Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və ehtiram, sağlam və qarşılıqlı səmimiyyət çərçivəsində, bir-birinin ərazi bütövlüyünü tanımaq, beynəlxalq tədbirlərdə dəstəkləmək səviyyəsində qurulub. Müstəqilliymizin ilk illərindən hər iki ölkə xalqlarının ümumi problemlərin həllində qarşılıqlı dəstək göstərmək istəyi indiki uğurlarımıza vəsilə olub. Azərbaycan dost Gürcüstana qarşı kənar qüvvələrin, regiondan kənar güclərin müdaxiləsi zamanı onu qoruyan qardaş ölkə kimi çıxış edib və gürcü xalqı bunu heç vaxt unutmur. Gürcüstan Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında tranzit ölkə olaraq etibarlı tərəfdaş rolunu uğurla yerinə yetirib”.
Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, son zamanlar qardaş Gürcüstanda baş verən ictimai-siyasi hadisələr Azərbaycanda da narahatlığa səbəb olub:
“Çünki bu hadisələr sosial sifarişli yox, kənardan transfer edilən süni, qondarma iddialardan doğan qərəzli yanaşma idi. Gürcü xalqının arzusunu yerinə yetirən hakim “Gürcü arzusu” – Demokratik Birlik partiyasının parlament seçkilərində qazandığı qələbə bəzi dairələri, mərkəzləri, dövlətləri narahat edirdi. Bu səbəbdən bütün emissarları ilə ölkə daxilində qarşıdurmalar, hətta vətəndaş müharibəsi törətmək istəyən güclər Gürcüstanı xaosa, vətəndaş itaətsizliyinə sürükləyirdilər. Məqsəd Gürcüstanı zəiflətmək, idarəolunmaz hala gətirmək və öz proksi qüvvələrini hakimiyyət kürsüsünə oturtmaq idi. Gürcü xalqı müdrik tərpəndi, bu gün də davam edən aksiyalarda Gürcüstanı məhv etməyə çalışanları dəstəkləmədi. Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında da deyib. Qeyd edib ki, Azərbaycan kimi Gürcüstan da müxtəlif çağırışların öhdəsindən gəlmək üçün güclü dövlətdir. Azərbaycanla Gürcüstanın tərəfdaşlığı bütün istiqamətlərdə daha da inkişaf edir. Azərbaycanın inkişafından qorxan, güclənməsindən narahat olan, gecə-gündüz bunu özünə dərd edən qüvvələr Gürcüstanda məlum hadisələri törətməklə indiyədək edə bilmədiklərini, itirdiklərini kompensasiya etmək niyyəti güdürdülər. Gürcüstanda hakimiyyəti ələ keçirməklə Avropaya uzanan kommunikasiya xətlərimizə, xüsusən də “Orta Dəhliz”ə nəzarət etməyi hədəfləyirdilər. Əlbəttə, Azərbaycanın yürütdüyü sağlam siyasət, dostluqda səmimiyyəti və etibarlı tərəfdaş olması səbəbində regionda hörmətə və böyük nüfuza sahibdir”. Azərbaycanla Gürcüstan arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək”.