Futbol üzrə Fransa millisinin və İspaniya çempionu “Real”ın mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqa yenidən zədələnib.
Arena.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu ötən gecə keçirilmiş İspaniya Kubokunun “Selta” ilə ev oyununda sıradan çıxıb. Bu gün keçirilmiş müayinələrdən sonra onun sol ayağının bud nahiyəsində zədə aşkarlanıb. Kamavinqanın yaşıl meydanlardan nə qədər kənarda qalacağı açıqlanmır
Xatırladaq ki, Kamavinqa bu mövsümün əvvəlindən bir neçə dəfə zədə alıb və məcburi istirahət etməli olub.
Eduardo Kamavinqa 2021-ci ilin avqustundan “Real”dadır. “Kral klubu” fransalı mərkəz yarımmüdafiəçisini 31 milyon avro məbləğ müqabilində “Renn”dən transfer edib. Kamavinqanın “Real”la müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kamavinqa “Real”ın heyətində 16 oyuna çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
Ümumilikdə Kamavinqa “Real”ın heyətində 162 oyuna 3 qol vurub, 9 məhsuldar ötürmə ilə fərqlənib.
Fransalı yarımmüdafiəçi “Real”la İspaniya La Liqasının (2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.
Eduardo Kamavinqa 2020-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 24 oyuna 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib. Eduardo “xoruzlar”la 2021-ci ildə UEFA Millətlər Liqasını qazanıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı fransalı mərkəz yarımmüdafiəçisi Eduardo Kamavinqanın transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.