RU

Bir terabayt idarə adı

Rəqəmsal inkişafda artıq biz Sinqapur, Tayvan, Yaponiyaya çatmışıq, bəlkə də ötüb keçmişik. Özümüz çox reklam etmirik, göz dəyər deyə. Qabaqlar bu məqsədlə Mingəçevirdə dağdağan ağacından korpusu olan, yaddaşı 1 nal və operativ yaddaşı 16 meqacaduya bərabər “Kür” bilgisayarları istehsal edilirdi, nəsə dayandı. Görünür, pis nəzər dəymişdi. 

Bizim kompüter, süni intellekt texnologiyalarında öncüllüyümüzü elə bu “rəqəmsal” sözü də isbat edir. Bildiyiniz kimi, xaricdə onun əvəzinə “digital” sözü işlədilir. Ana dilimizi qoruduğumuz üçün biz rəqəmsal sözünü ixtira etmişik. Bu, sırf prosesi izah edən, poetik dildə yazsam, mənzərəni gözlər önünə sərən söz yaradıcılığıdır. Diqqət edin, rəqəmsal - yəni rəqəmi sal. Rəqəmi yaddaşa, sxemə, prosessora, canım sənə desin, çəlləyə sal. Çəllək əhvalatı şəxsən başıma gəlib, az sonra yazaram. 

Sözgəlişi, bizdə belə söz yaradıcılığında uğurlu örnəklər çoxdur. Örnək üçün, bir ara plavki sözünün əvəzinə geyçim, paltar şpilkası əvəzinə ipəzor, dubinka yerinə başınaqoy kimi gözəl sözlər, neologizmlər təklif olundu. Hazırda da uğurla işlədilir. Buna görə dilçilik alimlərimizdən bir qrupuna sinətax (bu, yabançı orden-medal sözlərinin əvəzinə təklif olunub) verildi. 

İndi o çəllək mövzusunu izah edim. 90-ların əvvəlində Narxozda oxuyurdum, bir gün informatikadan imtahan verməli oldum. Biletə cavab verdim, lakin müəllim rüşvət verənlər siyahısında adımı tapa bilməyəndə məni ilişdirmək qərarına gəldi. (Yəqin gələcəkdə xalqa xidmət edən jurnalist olacağımı bilmirdi, yoxsa həyat yollarımda ardımca su atardı). Sual verdi ki, informasiyanı harada saxlayırlar. Mən də perfolent, perfokartdan başladım, informasiya kitabxanalarına qədər davam elədim. Çünki mən saydıqca müəllim dayanmır, eləcə “daha harada saxlayırlar” soruşur. Mən sayıram, bu soruşur, axırda dözmədim, “çəlləkdə” cavabı verdim. Müəllimi gülmək tutdu, artıq söhbəti hər ikimiz anlamışdıq. Belə anlaşma şəraiti həyatda nadir hallarda da olsa, rast gəlinir, biləsiniz. Elə gülərək də dedi: “Zaçotkanı ver bura, sənə duza qoyulmuş "üç" yazacam". Maraqlı insan idi. Bir dəfə də tələbələrdən pul yığıb, imtahana girəndə ürəyi tutmuşdu, aparmışdılar xəstəxanaya. Dekanlıq imtahana təzə müəllim göndərmişdi, bu isə rüşvət verənlərin siyahısından xəbərsiz idi, hamını kəsmək istəyirdi. Axırda əlac kəsildi, xəstəxanaya nümayəndə göndərildi, müəllimin reanimasiyada cibindən siyahını çıxarıb gətirdilər. Peyğəmbərimiz yaxşı demişdir: “Elm Çində də olsa, ardıyca get”. Hərçənd indi Çində müsəlman uyğur qardaşlarımızı çox incidirlər. Eybi yoxdur, onların ahı bir gün Si müəllimi tutacaqdır. 

Yeri gəlmişkən, Ağadadaşla “Medera”nın qarovulçusunun barışması artıq dünyaya müsbət təsir göstərir. Fikir verdinizsə, dərhal İsraillə HƏMAS arasında atəşkəs sazişi imzalandı, əsir və girovların dəyişdirilməsi qərarı alındı. 

Qayıdaq söhbətimizin əvvəlinə. Dünən mən gördüm ki, bizdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri dəyişdirilib. Adı idarə ilə səsləşən İnarə xanımı Fərid müəllim əvəz edib.

Doğrusu, səmimi etiraf edirəm, mən bizdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olduğunu bilirdim, lakin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyimizin də olmasından xəbərsiz idim. Bəs bunlar eyni, paralel qurumlar deyilmi? Bir-birini təkrarlamırmı? Dövlətçiliyin səmərəsini azaltmırmı? Nazirlik varsa, agentlik niyə var? Əksinə, agentlik varsa, nazirlik nə üçündür?

Lakin bunlar savadsız suallar imiş. Qısa jurnalist araşdırmasından sonra mənə agah oldu ki, sən demə, bizim rəqəmsal agentlik elə rəqəmsal nazirliyin tərkibindədir! Adı da bu cür yazılır: “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi”. 

Çox gözəldir. Süni intellekt epoxasına bu yolla daxil oluruq. O məşhur yanğınsöndürənin təqdimat videosuna çatmasa da, bu da yaxşıdır, dilə yatımlıdır.

Sonda bir sual verirəm: bizim dövlət qurumlarının adlarını yaddaş kartına daxil etmək üçün neçə petabayt yer lazımdır? Ya terabayt bəs edir?    

Избранный
7
musavat.com

1Источники