RU

TFF prezidenti sözünün arxasında dura bilmədi!

Türkiyə Futbol Federasıyası (TFF), nəhayət, klubların tələbini yerinə yetirmək məcburiyyətində qaldı.

"Football-plus.az" xəbər verir ki, superliqa matçlarında nəticəyə təsir edən kobud hakim səhvlərinin azalmaması üzündən “Fənərbaxça” başda olmaqla bir çox klub əcnəbi VAR hakimlərinin dəvət olunmasını tələb edirdi. Əslində bu tələb uzun müddətdi mövcuddu. Sadəcə, federasiya prezidenti İbrahim Hacıosmanoğlu bacardığı qədər yerli hakimləri qorumağa çalışırdı. Amma sonda o da “ağ bayraq qaldırmalı” oldu.

Yanvarın 8-də bu məsələnin müzakirəsi üçün TFF-nin idarə heyətinin toplantısı keçirildi. Burda Hakimlər Komitəsinin üzvləri də iştirak etdi. Toplantının ardından gözlənilən qərar açıqlandı. Belə ki, ikinci dövrədən, yəni 20-ci turdan etibarən superliqa matçlarına əcnəbi VAR hakimləri dəvət olunacaq! Federasiyanın rəsmi açıqlamasında qeyd olundu ki, hərtərəfli təhlil və dəyərləndirmələrdən sonra Türkiyədə hakimlik sisteminin peşəkarlaşması baxımından ikinci dövrədə müəyyən dəyişikliklər həyata keçiriləcək. Bunlardan biri də oyunlara müvəqqəti əcnəbi VAR hakimlərinin dəvət olunmasıdı. Amma bu oyunların hansı meyar əsasında seçiləcəyi bəlli deyil.

Xatırlayırsızsa, ötən mövsüm ikinci dövrənin gedişində də bu praktikadan istifadə olunmuşdu. Həmin vaxt əcnəbi VAR hakimləri yalnız iddialı klubların oyunlarına dəvət olunurdu. İndi bütün klublar bunu tələb edir. Amma hər həftə Türkiyəyə 9 əcnəbi hakimi dəvət etmək TFF üçün həm çətin, həm də bahalı proses olacaq. Bir hakimə bir oyuna görə orta hesabla 2 min avro verilir. Türkiyəli həmkarlarımızın hesablamalarına görə bilet pulu, otel pulu və digər xərcləri nəzərə alanda mövsümün sonuna qədər hər oyuna xaricdən VAR hakiminin dəvət olunması TFF-yə ümumilikdə 720 min avroya başa gələcək!

Digər tərəfdən, bu məsələni “Fənərbaxça”nın kiçik qələbəsi kimi də qələmə vermək olar. Çünki İstanbul nəhəngi federasiyanın qarşısına konkret “kuboka qatılmağımızı istəyirsizsə, oyunlarımıza əcnəbi VAR hakimlərini dəvət edin” şərtini qoymuşdu. Digər klublar da bunu dəstəkləyincə və son turda “Qalatasaray”ın xeyrinə aşkar hakim səhvi qeydə alınınca İbrahim Hacıosmanoğlu sözündən döndü.

Belə ki, TFF prezidenti noyabrın 22-də “HT Spor” kanalının canlı yayınında “mən bu vəzifədə olduğum müddətdə bu ölkəyə əcnəbi hakim gəlməyəcək” ifadəsini işlətmişdi. Göründüyü kimi, küncə sıxışan Hacıosmanoğlu bu iddialı sözünün arxasında dayana bilmədi.

ƏLİ

Избранный
16
football-plus.az

1Источники