RU

Bakıda “Əsrin məhkəməsi” başladı: "Gəncənin vurulması..." - Arutunyan üzrxahlıq etdi

Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu proses, ilk növbədə, Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyəti və digər qanunsuz əməllərinin məhkəmə yolu təsbit olunmasına xidmət edəcək.

Bakı Məhkəmə Kompleksində yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin edilib.

Əvvəlcə tərcüməçilər elan olunub, onlara qanunvericiliyin tələbləri, o cümlədən hüquq və vəzifələri izah edilməklə, təqsirləndirilən şəxslərin tərcüməçilərə, habelə proses iştirakçılarının məhkəmə tərkibinə, bir-birinə etirazlarının olub-olmaması dəqiqləşdirilib.

Sonra iş üzrə təqsirləndirilən şəxslərin müdafiəçiləri elan olunub. Məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı, Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak edib.

Bildirilib ki, cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin hüquq və vəzifələri onlara erməni dilində izah olunub.

Bununla yanaşı, məhkəmə iclası zamanı da onların hüquq və vəzifələri bir daha izah edilib.

Sonra məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra A.Arutyunyan məhkəməyə müraciət edərək çıxış etmək istədiyini deyib. Hakim ona söz verib.

A.Arutyunyan bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir:

“Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm”.

Daha sonda məhkəmə prosesi yanvarın 21-dək təxirə salınıb.

Qeyd edək ki, zərərçəkmiş şəxslərin, onların nümayəndələrinin və hüquqi varislərinin iştirak etdikləri məhkəmə iclas zalında 350-dən çox şəxs olub.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Arutyunyan Araik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

***

Bu məhkəmə prosesi xalqımız üçün tarixi hadisədir.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc çoxsaylı hərbi cinayətlərdə ittiham olunan keçmiş və qondarma “dqr rəhbərliyi”nin 17 yanvarda başlayan məhkəmə prosesi haqda danışarkən deyib.

Millət vəkili bildirib ki, bu, Azərbaycan torpaqlarının qəsb edilməsi ideologiyasını və onun icraçılarını 100 ildir mühakimə edə, cəzalandıra bilməyən dövlətimiz üçün böyük tarixi olaydır:

“Bu məhkəmə, bu mühakimə prosesi Zəfər hərəkatımızın, müqəddəs müharibəmizin nəticəsidir. Bunu təmin edən Prezidentimiz İlham Əliyevdir. Ona görə də bu hadisəni kiminsə “Əsrin məhkəməsi” adlandırması mübaliğə deyil, gerçək qiymətləndirmədir.

35 il ərzində Zori Balayanlar, İgidyanlar və başqa şəxslər separatizmi və Qarabağda soyqırımları, etnik təmizləmələri, işğalı alovlandırıblar. 1987-1989-cu illərdə yüzminlərlə azərbaycanlı dədə-baba torpaqlarından çıxarıldı, zorakılığa məruz qaldı, Qərbi Azərbaycanda etnik təmizləmə aparıldı. İndi o məşəqqətləri yaşayan insanlardan sağ qalanların hamısının gözü, ürəyi, beyni, düşüncəsi bu məhkəməyə dikilib. Bu, torpaqlarımızın bütövlüyü uğrunda həyatını qurban verən insanların doğmalarının, qazilərimizin, veteranlarımızın, şahidlərin, bütövlükdə xalqımızın onillərdir görmək istədiyi ədalət mühakiməsidir.

Düşünürəm ki, burada həm prokurorluq, həm də məhkəmə orqanlarımızın üzərinə tarixi missiya düşür. Onlar burada hansısa emosiya və ya nifrət duyğularını deyil, hüququn aliliyini əsas götürməlidirlər. Çünki hazırda qanun da, hüquq da, fakt da bizim tərəfimizdədir, ədalət də.

Ona görə burada söz artıq hüququndur – insanların kütləvi qətlə yetirilməsi, soyqırım və bəşəri cinayətlər, həmçinin insanların mülkünün ələ keçirilməsi və s.

