“Beşiktaş” “Mançester Yunayted”in sabiq baş məşqçisi Ole Qunnar Sulşerlə danışıqlar aparır. Yeniavaz.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, tərəflər 2026-cı ilə qədər müqavilə üzrə razılığa gəlməyə yaxındırlar. İnsayder bildirib ki, Sluşer Avropa Liqasında “Atletik”lə baş tutacaq oyundan əvvəl komandaya rəhbərlik edəcək. Oyun çərşənbə günü, yanvarın 22-də, Bakı vaxtı ilə 19:30-da başlayacaq. Norveçli mütəxəssis komandanın “Samsunspor”la oyununu isə tribunadan izləyəcək. Bu görüş yanvarın 18-də baş tutacaq. Qeyd edək bundan əvvəl 51 yaşlı Sulşer “Mançester Yunayted”in baş məşqçisi olub. Lakin 2021-ci ilin noyabrında o, komanda ilə yollarını ayırıb. Əvvəllər Sulşer “Molde” və “Kardiff Siti” komandalarını da çalışdırıb. Xatırladaq ki, “Beşiktaş”ın əvvəlki baş məşqçisi Covanni van Bronxorst olub. Onun 2024-cü ilin noyabrında qovulmasından sonra baş məşqçi vəzifəsini müvəqqəti icra etmək üçün Serdar Toprakpete təyin edilib.