RU

"Rusiyanın Ermənistanla bağlı yanaşması da diqqət çəkir"- Sahil Kərimli

Son dövrlərdə Rusiyanın Azərbaycana qarşı sərgilədiyi siyasət necə dəyərləndirilir?

Bununla bağlı politoloq Sahil Kərimli fikirlərini News365.az-a şərh edib. 

"Əlbəttə ki, ilk növbədə, Rusiyanın son dövrlərdə nümayiş etdirdiyi siyasəti müzakirə etmək vacibdir. Bu siyasət, təəssüf ki, bir çox hallarda yol verilməzdir. Biz bu yanaşmanı təkcə Rusiyanın siyasi dairələrindən deyil, həmçinin Federal Təhlükəsizlik Şurasından, digər dövlət qurumlarından, ictimaiyyət nümayəndələrindən və dövlətin təsiri altında olan siyasi ekspertlərdən də müşahidə edirik. Azərbaycana qarşı yönəlmiş bəzi hədələyici və təxribat xarakterli bəyanatlar, təbii ki, dərin təəssüf doğurur.

Azərbaycan həmişə Rusiya ilə münasibətlərində səmimi olub, mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanıb. Üstəlik, Azərbaycan və Rusiya müttəfiq ölkələrdir. Buna baxmayaraq, son zamanlar Rusiyanın Azərbaycana qarşı nümayiş etdirdiyi bu qeyri-dost yanaşma, təəssüf ki, həm ölkəmizin ictimaiyyətində, həm də xalq arasında narazılıqla qarşılanır.

Bir neçə gün əvvəl baş vermiş təyyarə qəzası ilə bağlı da qeyd etmək lazımdır ki, bu hadisənin məsuliyyəti Rusiyanın üzərindədir. Belə bir ağır faciədən sonra, Rusiyanın üzr istəməsi, günahkarların cəzalandırılması və kompensasiya ödənilməsi istiqamətində addımlar atması gözlənilirdi. Ancaq bunun əksinə olaraq, Azərbaycana qarşı sərgilənən bu aqressiv mövqe, təəssüf ki, daha çox narahatlıq doğurur.

Bununla yanaşı, Azərbaycandan olan kiçik bir qrup şəxsin də Rusiyanın mövqeyini dəstəkləməsi xüsusi vurğulanmalıdır. Lakin reallıq ondan ibarətdir ki, bu gün Rusiya Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyir.

Eyni zamanda, Rusiyanın Ermənistanla bağlı yanaşması da diqqət çəkir. Ermənistan bu gün ABŞ-la strateji tərəfdaşlıq müqavilələri imzalayır, Amerika hərbçilərini öz ərazisinə dəvət edir və Rusiyanın maraqlarına qarşı çıxır. Buna baxmayaraq, Rusiya Ermənistana qarşı heç bir ciddi addım atmır, əksinə, Azərbaycana qarşı təzyiq göstərməyə davam edir.

Biz bu vəziyyəti qəti şəkildə pisləyirik və ümid edirik ki, Rusiya bu yanlış mövqeyindən geri çəkilərək, Azərbaycanla münasibətlərində səmimi bir yol seçəcəkdir."

Избранный
4
news365.az

1Источники