Uzun illər ərzində qeyd edilən cinayətlərin təşkilatçıları və əsas icraçıları kimi bu mühakimə edilən insanların adı keçir. Əlbəttə ki, bu nöqtədə siyasətçilərimizə, dövlət adamlarımıza, media nümayəndələrimizə çağırış ondan ibarətdir ki, məhz burada qalib dövlət və qalib xalq duruşunu və ədasını nümayiş etdirək, məhkəməni qabaqlamayaq, vaxtından əvvəl hökm çıxarmayaq.

Diqqətinizə çatdırım ki, Almaniyada Tələt Paşanı qətlə yetirən Soğomon Teqliryan erməni düşüncəsində, əməllərində, kitablarında qəhrəmanlaşdırılırdı. Təəssüf ki, onların qəhrəmanlaşdırdığı əksər erməni xalqımızın qanı üzərində heykəlləşənlərdir.

İndi isə bizim missiyamız bu məsələlərə elə qiymət verməkdir ki, ədalətinə kimsənin şübhəsi olmasın. Doğrudur, xalqımızın içində emosional reaksiyalar başadüşüləndir. Çünki, məsələn, müharibə zonasından 100 km uzaqlıqdakı Gəncə şəhərində mülki insanları gecə yarısı, daha çox insanın ölməsini təmin etmək üçün yatdığı yerdə raket zərbələrinə məruz qoyan, sonra da efirə çıxıb, “əmri mən verdim” deyən bir şəxsin indi məhkəmədə söylədiklərinə insanlarımızın dərin emosional reaksiyasının qarşısını almaq çətindir. O qətliamlarda valideynini, körpə övladını itirənlər var və Araik Arutyunyanın mülki insanların qətliamından sonra o cür ifadələrini unutmaq çətindir. Axı hadisənin də üstündən cəmi 4 ildən bir qədər çox vaxt keçib, yaralar təzədir, dərindir”.

Millət vəkili bütün bunlara baxmayaraq, düşmənin və onların havadarlarının beynəlxalq hüququn arxasında gizlənərək, hiyləgər oyun qurduğunu bir daha xatırladıb:

“Görürsünüz, onların ətrafında nə qədər “beynəlxalq müdafiə istehkamı” düzəldilib. Bu qüvvələrin ətrafında çətir quran, hətta onları “siyasi məhbus” adlandırmağa və bunu elə bu cür də qələmə verməyə çalışanlar xırda hüquqi boşluqlar tapmağa, hansısa prosedurun pozulduğunu dərhal qeydə almağa, o cümlədən “təqsirsizlik prezumpsiyası” anlayışını istismar etməyə çalışırlar. Qeyd edim ki, ittiham olunanlardan biri – Ruben Vardaryanın milyardı aşan sərvəti var və o, milyonlarla dollar müqabilində dünyaca məşhur hüquqşünası vəkil tutub, o cümlədən beynəlxalq mediada piarını aparacaq komanda müəyyənləşdirib. Diqqət edirsinizsə, məhkəməsi başlayanlar içərisində dünya mediasında, o cümlədən erməni saytlarında ən çox adı hallanan, müdafiəsi təşkil edilən də Vardanyandır. Bu “müdafiə şəbəkəsi” kütləvi formada müxtəlif platformalarda çıxışlar edirlər, Azərbaycana təzyiq etməyə cəhd göstərirlər. Bir neçə gündür məhkəmədə iştirak etmək üçün ölkəmizə viza müraciətləri daxil olur. Bu müraciətlər təsadüfi deyil – onlar gəlib, burda hansısa “hüquqi boşluq” tapmağa çalışırlar”.

Zahid Oruc heç bir təşəbbüsün onların ədalətli mühakiməsinə mane olmayacağına əminliyini vurğulayıb.

“Heç bir təxribata uymadan, qanunun aliliyini əsas götürərək, ədalətli bir qərar çıxarılacağına inanıram. Xalqımızdan da xahişim odur ki, güdükdə duranlara, sabah bu ədalətli mühakiməyə kölgə salmaq üçün nəsə tapmağa çalışanlara fürsət verməsinlər”.

Избранный
2
8
kanal.az

10Источники