RU

Ermənistan Xİ-in uğursuz siyasi gedişi

Ermənistan xarici işlər nazirliyi yanvarın 15-də həqiqətə qətiyyən uyğun gəlməyən, əsassız, faktların təhrif edildiyi və məkrli məqsədlərin güdüldüyü açıq-aşkar hiss olunan bəyanat yayıb. Bəyanatda bildirilir ki, bugünlərdə “talanların, etnik təmizləmənin və ermənilərin Bakıdan kütləvi surətdə köçürülməsinin” 35 illiyi tamam olur. Guya, azərbaycanlılardan ibarət mütəşəkkil dəstələr bir həftə ərzində tam cəzasız qalaraq, Azərbaycan hakimiyyətinin razılığı və dəstəyi, habelə sovet hakimiyyətinin hərəkətsizliyi ilə ermənilərə qarşı “ağır cinayətlər” törədiblər.
İddia edilib ki, bir vaxtlar Bakıda mövcud olmuş 250 min nəfərlik erməni icmasının qalıqlarını 1990-cı ilin yanvarında zorla köçürmək məqsədi daşıyan “talanlar”dan əvvəl Azərbaycanın Sumqayıt və Gəncə şəhərlərində daha genişmiqyaslı “talanlar” baş verib. Guya, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda törədilən “talanlar” nəticəsində 400 minə yaxın erməni ölkədən qovulub. Bundan başqa, Azərbaycan şəhərlərində ermənilərin mövcudluğunun “minillik izlərinin qəsdən silindiyi” (?), onların “zəngin tarixi və irsinin saxtalaşdırıldığı” (?) iddia olunub.
Bəyanatda erməni icmasının XIX əsrin ortalarından başlayaraq Bakının sənaye şəhəri kimi qurulmasında və inkişafında “mühüm rol oynamasına”, erməni ailələrinin və ayrı-ayrı şəxslərin iri sənaye müəssisələri, mədəni-maarif ocaqları qurmalarına (?), həmin müəssisələrə sahiblik və idarə etmələrinə baxmayaraq, onların böyük əksəriyyətinin öz yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qaldıqları bildirilib. Guya, nəticədə Bakı erməniləri milyardlarla dəyərində əmlak və sərvət qoyub gediblər, sonradan bunun müqabilində hər hansı kompensasiya almaq imkanını itiriblər. Kağız parçasının sonunda Ermənistan tərəfi yenə özünü “sülh göyərçini” kimi göstərməyə cəhd edib. Bildirilib ki, rəsmi İrəvan Cənubi Qafqazda yalnız sabit sülhün gələcəkdə “bəşəriyyətə qarşı bu cür cinayətlərin” təkrarlanmasının qarşısını ala biləcəyinə dərindən inanır.
Ermənistan xarici siyasət idarəsinin 1990-cı ilin yanvarın 13-20-də baş vermiş hadisələrlə bağlı bu bəyanatını tipik erməni yalanlarının zirvəsi saymaq olar. 1990-cı ilin yanvarında indiki Ermənistan ərazisindən – minillərlə yaşadıqları Qərbi Azərbaycandan 300 min azərbaycanlı iki il idi ki, zor gücünə qovulmuşdular. Onlara qarşı böyük zorakılıqlar edilmişdi. Soydaşlarımız özləri ilə yalnız yüngül əşyalarını götürə bilmişdilər. Onlar qışın oğlan çağında dağları, çətin aşırımları keçərək, Azərbaycana pənah gətirməyə məcbur olmuşdular. Bəyanatda əksini tapan “talanlar, etnik təmizləmə və kütləvi köçürülmə” kimi ifadələr də, əslində, azərbaycanlılara münasibətdə işlədilməli olan istilahlardır.
Azərbaycanda isə ermənilər hələ də öz gündəlik qayğıları ilə yaşamaqda idilər. Xüsusi vurğulamaq lazımdır ki, 1990-cı il yanvarın 13-20-də baş verən hadisələr azərbaycanlılardan ibarət mütəşəkkil dəstələr tərəfindən və Azərbaycan hakimiyyətinin razılığı ilə törədilməyib. Məlum hadisələr 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi üçün zəmin yaratmaq məqsədilə təxribatçılar tərəfindən həyata keçirilib. Həmin gün Azərbaycan hakimiyyətini və azərbaycanlıları “erməni talanları”nda ittiham edərək, əvvəlcədən planlaşdırılmış ssenariyə uyğun olaraq, təxribatçılar tərəfindən rus–erməni qoşunları Bakıya gətirilib və silahsız əhaliyə qarşı qanlı terror aktı törədilib.
