8 bəndlik razılaşmaya 3 ölkə təminatçıdır...
Qəzza zolağında atəşkəs razılaşması əldə olunub. Beləliklə, İsraillə HƏMAS arasında Qəzzada 15 aydır davam edən münaqişə sona çatdı. Qeyd edək ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması bir neçə mərhələdən ibarətdir və tərəflər arasında davamlı sakitliyə nail olmaq, girovların və əsirlərin mübadiləsini həyata keçirmək, həmçinin humanitar vəziyyəti yaxşılaşdırmaq məqsədi daşıyır. 8 bənddən ibarət razılaşmaya görə, tərəflər 27 may 2024-cü il tarixli müqaviləyə əsasən girovların və əsirlərin mübadiləsini həyata keçirəcək və daimi atəşkəs üçün yekun konsensusa nail olacaq. Bu müddətdə birinci mərhələdə qəbul edilən prosedurlar davam etdiriləcək. Eyni zamanda, İsrail qoşunları Qəzza zolağının sıx məskunlaşmış ərazilərindən çıxarılacaq. Əsas qüvvələr müəyyən ərazilərdən 700 metr məsafədə yerləşdiriləcək və yalnız 5 xüsusi məntəqədə əlavə mövcudluq saxlanılacaq. 3 bəndə əsasən müxtəlif qruplardan olan girovların və əsirlərin qarşılıqlı mübadiləsi həyata keçiriləcək. Xüsusi siyahılarda adı olan xəstə və yaşlı fələstinli məhbuslar azad ediləcək. Paralel olaraq İsrail qüvvələri birinci mərhələnin sonunda “Filadelfiya dəhlizi”ndən tədricən geri çəkiləcək. Geriçəkilmə prosesi son girovun azad edilməsindən 42 gün sonra başlanacaq və 50-ci gündən gec olmayaraq başa çatdırılacaq. Rəfah sərhəd-keçid məntəqəsi isə mülki şəxslər və yaralılar üçün açılacaq. İsrail bu prosesin vaxtında baş tutmasını təmin etməyə çalışacaq. Hər gün müəyyən sayda yaralı sərhədi keçə biləcək. Silahsız məcburi köçkünlərin geri qaytarılması üçün müəyyən dəhlizlər açılacaq və yoxlamasız hərəkətə icazə veriləcək. 7-ci və 22-ci günlərdə qayıdış üçün xüsusi yollar təmin ediləcək. Nəhayət, humanitar yardımlar razılaşdırılmış protokol əsasında həyata keçiriləcək və vasitəçilərin nəzarəti altında olacaq.
411 gündən sonra...
Qeyd edək ki, atəşkəs sazişi üç mərhələdə irəliləmək üçün nəzərdə tutulub. Birinci mərhələnin bazar günü-yanvarın 19-da başlayacağı və altı həftə davam edəcəyi gözlənilir. Bu mərhələdə atəşkəs əldə olunacaq, İsrail qoşunları geri çəkiləcək, girovlar və əsirlər dəyişdiriləcək, Qəzzaya humanitar yardımlar gələcək. CNN xəbər verir ki, Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani çərşənbə günü keçirdiyi brifinqdə deyib ki, ikinci və üçüncü mərhələlər hələlik az işlənib və təfərrüatlar birinci mərhələdə müəyyən ediləcək. Vasitəçilərin sazişin şərtləri üzərində 411 gün işlədiyi bildirilib: “Biz bu sövdələşmənin razılaşdırıldığı kimi həyata keçirilməsini təmin etmək üçün tərəfdaşlarımızla birlikdə mümkün olan hər şeyi etməyə davam edəcəyik”.
Əsir və girovlar azad edilir...
Təl-Əviv rəsmiləri bildirirlər ki, birinci mərhələdə İsrail ordusu ərazilərdən çəkilməyə başlayacaq, lakin Qəzza ilə Misir arasındakı “Filadelfiya dəhlizi” kimi tanınan sərhəddə qalacaq. İsrail həmçinin sərhədi boyunca Qəzza daxilində bufer zonasını saxlayacaq. Qeyd edək ki, HƏMAS və müttəfiqləri 2023-cü il oktyabrın 7-də İsraildən təxliyə edilən 94 nəfəri girov saxlayır. İsrail hökumətinin məlumatına görə, onlardan ən azı 34-ü ölüb, lakin bu say dəqiq deyil. Girovların 81-i kişi, 13-ü qadındır. Girovların 84-ü İsraildən, 8-i Tailanddan, biri Nepaldan, biri isə Tanzaniyadandır.
