RU

Deputat: Bayden hakimiyyətdə olduğu ilk gündən ifrat ermənipərəst siyasət yürüdüb

Bu danılmaz bir həqiqətdir ki, Co Bayden və onun komandası hakimiyyətdə olduğu ilk gündən ifrat ermənipərəst siyasət yürüdüb.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyb.

Deputat qeyd edib ki, artıq ömrünə sayılı günlər qalan bu erməni ruhlu komanda necə deyərlər, gedər ayağı da ermənilərə “ayı xidməti” göstərir: “Son proseslər də bunu deməyə əsas verir. ABŞ-la Ermənistan arasında saziş imzalanması, yenə də “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Bayden administrasiyasının, dövlət katibi Antoni Blinkenin bu günə kimi bütün dünya üzrə həyata keçirdiyi dağıdıcı, riyakar siyasətin növbəti təzahürüdür. Bu ermənidən də betər erməniçilik etməkdir. Ermənistan özü “Dağlıq Qarabağ” dəftərinin qapandığı reallığını qəbul etdiyi halda Baydenin “haysevər” komandası Blinkenin timsalında ifrat çirkin yanaşmadan və Cənubi Qafqazı yeni münaqişə ocağına çevirmək kimi iyrəncə cəhddən əl çəkmir”.

Vüqar İskəndərovun bildirib ki, bu addım həm də Donald Trampın fəaliyyətinə qarşı hərəkət kimi də dəyərləndirilə bilər: “Görünən odur ki, artıq bir neçə günə öz postunu tərk edəcək Antoni Blinken son anda belə öz dövlətinə və Vaşinqtonun dünyanın müxtəlif bölgələrində maraq və mənafelərinə zərbə burmaqdan, iqtidara gəlmiş Donald Tramp komandası üçün minalanmış sahələrin coğrafiyasını daha da genişləndirməkdən çəkinmir. Təbii ki, o, bu addımı ilə bir daha təmsil olunduğu komandanın, belə deyək, qaniçən xislətini ortaya qoydu. Çünki bu gün birmənalı olaraq bildirmək yerinə düşər ki, Bayden administrasiyası Yaxın Şərq, Afrika, Latın Amerikası, Avropa – bir sözlə dünyanın bütün bölgələrində qanlı qarşıdurmaların, üsyanların, qətliamların, milyonlarla insanın qaçqına çevrilməsinin və öz yurd-yuvasından didərgin düşməsinin, siyasi və iqtisadi sistemlərin çökməsinin, bütöv ölkələrin parçalanıb dağılmasının, onların xalqlarının faciələr yaşamasının səbəbkarıdır. Bu bəlaların əsas müəllifi yaşı səbəbindən anlaqsız duruma düşmüş prezident Co Baydendən daha çox özünü dünyaya sülhpərvər, mələk qiyafəsində təqdim edən, əslində isə yalançılıq, xəyanət, riyakarlıq və bu kimi əksər mənfi keyfiyyətlərin daşıyıcısı olan Antoni Blinkendir. Bu gün Ukraynada baş verənlər, öz torpağını qoyub dünyanın müxtəlif bölgələrinə pənah aparan, döyüş bölgələrində ölən milyonlarla ukraynalının qanı Bayden Administrasiyasının, Blinkenin üzərindədir”.

Deputat qeyd edib ki, məhz Blinkenin və təmsil olunduğu komandanın siyasətinin nəticəsidir ki, bu gün dünya xalqları ABŞ-a inanmır və bu ölkəni qarışıqlıq, təcavüz, böhran, faciə və siyasi və iqtisadi kataklizmlər ixrac edən bir mərkəz kimi qiymətləndirirlər: “Yəni, bu, Bayden Administrasiyasının və Blinkenin son 5 ildəki fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət həm Amerika, həm onun dünyada imici üçün çox baha başa gəldi və iqtidarı qazanmış Trampın işini çox ağırlaşdıracaq”.

Deputat onu da əlavə edib ki, məhz Blinkenin simasızlığı, riyakarlığı ABŞ-ın Azərbaycan və Ermənistan arasında danışıqlardan uzaqlaşdırılması və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərdən uzaqlaşdırması, öz mövqelərini itirməsi ilə nəticələndi: “Əslində, nə Azərbaycan, nə də erməni xalqı Blinkeni heç maraqlandırmır da. Onun əsas məqsədi gedən ayaqda bir sülhpərvər obrazı yaratmaq və çoxillik münaqişəyə son qoyan “sülh göyərçini” kimi tarixə düşmək, bəlkə də buna görə Nobel sülh mükafatı almaq idi. Amma alınmadı. Bunu da birmənalı olaraq vurğulamaq yerinə düşər ki, Gürcüstanı qarışdırmaq, onu hərbi əməliyyatlar üçün plasdarma çevirmək, gürcü xalqının fəlakəti üzərində öz siyasi ambisiyalarını reallaşdırmaq planı da iflasa uğrayan Blinken dünya nizamını pozaraq onu anarxiyaya sürükləyən, xalqların milli kimliyinin silinməsinə, feminizm, LGBT ideyalarının hökmranlığına aparan sorosçu şəbəkənin parlaq nümayəndələrindən biridir. Təsadüfi deyil ki, Bayden Administrasiyasının mükafatlandırdığı şəxslər arasında Corc Soros da oldu. Hesab edirəm ki, artıq şərhə ehtiyac yoxdur”.

Избранный
10
apa.az

1Источники