"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının sabiq futbolçusu, hazırda “Sent-Etyen”də çıxış edən İbrahima Vadjinin mümkün geridönüşündən danışıb.
QOL.az xəbər verir ki, bu barədə o, bu gün “Şamaxı” ilə Misli Premyer Liqasının 19-cu turunun oyunundan (3:2) sonra fikirlərini bildirib.
Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə belə bir sual ünvanlanıb: "Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vadji var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?"
Q. Qurbanov isə sözügedən futbolçuya diqqət ayırmadıqlarını bildirib: "Hələ ki, başqa oyunçuları gözdən keçiririk. Amma Vadji də orada ola bilər".
Qeyd edək ki, İbrahima Vadji 2021-ci ilin avqustundan 2022-ci ilin yayına qədər çıxış edib. O, bu mövsüm “Sent-Etyen”in heyətində 4 oyuna çıxıb, qol vura bilməyib.