ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivuda xüsusi elçi təyin etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Tramp “Truth Social” şəbəkəsindəki hesabında yazıb.
“Qürur hissi ilə elan edirəm ki, Con Voyt, Mel Gibson və Silvester Stallone mənim böyük, lakin çox problemli yerə - Hollivudda xüsusi elçilərim olacaqlar. Onlar mənim xüsusi elçilərim olaraq, son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar”, - o qeyd edib.
Trampın sözlərinə görə, adı çəkilən aktyorlar film və serialların istehsalının mərkəzində onun “gözü və qulağı” olacaqlar. ABŞ-nin yeni seçilmiş prezidenti həmçinin onun dövründə “Hollivudun qızıl dövrü”nün geri qayıdacağına əmin olduğunu bildirib.