İranla Azərbaycan arasında gərginlik zaman-zaman səngisə də, son dövrlər yenidən artıb. Bir müdddət əvvəl Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı İran Prezidenti Məsud Pezeşkianla təmasların olmadığını deyib. Ekspertlər iddia edir ki, Pezeşkian türk (azərbaycanlı) olduğu üçün onun Bakı ilə birbaşa təmas qurması İrandakı hakim dairələr tərəfindən əngəllənir.
Tehran Azərbaycan türkü olduğu deyilən M.Pezeşkianın Bakıya gəlməsini istəmir? Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasındakı gərginliyi azalda bilərmi?
Bu barədə danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İran prezidentinin Azərbaycana səfər etməməsinin bir neçə geosiyasi, diplomatik və daxili səbəbləri mövcuddur:
“Bunları aşağıdakı başlıqlar altında təhlil etmək olar:
Birinci faktor kimi, Azərbaycan və İran arasında münasibətlər Cənubi Qafqazdakı geosiyasi rəqabətlə bağlı bir sıra problemlərlə müşayiət olunur.
Azərbaycan və Türkiyə arasında son illərdə artan hərbi və siyasi əməkdaşlıq İranı narahat edir. Xüsusilə Zəngəzur dəhlizi layihəsi İranın Ermənistan vasitəsilə Avrasiya ilə quru əlaqəsinə təsir edə biləcək bir amil kimi qiymətləndirilir. Digər tərəfdən, İranın Ermənistanla strateji əməkdaşlığı Azərbaycan-İran əlaqələrinə mənfi təsir göstərir. Tehran Bakı ilə münasibətlərin pisləşməsi fonunda Ermənistanla iqtisadi və təhlükəsizlik sahələrində yaxınlaşır. Ümumiyyətlə, İran Ermənistanı Cənubi Qafqazda özünün strateji müttəfiqi qismində görür və hər fürsətdə bunu göstərir.
İkinci faktor təbii ki, İranın daxili və xarici siyasətindəki uyğunsuzluqlarla bağlıdır. Daxili siyasətindəki problemlər onun xarici siyasət qərarlarını da məhdudlaşdırır.
İranın mühafizəkar qanadı ölkənin daxili siyasətində və xarici əlaqələrində mühüm təsir gücünə malikdir. Bu qanad İran prezidentinin və onun hökumətinin xarici siyasət qərarlarına, o cümlədən Azərbaycanla bağlı münasibətlərinə ciddi təsir göstərir. Pezeşkianın Azərbaycana səfərinin reallaşmaması da məhz bu təzyiqlər və mühafizəkar dairələrin strategiyaları ilə izah oluna bilər. İranın mühafizəkar qanadı Pezeşkianın Azərbaycana səfər etməsinə müxtəlif yollarla maneə olur. Onların fikrincə, belə bir səfər İranın regional maraqlarına və milli təhlükəsizlik strategiyasına uyğun deyil. Bu səbəbdən İranın xarici siyasətindəki mühafizəkar təsir iki ölkə arasındakı münasibətlərin inkişafını əngəlləyən əsas amillərdən biri kimi önə çıxır. Halbuki belə bir səfərin olması münasibətlərə müsbət təsirini göstərmiş olardı. Xatırlayırsınızsa, İranda keçirilən son prezident seçkilərindən sonra da belə bir gözlənti var idi. Lakin bu, yuxarıda sadaladığımız faktorların təsiri ilə reallaşmadı”.Globalinfo.az