Ekspert deyir ki, innovasiyalar və startap ekosistemin inkişafı, İKT güzəştlərdən effektiv istifadə ilə bağlı çatışmazlıqlar aradan qalxsa, ciddi nailiyyətlər əldə edilə bilər
2025-ci ilin ilk həftələri Azərbaycanda rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu prosesinin sürətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bir sıra addımlar atılıb. Belə ki, yanvarın 10-da Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası, həmçinin “Rəqəmsal ekologiya” informasiya sistemi haqqında Əsasnamə, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamə, yanvarın 16-da Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası təsdiqlənib. Konsepsiyaya əsasən, ölkə səviyyəsində rəqəmsal ekosistem üzrə rəqəmsal hökumət arxitekturası qurulacaq.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və aidiyyəti qurumlarla birlikdə 2025-2027-ci illərdə bunu təmin etməlidir. Bunun üçün Rəqəmsal hökumət arxitekturasının formalaşdırılması üzrə qurumlararası ixtisaslaşmış işçi qruplar yaradılacaq və fəaliyyətə başlayacaq
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, atılan addımlar rəqəmsal hökumət quruculuğu sahəsində böyük müsbət nəticələr verə bilər: “Bir neçə gün öncə Prezidentin fərmanı ilə RİNN tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası yeni redaksiyada təsdiqlənmişdi. Xatırladıram ki, uzun illər bu Qaydalar mövcud olsa da ondan effektiv istifadə etmək mümkün olmamışdı. Odur ki, indiyədək İRİA tərəfindən startaplara, xüsusilə də ilkin inkişaf dövrü keçirən startaplara, yaxud hansısa bir innovativ, texnoloji layihələrə, rəqəmsal layihələrə investisya ayırmaq, qrantlar vermək, maliyyə dəstəyi göstərməklə bağlı sistemli addımlar olmayıb. İndi isə görünən odur ki, Nazirlik bu sektora böyük vəsaitlər yatırmaq və bu vəsaitlərdən effektiv istiafdə etmək niyyətindədir.
Ötən il rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu və bəzi çatışmazlıqlar olsa da İT kadrların hazırlanması sahəsi də müəyyən irəliləyişlərlə yadda qaldı. Ən ciddi çatışmazlıqlar innovasiyalar və startap ekosistemin inkişafı, İKT güzəştlərdən effektiv istifadə ilə bağlı olub. Qlobal hesabatlarda da ötən il bu sektorda vəziyyətin acınacaqlı olduğu qeyd edilib. Beynəlxalq reytinqlərlə bağlı komissiyanın son toplantılarından görünürdü ki, İRİA da bunun fərqindədir və vəziyyətdən çıxış yolu ilə bağlı nəsə hazırlayırdılar. Həmin nəsənin biri, vəsaitlərdən istifadə ilə bağlı qaydalar artıq təsdiqləndi".
Ekspert bildirir ki, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə Fərid Osmanovun İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi də bu sahədə ciddi dəyişikliklərin olacağından xəbər verir: “Fərid Osmanov da sektorda tanınan bir şəxsdir. 20 ildir ki bank sektorundadır. Toplantılardakı pozitiv çıxışları ilə yadımda qalıb. Amma sirr deyil ki, ən konservativ, mühafizəkar sahələrdən biri də bank sektorudur. Əgər yeni sədr innovasiya və startap ekosistemə də konservativ yanaşmalar sərgiləsə, sürətli inkişaf gözləmək sadəlövhlük olardı. Hansı ki, region ölkələrinin xeyli irəli getdikləri indiki zamanda Azərbaycan üçün sürətli inkişaf olduqca zəruridir. Ümid edirəm yeni təyinat uğurlu olacaq. Yeni sədr üçün start vəziyyəti əvvəlkilərdən daha münbitdir - ən azı qurumun vəsaitindən istifadə qaydalarını Prezident təsdiqləyib, müəyyən mexanizmlər hazırlanıb. Qalır hökumət İRİA-ya bu vəsaitləri versin və maraqlı tərəflər cəlb edilməklə işlərə başlanılsın”.
O.Gündüzün sözlərinə görə, Rəqəmsal İnkişaf Konsepsiyası son illərin ən çox müzakirə predmeti olan sənədlərindən biridir: “Prezidentin fərmanı ilə eyni zamanda Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı da təsdiqlənib. 4 ay vaxt verilən bu sənədin qəbulu üçün 4 il lazım olub. Xatırladıram ki, Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti 4 ay müddətində bu sənədi hazırlayıb Prezidentə təqdim etməliydi. Bəzən müxtəlif maraq toqquşmaları səbəbindən bu sənədin təsdiqinin ləngiməsi, yenidən razılaşdırmalara qaytarılması ilə bağlı fikirlər də səslənib. Nəhayət 4 ildən sonra belə bir konseptual sənədin təsdiqi ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu konseptual sənəd rəqəmsal transformasiya proseslərinin, rəqəmsal hökumət quruculuğunun daha sürətli inkişafına mane olan məqamların aradan qaldırılmasına kömək edəcək. Prezidentin bununla bağlı Fərmanında da bu proseslərin sürətləndirilməsinə təkan verəcək məqamlar var. Konsepsiyada nəzərdə tutulan tədbirlərin icrasına nəzarət və əlaqələndirmə Nazirlər Kabinetinə tapşırılıb. Nazirlər Kabineti rəqəmsal həllərin səmərəliliyini test rejimində qiymətləndirmək və elektron xidmətlərin məqsədəuyğunluğunu müəyyən etmək üçün təkliflər hazırlayıb təqdim edəcək. Konsepsiyada rəqəmsal inkişaf sahəsində əsas icraedici qurum kimi RİNN müəyyən edilib. Yəni dövlət qurumları tərəfindən rəqəmsal inkişaf layihələrinin həyata keçirilməsi üçün Nazirliyin rəyi məcburi olacaq. Nazirlik süni intellekt həllərinin tətbiqi və data əsaslı qərarların qəbul edilməsi istiqamətində dövlət qurumları ilə birgə çalışacaq”.
Yazını hazırladı: Dünya SAKİT