Adil Qeybulla: “Omikron ştamının mutasiyaya uğramış variantları əhali arasında yayılmaqdadır”
Azərbaycanda bu həftə daha bir nəfər xəstəlikdən ölüb. Hadisə Saatlı rayonunda qeydə alınıb. Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq Pərvanə vəfat edib. İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.
Ağcabədi rayonunun Ağabəyli kəndində məktəbli vəfat edib. 2015-ci il təvəllüdlü Aytac Novruzovanın yüksək qızdırmadan vəfat etdiyi bildirilir. Bəziləri isə məktəblinin ölümünə hazırda ölkədə yayılan kəskin respirator virus infeksiyasından dünyasını dəyişdiyini qeyd edirlər.
Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.
Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib.
Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.
Azərbaycanda virusdan baş verən ölüm halları narahatlığı daha da artır. Belə görünür ki, yeni virus koronavirusdan da tez öldürür.
Doğrudur, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, 2024-cü il və 2025-ci ilin ötən dövrü ərzində aparılan müayinələrin nəticələrinə əsasən, ölkə ərazisində metapnevmavirusa yoluxma halları qeydə alınmayıb. Lakin təcrübə göstərir ki, yoluxan xəstələrdə virusun əlamətləri görünür.
Adil Qeybulla
Professor Adil Qeybulla “Yeni Müsavat” qəzetinə açıqlamasında deyib ki, epidemioloji vəziyyət dünyanın hər yerində qarışıqdır. Onun sözlərinə görə, pandemiya bitsə də koronavirus davam edir: “Omikron ştamının mutasiyaya uğramış variantları bu gün də əhali arasında yayılmaqdadır. Mövsümü qrip virusu da indi yayılmağa başlayıb. Çindən başlanğıc götürən sinsitial (RSV) virus və metapnevmavirus daha da fəallaşıb. Qazaxıstan, Qırğızıstan, Rusiya və qardaş türkiyədə artıq qeydə alınıb. Azərbaycanda olması isə real və məntiqlidir. Son xəstələnmələr də göstərir ki, yeni virusdur və gedişatı fərqlidir. Xəstələnən şəxslər isə çox çətinliklə müalicə olunurlar. Bütün bunlar göstərir ki, situasiya nəzarət altına alınmalıdır. Poliklinikaların sahə həkimləri səfərbər edilməlidir. Özünü bir az nasaz hiss edən şəxslər mütləq həkimlə məsləhətləşsinlər, yataq rejimində olsunlar və ictimai yerlərdə gəzməsinlər ki, virus daha geniş yayılmasın. Ayaqüstə keçirəcəm deyib digər insanları da riskə atmaq olmaz. Nəzərə almaq lazımdır ki, COVİD-19 pandemiyasının davamı var. Çox qarışıq durumdur. Maska taxmaq və bol maye qəbul etmək məsləhətdir. Həkim nəzarəti və təyinatı olmadan antibiotiklərdən qətiyyən istifadə etməsinlər. Çünki antibiotiklər immun sistemini zəiflədir”.
Mərdan Əliyev
İnfeksionist-hepatoloq Mərdan Əliyev açıqlamasında deyib ki, yeni yayılan xəstəlik qrip virus infeksiyasına daha çox oxşayır. Onun sözlərinə görə, qrip virusu kəskin respirator virusları arasında ən ağırıdır: “Qripin kifayət qədər ağırlaşmaları da olur. Ən çox ağırlaşma pnevmoniyaya keçdikdə baş verir. İmmun sistemi zəif olan şəxslər ağır keçirir, hətta ölüm halları da yaşanır. Çünki qripin ştamları hər il dəyişir. Keçən il keçirdiyimiz qriplə builki qrip arasında böyük fərq var. Qrip virusu tez-tez mutasiyaya uğrayır və yeni ştamlar meydana çıxır. Hər il yeni ştamla biz rastlaşırıq. Bu il müşahidə olan qrip ötən ilkindən daha çox potegendir. Virus gücləndikcə insanların immun sistemi ona tab gətirmir. Yuxumuz zəifdir, bütün günü telefon, kompüter qarşısında oluruq. Qidalanmamız da kefiyyətli deyil. Bunların hamısı bizim immun sistemimizə təsir edir. Xəstələndikdən sonra özümüzü soyuğa verməməliyik, ev şəraitində olmalıyıq, bol su içməliyik. Uşaqlarda qızdırmaya xüsusi nəzarət olmalıdır.
Metapnevmavirus qrip qədər ağır deyil. Simptomları arasında qızdırma olmur. Ona görə də indi yayılan xəstəliyin bu virusa aid olduğunu deməzdim".