Sakinlərin öz hesablarına çəkdikləri kanalizasiya xətti tez-tez partlayır, tullantı suları isə sürüşmə zonasında yerləşən təhlükəli əraziyə axır.
Xezerxeber.az xəbər verir ki, bura paytaxtın Səbail rayonu Bibiheybət qəsəbəsi Namiq Quliyev küçəsi 44 ünvanıdır.
Sakinlərin sözlərinə görə, ərazi sürüşmə zonasında yerləşdiyindən problemi öz hesablarına həll etməyə çalışıblar.
Ancaq nəticəsi olmayıb.
Vətəndaşların çəkdikləri kanalizasiya xəttinin ümumi şəbəkəyə qoşulmaması isə vəziyyəti daha da ağırlaşdırır.
Tullantı suları həmçinin sürüşmə zonasının aşağı hissəsində yerləşən evlərə dolur.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, mərkəzləşdirilmiş təchizat sistemi mövcud olan yaşayış məntəqələrində vətəndaşlar tullantı su şəbəkəsinə qoşulmaq üçün texniki şərt almalıdırlar. Lakin qeyd olunan ünvandakı yaşayış evləri qeyri-qanuni tikililərdir. Şəhərsalma və tikinti məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.