitirmək olar, çünki bu, “daha az itki və daha az vaxt” deməkdir.
“Əsas odur ki, bu “cəhənnəm hekayəsi”ni dayandıra biləsən. Bunun üçün istək lazımdır. Bir tərəfdaş, məsələn, Rusiya istəməsə belə, ortaqlar birləşib işğalçıları dialoqa vadar edəndə haqqında danışdığımız formuldan - güc yolu ilə sülhdən istifadə etmək olar. Söhbət dialoqdan gedir. Bu, hələ bu gün baş vermir”, deyə Ukrayna Prezidenti vurğulayıb.
V. Zelenski qeyd edib ki, Ukrayna diplomatiyaya keçməzdən əvvəl təhlükəsizlik zəmanətinə ehtiyac duyur.
Prezident qeyd edib: “Siz sadəcə atəşkəs haqqında danışa və ruslara 2014-2022-ci illərdə olduğu kimi işğala hazırlaşmaq üçün vaxt verə bilərsiniz. Ona görə də Ukrayna üçün hansı təhlükəsizlik təminatlarının olacağı, NATO-nun mövqeyi, silahlarımız, dəstəyimizlə bağlı məsələlər və sairə vacibdir. Çox sadə sualım var: məsələn, tutalım ki, biz hələ NATO-da deyilik və diplomatiya başlayıb, Ukraynada olan milyonluq ordunu (indi tərəfdaşlar kömək edir) saxlamaq üçün pulu sonra haradan tapacağıq? Bu bir həqiqətdir ki, əgər siz NATO-nun üzvü deyilsiniz və dəstəyiniz, hava hücumundan müdafiəniz, ümumi donanmanız yoxdursa, yalnız özünüzə güvənməli olacaqsınız”.
V. Zelenski vurğulayıb ki, Ukraynanın bu il genişmiqyaslı müharibəyə son qoymaq imkanı var. ABŞ-ın 47-ci Prezidenti Donald Tramp da münaqişənin bitməsini istəyir.
“Bəli, 2025-ci ildə müharibənin bitməsi ehtimalı var. Tramp müharibəni bitirmək istəyir. Bunlar onun mesajlarıdır, açıq və özəldir. O, Rusiyaya təzyiq göstərməyə qadirdir. Əminəm ki, Rusiya Amerika və Çindən qorxur. Həm də o, vahid Avropadan qorxur”, -deyə Ukraynanın dövlət başçısı bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev