RU

Kobaxidze: Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafında maraqlıdır

Gürcüstan regionda konkret əməli addımların atılmasında və qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasında bildirib.

Baş nazir əlavə edib ki, Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrə cəlb olunmasını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir.

O qeyd edib ki, Hökumətlərarası Komissiyanın iclası iki ölkə arasında dinamik əməkdaşlığa töhfə verəcək.

"Bu gün hər dəfə öz gözəlliyi və inkişaf tempi ilə bizi heyrətləndirən Bakıda olmaq mənim üçün böyük şərəfdir.

Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 10-cu iclasının həmsədri olmaq imkanına görə şadam. Əminəm ki, bugünkü görüş ölkələrimiz arasında strateji tərəfdaşlığı daha da dinamik və məhsuldar etmək üçün əməkdaşlığın genişləndirilməsində yeni imkanları üzə çıxaracaq", - Kobaxidze vurğulayıb.

O, həmçinin qeyd edib ki, regional inkişaf və Cənubi Qafqaz ölkələrinin davamlı çiçəklənməsi üçün bölgədə sabitlik əsas şərtdir.

"Əminəm ki, birgə səylərlə biz nəinki bütün çağırışların öhdəsindən gələcəyik, həm də daha səmərəli əməkdaşlıq üçün mövcud imkanlardan istifadə edəcəyik. Biz regionda konkret əməli addımların atılmasında və əməkdaşlığın inkişafında maraqlıyıq. Gürcüstan tərəflərə Cənubi Qafqazın hər üç ölkəsinin müxtəlif sahələrə cəlb olunmasını nəzərdə tutan üçtərəfli əməkdaşlıq təşəbbüsü təklif edir", - Baş nazir vurğulayıb.
O, həmçinin Azərbaycanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçirilməsi münasibətilə təbrik edib.
"COP-29-un işində iştirak etmək imkanımın olmasına görə şadam", - o qeyd edib.

Избранный
8
1
far.az

5Источники