Xəbər verdiyimiz kimi, bu gün Bakıda 6 kiloqram çəkidə körpə dünyaya gəlib.
Redaktor.az “Report”a istinadən xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyeva məlumat verib.
Onun sözlərinə görə, hazırda körpənin vəziyyəti normaldır və təbii şəkildə ana südü ilə qidalana bilir:
“Bu, ananın 3-cü hamiləliyidir. Bundan əvvəl dünyaya gətirdiyi 4 kq 600 qramlıq körpəsi də təbii doğuşla dünyaya gəlib. Hamiləliyin əvvəlindən 1 saylı qadın məsləhətxanasında qeydiyyatda olub, doğuşa az qalmış bizə müraciət edib”.
Doğumdan əvvəl anaya təkidlə qeysəriyyə əməliyyatını məsləhət gördüklərini deyən S.Mehdiyeva qeyd edib ki, o, bundan imtina edib:
“Ananın özünün də boyu uca, çəkisi çoxdur. Buna baxmayaraq, doğuşdan əvvəlki müayinələrdə şəkər xəstəliyi aşkarlanmadı. Yəni, uşağın çəkisi hansısa xəstəlikdən yox, tamamilə təbii şəkildə belə çoxdur. Körpə sabah evə buraxılacaq”.
09:15
***
Bakıda Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kq çəkidə körpə dünyaya gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə xəstəxananın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanvarın 10-da saat 20:30 tarixində Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız uşağı dünyaya gəlib.
“Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə iriçəkili uşaq hesab olunur.
Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub. Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub. Hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır. Körpənin vəziyyəti orta-ağır, ananın vəziyyəti stabil qiymətləndirilir”, - məlumatda bildirilib.