İkinci və üçüncü mərhələlər üzrə danışıqlar sazişin icrasının 16-cı günündə başlayacaq. ABŞ-ın fəaliyyətdə olan prezidenti Co Bayden bildirib ki, ikinci və üçüncü mərhələlərdə daha çox girovların azad edilməsi və Qəzzanın yenidən qurulmasına başlanılması daxildir.
İsrail hakimiyyət orqanlarının məlumatına görə, saziş 2023-cü il oktyabrın 7-də HƏMAS üzvlərinin İsrailə hücumu nəticəsində 1194-dən çox insanın ölümü və 250 nəfərin girov götürülməsi ilə müşayiət edilən müharibədə ikinci atəşkəsdir. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, isə hərbi hücumlar nəticəsində Qəzzada ən azı 46 min 645 fələstinli ölüb, 110 mindən çoxu yaralanıb. Qətərin baş naziri Əl Tani CNN-in sualına cavab olaraq bildirib ki, ABŞ, Misir və Qətər atəşkəsin pozulmaması üçün mexanizm yaradıblar: “Sazişin icrasına nəzarət üzrə qərargah Qahirədə yerləşəcək və bu, üç ölkənin birgə komandası olacaq”.
Trampın xüsusi rolu...
Bayden administrasiyasının yüksək rütbəli rəsmisi bildirib ki, İsrail və HƏMAS arasında razılaşma ABŞ-ın yeni liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff da daxil olmaqla, yeni seçilmiş prezident Donald Trampın komandası ilə konstruktiv tərəfdaşlıq sayəsində əldə edilib. “New York Post” qəzeti ilə yazır ki, Bayden atəşkəsin əldə olunmasında Trampın rolunu etiraf etməkdən çəkinir. Eyni zamanda, İsrailin ?aş naziri Benyamin Netanyahu Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunmasına kömək etdikləri üçün həm Trampa, həm də Baydenə təşəkkür edib.
Dünya atəşkəsi alqışlayır...
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Naziriliyi (XİN) İsrail və HƏMAS arasında əldə olunan atəşkəslə bağlı bəyanat yayıb. XİN-in bəyanatında deyilir ki, Azərbaycan Qəzzada atəşkəs və girov razılaşması barədə elanı alqışlayır. Bütün tərəflərin razılaşmaya hörmət edəcəyinə və əzablara son qoyulacağına ümid edirik: “Azərbaycan, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir və beynəlxalq ictimaiyyətlə bu məqsəd üçün işləməyə davam edəcək”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzadakı atəşkəslə bağlı açıqlamasında bildirib ki, HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarının razılaşma ilə yekunlaşmasını alqışlayır: “Ümid edirik ki, razılaşma fələstinli qardaşlarımız, bölgəmiz və bütün bəşəriyyət üçün faydalı olacaq və davamlı sülh və sabitliyin qapısını açacaq”.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş atəşkəs razılaşmasını alqışladığını bəyan edib: “İndi diqqət müharibənin yaralarının sağalmasına yönəldilməlidir”.
Avropa Komissiyasının rəhbəri Ursula ?on der Leyen də X hesabında İsrail və Həmas arasındakı atəşkəs razılaşmasından məmnunluğunu ifadə edərək, bunun məhbusların ailələrinə çatmasına və humanitar yardımların Qəzzada mülki şəxslərə çatmasına imkan yaradacağını bildirib.
Almaniya kansleri Olaf Şolz da X sosial media platformasında verdiyi açıqlamada Qəzzada atəşkəslə bağlı razılaşmanın və aralarında almanların da olduğu girovların azad edilməsinin müsbət hal olduğunu bildirib: “Bu razılaşma artıq ardıcıl şəkildə həyata keçirilməlidir. Bütün girovlar azad edilməlidir”.
Britaniyanın baş naziri Kir Starmer açıqlamasında bildirib ki, “bu atəşkəs Qəzzada evləri bir gecədə müharibə zonasına çevrilən günahsız fələstinlilər və həyatını itirən çoxlu insanların iztirablarına son qoymalı, təcili olaraq ehtiyac duyulan humanitar yardımın kütləvi şəkildə artırılmasına imkan verməlidir”.
İtaliya Baş Nazirliyi isə yazılı bəyanatında rəsmi Romanın Qəzzada atəşkəs və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmanı alqışladığını bildirib: “Misir, Qətər və ABŞ-ı uzun danışıqlar prosesindən sonra əldə edilən bu uğura görə təbrik edirik”.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, bu razılaşma 15 aylıq haqsız əzabdan sonra Qəzza xalqı üçün böyük bir rahatlıq, məhbuslara və onların ailələrinə ümiddir: “Bu gecə fikirlərim Ofer və Ohad (Fransız məhbuslar) ilədir. Müqaviləyə əməl edilməlidir. Məhkumlar azad edilməlidir”.
P.İSMAYILOV