RU

“Daha intensiv addımlar üçün bir mərhələ başlayıb” – Deputat sərhəd razılaşmasından danışdı

“İki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyaların reqlamenti rəsmi sənəd halına gətirilərək imzalanıb. Bu, Ermənistanla Azərbaycan arasında imzalanan ilk sənəd və razılaşdırılmış ilk fəaliyyət planıdır. Bu, özü-özlüyündə çox mühüm məsələdir".

“AzPolitika” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu "Turan"a Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlməsini şərh edərkən bildirib.

Xatırladaq ki, bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.

“Kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər. Həmçinin Tərəflər delimitasiya işlərinin görülməsi qaydası üzrə müvafiq təlimatların layihələrini müzakirə ediblər", - rəsmi məlumatda qeyd olunur.

Deputat hesab edir ki, komissiyaların fəaliyyətini real iş kontekstində qiymətləndirmək lazımdır: "Məlumdur ki, sülh sazişinin 17 maddəsindən 15-i razılaşdırılıb. Amma ortada razılaşdırılmış bir mətn yoxdur. Sözügedən komissiyalarının Əsasnaməsi isə tam razılaşdırılmış bir sənəddir. Diqqət etsək, görəcəyik ki, artıq sənəd əsasında konkret fəaliyyət də həyata keçirilib".

Sülh sazişində razılaşdırılmayan məqam kimi konstitusiyaya dəyişiklik və bir-birlərinə qarşı beynəlxalq iddiaların dayandırılmasından bəhs edilir. Azərbaycan tərəfi bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var, Ermənistan tərəfi isə bunun əksini söyləyir.

H.Babaoğlu qeyd edib ki, yanvarın 16-da keçirilən görüşdə növbəti və daha intensiv addımlar üçün bir mərhələ başlayıb: "Bu, yeni bir mərhələdir. Üç Qafqaz ölkəsinin sərhədindən başlayaraq cənuba doğru, İran sərhədinə qədər istiqamət müəyyənləşdirildi".

Deputatın sözlərinə görə, delimitasiya prosesi nə qədər sürətlə gedəcəksə və nə qədər çox ərazi üzrə razılaşma əldə ediləcəksə, o qədər çox iki ölkə sülhə yaxınlaşmış olacaq.

“AzPolitika.info”

Избранный
12
azpolitika.info

1Источники