Məlumdur ki, sovet qoşunlarının Azərbaycana qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Beləliklə, 1990-cı il 20 Yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı ilin yanvarın 13-20-də isə bu hadisələrə, necə deyərlər, don geyindirmək üçün sonradan “erməni talanları” adı verilən təxribatlar törədilib. Hər zaman məkrli dairələrin əlində alət olan haylar bu dəfə də xarici dairələrə öz “xidmətləri”ni göstəriblər.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistanın hazırkı xarici siyasət idarəsi öz sələflərinin təcrübəsini davam etdirərək, uydurma açıqlamaların verilməsi ilə məşğuldur. Onun sözlərinə görə, Ermənistan XİN-in, guya, 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin hələ də davam etdirildiyini göstərir: “Ermənistan XİN-ə xatırladırıq ki, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir. XX əsrin başlanğıcından 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlının kütləvi surətdə qəddarcasına deportasiya edilməsi faktları Ermənistan tərəfinə yaxşı məlumdur”.
A.Hacızadə deyib ki, Ermənistan XİN bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımını, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür. Ermənilərin saxta təbliğatının tərkib hissəsi olan uydurma “Sumqayıt qırğınları”nın azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün dünya bilir. Bakı nefti və Azərbaycanın zənginliklərinin hesabına varlanan və qazandıqları vəsaitləri azərbaycanlıların qırğınına və tarixi abidələrinin məhvinə xərcləyən ermənilərin kompensasiya almaq hüququnun olduğunun iddia olunması isə absurd təfəkkürdən xəbər verir. A.Hacızadə Ermənistan tərəfindən tarixi kütləvi şəkildə saxtalaşdıran təbliğatın sülhə xidmət etmədiyini və təhlükəli olduğunu vurğulayıb.
Ümumiyyətlə, həmin hadisələrədək erməni əhali Azərbaycanda respublikamızın bərabərhüquqlu vətəndaşları kimi şad-xürrəm ömür sürüb. Məsələ ilə bağlı Prezident İlham Əliyev də vaxtaşırı öz fikirlərini ifadə edib. Dövlətimizin başçısı 2020-ci il noyabrın 20-də Azərbaycan xalqına müraciətində bu barədə demişdir: “Onlar döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldular. Bundan sonra bu damğa ilə yaşayacaqlar, “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlar. Onlar Bakıda, Gəncədə, bizim başqa şəhər, rayonlarımızda yaşayırdılar. Onlara söz deyən var idi? Yox. Onlar bundan məhrum oldular. Bizim xalqımızı oradan qovaraq, etnik təmizləmə siyasəti apararaq buradan da getməli oldular. Nə qazandılar? Heç nə. İndi isə bax, bu rəzil durumda bir-birini didirlər, olan-qalan dövlətçiliyi də məhv edirlər. Mən o vaxt demişdim ki, onlar ağıllarını başlarına yığsınlar, bu işğala son qoysunlar. Bu işğal davam etdikcə Ermənistan inkişaf edə bilməz və bilmədi. Siyasi cəhətdən, hərbi cəhətdən asılı, iqtisadi cəhətdən natamam. İdeologiya baxımından çox ziyanlı ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan, tarixi saxtakarlıq və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər?”
Prezident İlham Əliyev bundan bir neçə gün əvvəl – noyabrın 6-da isə “BBC News”un “Onda Siz Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?” tipli təxribatçı sualına cavab olaraq bildirmişdir: “Bəli. Biz ermənilər deyilik. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Onlar Qarabağın dağlıq hissəsindən və ətraf yeddi rayondan bütün azərbaycanlıları qovublar. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bizim bir milyon qaçqın və məcburi köçkünümüz var. Lakin biz eyni qaydada davranmayacağıq. Biz qisas almayacağıq. Mən dəfələrlə demişəm, hətta onlar Gəncəni, Bərdəni, başqa şəhərləri bombalayanda və mülki şəxsləri öldürdükdə mən dedim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Buna görə bu rəsmi mövqeyi, Azərbaycanda yaşayan minlərlə ermənini və heç kimin onları etnik təmizləmədiyini nəzərə alaraq, biz bunu orada nə üçün etməliyik ki?”
