Təbriz Musayev: “Qərb regionda Ermənistandan bir maşa kimi istifadə etmək istəyir”
“Nə üçün bu qərar Bakının razılığı olmadan verilir?”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova vurğulayıb ki, Avropa İttifaqı missiyası Cənubi Qafqaz regionuna yad cisimdir: “Moskvanın Ermənistandakı Avropa İttifaqının missiyasına münasibəti mənfidir. Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?”.
“İrəvan mövcud problemlərin region ölkələri ilə əməkdaşlıq çərçivəsində həllində maraqlı deyil”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Zaxarovanın bununla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Ermənistan nəinki Azərbaycanın, region ölkələrinin heç birinin bu məsələ ilə bağlı fikrini soruşmayıb, mövqeyini nəzərə almayıb. Ermənistan Azərbaycanla sərhəddə Aİ müşahidə missiyasını yerləşdirir, amma Bakı ilə bunu müzakirə etmir. Təəccüblü məqam odur ki, Avroittifaq da buna diqqət etmir. Halbuki, hansısa ölkələrarası sərhəddə sülhməramlı qüvvələr yerləşdiriləndə bütün tərəflərin razılığı əsas götütülür. Düzdür, Aİ təmsilçiləri müşahidə missiyası funksiyası yerinə yetirir, amma istənilən halda Azərbaycanın qərarı nəzərə alınmalıdır. Ermənistanın bütün bunları nəzərə almaması bir sıra mətləblərdən xəbər verir. Birincisi, İrəvan mövcud problemlərin region ölkələri ilə əməkdaşlıq çərçivəsində həllində maraqlı deyil. Elə məsələlər var ki, onların region və ya regiondan kənar dövlətlərin iştirakı ilə həllinə ehtiyac yoxdur. Məsələn, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı danışıqlar və s. Elə məsələlər var ki, bu, regional əməkdaşlıq tələb edir. Bura nəqliyyat-kommunikasiya xətlərinin açılması və digər region əhəmiyyətli məsələlər daxildir. İkincisi, Ermənistanın bu siyasəti həm də Rusiyaya qarşı yönəlib. Məqsəd Rusiyanın hərbi bazalarını, sərhəd qüvvələrini Ermənistandan çıxarmaqdır. Bu bədbəxtlər uydurma dövlətçiliklərindən bəhs edirlər, amma öz sərhədlərini qoruya biləcək sayda adamları yoxdur. Görünən odur ki, Rusiya sərhədçilərinin yerini Aİ və ABŞ hərbiçiləri ilə dolduracaqlar. Bu günlardə ABŞ və Ermənistan arasında imzalanan xartiyada da bu, hardasa öz əksini tapıb. Üçüncüsü, Qərb regionda sabitliyi pozmaq, öz təsir rıçaqlarını işə salmaqdan ötrü Ermənistandan maşa kimi istifadə etmək istəyir. İllərdir Azərbaycan müstəqil siyasət yeridir. Gürcüstanda məlum hadisələrdən sonra Qərbin bu ölkədən alət kimi istifadə etmək cəhdləri fiaskoya uğradı. O üzdən, Cənubi Qafqazda Ermənistana yönəlib oyunlarını davam etdirmək istəyirlər. Bu da Paşinyanın odla oynaması anlamına gəlir. Onlar anlamaq istəmirlər ki, Ermənistan hansı coğrafiyada yerləşir”.
Vidadi ORDAHALLI