Müqavilə ilə Madrid “Atletiko”suna məxsus olan belçikalı mərkəz yarımmüdafiəçisi Artur Vermeren İspaniya klubuna qayıtmayacaq.
Arena.az xəbər verir ki, bu mövsümün əvvəlində onu icarəyə götürmüş Almaniyanın “Leypsiq” klubu futbolçunun transfer hüquqlarını da alıb.
Bundesliqa təmsilçisi bu transfer üçün İspaniya klubuna 20 milyon avro ödəyib. Arturun “Leypsiq”lə yeni müqaviləsinin müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulub.
Xatırladaq ki, “Leypsiq” Madrid “Atletiko”sunun belçikalı mərkəz yarımmüdafiəçisini 2024-cü ilin avqust ayında icarə müqaviləsi əsasında “öküzlər”in heyətinə qatmışdı. “Leypsiq” belçikalı futbolçunun bir mövsümlük icarəsi üçün “döşəkçilər”ə 3 milyon avro məbləğində ödəniş etmişdi.
Artur Vermeren cari mövsümdə “Leypsiq”də 22 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Vermeren Belçikanın “Antperven” klubunun yetirməsidir. “Atletiko” belçikalı futbolçunu 2024-cü ilin yanvarında 18 milyon avro məbləğ müqabilində “Antverpen”dən heyətinə qatmışdı. Vermeren “döşəkçilər”lə müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalamışdı. Vermeren “Atletiko”nun heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyun keçirib.
Artur Vermeren 2023-cü ilin oktyabr ayında debüt etdiyi Belçika yığmasının heyətində 6 oyun keçirib. O, millidə də məhsuldar fəaliyyətlə fərqlənməyib.
Artuq Vermerenin qənimətlər muzeyində “Antverpen”lə qazandığı Beçika çempionluğu, Belçika Kuboku və Belçika Super Kuboku var.
“Transfermarkt” internet-portalı 19 yaşlı belçikalı mərkəz yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.