Dövlətimizin başçısı Azərbaycanda yaşayan ermənilərin qorxu içində yaşamalarına, erməni kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişdirmələrinə dair verilən məlumatın da yanlış olduğunu vurğulamışdı: “Ola bilsin ki, kimsə evlənib soyadını dəyişib. Bu, burada adət olunan təcrübədir. Amma xeyr. Burada yaşayan çoxlu erməni var və biz onların erməni olduqlarını bilirik. Yeri gəlmişkən, mən sizə deyə bilərəm və bir çox insanlar bu barədə bilmirlər. Ermənistanın sabiq müdafiə naziri Arutyunyanın bacısı Azərbaycanda yaşayır. İstəsəniz onunla görüş təşkil edə bilərik. Bu, əslində, qorxu deyil, bu, erməni təbliğatıdır...”
Onu da bildirək ki, hazırda rəsmi məlumata görə, Azərbaycanda 30 mindən çox erməni yaşayır. 2021-ci ilin oktyabrında Lenta.ru saytı Bakıda yaşayan ermənilərdən reportaj hazırlamışdı. “Ermənilər Azərbaycanda necə yaşayırlar və iki müharibədən sonra niyə hələ də sülhə inanırlar” sərlövhəli məqalə saytın bazasında durur. Ermənistan ordusunun 13 il (1994–2007) baş qərargah rəisi, bir il (2007–2008) isə müdafiə naziri olan general-polkovnik Mikael Arutyunyanın bacısı Zoya Arutyunyan Kürdəmir rayonunun Şıxımlı kəndində öz ömrünü yaşamaqdadır. Bütün bu faktlar onu göstərir ki, Ermənistan XİN öz ampluasındadır və münasibətləri gərginləşdirmək yolunu tutub. Rəsmi İrəvanın bu mövqeyi isə təəssüf doğurur. Qərbi Azərbaycana azərbaycanlıların qayıdışı ilə bağlı məsələlərin həm beynəlxalq leksikona, həm də beynəlxalq gündəliyə salındığı bir dövrdə Emənistan XİN-in verdiyi bu bəyanat bizə qarşı “əks-arqument” gətirilməsinə uğursuz cəhd kimi də qiymətləndirilə bilər.
Bu istiqamətdə XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, vaxtilə Ermənistanda yüz minlərlə azərbaycanlı, Azərbaycanda da ermənilər yaşayıblar. Əgər 1980-ci illərin sonlarında bizə qarşı xainlik olmasaydı, separatizmə baş vurmasaydılar, bəlkə yenə də azərbaycanlılar Ermənistanda, ermənilər isə Azərbaycanda yaşayacaqdılar: “Amma onlar fərqli yol seçdilər. Azərbaycana qarşı ərazi iddiaları ortaya atdılar və soydaşlarımızı tarixi yurd yerlərindən sıxışdırmağa, öldürməyə, qovmağa başladılar. Paralel olaraq Qarabağda separatizmə start verdilər. Əlbəttə, Azərbaycan bütün bunlara seyrçi qala bilməzdi. Ölkəmiz separatizmə son qoymaq üçün adekvat tədbirlər gördü. Bütün azərbaycanlılar Ermənistandan qovulandan sonra aydın məsələ idi ki, ermənilərin də Azərbaycanda yaşamaları çətin olacaq. Beləliklə, onlar da Azərbaycanı tərk etdilər”.
Politoloq qeyd etdi ki, amma, bunu xüsusi olaraq, guya, kütləvi qırğınlarla, hansısa talanlarla əlaqələndirmək faktları saxtalaşdırmaq deməkdir: “Əlbəttə, hadisələr olub. Amma birinci başlayan məhz erməni tərəfidir. Bir daha qeyd etmək istəyirəm ki, onlar azərbaycanlıları qovmağa, sıxışdırmağa, öldürməyə, kəndlərə hücum eməyə başlayıblar. Bunu ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın bir neçə həftə əvvəl yayılan son videosu da sübuta yetirdi. Belə olan halda, əlbəttə, ermənilərin burada yaşamaları mümkün deyildi. Amma indi rəsmi İrəvan bunu fərqli müstəvidə göstərməyə çalışır, təxribatçı bəyanatlar verir. Bu bəyanatlar isə dialoq mühitinə də mənfi təsir edir”.

Səxavət HƏMİD 
XQ

Избранный
11
1
xalqqazeti.az

2Источники