ABŞ Ali Məhkəməsi, Çinin "ByteDance" şirkəti "TikTok" sosial şəbəkəsini amerikalı sahibkarlara satmyacağı təqdirdə, tətbiqin ölkə ərazisində qadağa qoyulmasına qərar verib.
Senzor.az bildirir ki, bu barədə CNBC məlumat yayıb.
Satış yanvarın 19-dək yerinə yetirilməsə, həmin gündən etibarən proqram ölkədə qadağan olunacaq. "TikTok"un yayıldığı əsas platformalar, məsələn, "Apple"ın "Appstore" və "Google"un "Play Market" xidmətləri onu silmək məcburiyyətində qalacaqlar, əks halda onlar da cəzalandırılacaq.
ABŞ rəsmiləri hesab edirlər ki, ölkədə "TikTok" istifadəçiləri haqqında məlumatların toplanması milli təhlükəsizliyə təhlükə yaradır. Şirkət Pekin tələb etsə belə, bu məlumatları Çin hökumətinə təhvil verməyəcəyinə söz verib.
Bu arada ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp “Tiktok” sosial şəbəkəsi ilə bağlı qərarı yaxın vaxtlarda verəcəyini bildirib.
"Ali Məhkəmənin qərarı gözlənilən idi və hamı buna hörmət etməlidir. “Tiktok” ilə bağlı qərarım yaxın vaxtlarda veriləcək, lakin vəziyyəti öyrənmək üçün vaxt lazımdır. Bizi izləyin!" – deyə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.