Sea Breeze

20 Yanvar hadisələrinin 35-ci ildönümü münasibətilə Azərbaycan Tibb Universitetində anım tədbiri keçirilib. Əvvəlcə 20 Yanvar şəhidlərinin və sonrakı illərdə torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda öz həyatlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Anım mərasimində çıxış edən ATU-nun Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov 1990-cı ilin 20 Yanvar gününün Azərbaycanın müasir tarixinə ən faciəli və ən şərəfli səhifələrdən biri kimi daxil olduğunu vurğulayıb. Bildirib ki, 35 il əvvəl baş verən bu qanlı faciə bizləri dərindən sarsıtsa da, bir xalq olaraq sınmadıq,
daha da möhkəmləndik: “Bəzən xalqların tarixində elə hadisələr baş verir ki, heç zaman unudulmur və bu hadisələri yaşayan xalqlar daha da bərkiyir, sürətlə və inamla irəliləyir. Belə bir deyimi xatırlatmaq yerinə düşər ki, azadlıq və müstəqillik heç zaman asanlıqla əldə edilmir. Bu nöqteyi-nəzərdən biz də müstəqilliyimizin qazanılması üçün çoxlu faciələr yaşamışıq, böyük sınaqlardan keçmişik”.

Tədbir iştirakçıları arasında 20 Yanvar faciəsinin canlı şahidlərinin, eyni zamanda bu haqda ancaq kitablardan oxuyan, valideynlərdən eşidən tələbələrin əyləşdiyini söyləyən prorektor, bu qanlı hadisənin Azərbaycanın SSRİ-nin tərkibinə daxil olduğu bir dövrə baş verdiyini xatırladıb: “İnsanların azadlığı, müstəqilliyə can atdığı bir dövrdə sovet rəhbərliyi xalqımızın əzmini qırmaq üçün bu faciəni törətdi. O zaman heç kəsin ağlına gəlməzdi ki, sovet höküməti öz vətəndaşlarının üzərinə tankla, silahla çıxaraq, onları qanına qəltan edə bilər. Amma bununla belə, xalqımızın cəsur övladları üzərlərinə qoşun yeridiləcəyini, hətta həyatlarını itirə biləcəklərini göz önünə gətirərək geri çəkilmədilər, şəhidliyi çeçdilər. Bu faciə zamanı 131 nəfər şəhid oldu, 744 nəfər müxtəif dərəcəli xəsarət aldı, 841 nəfər günahsız insan isə həbsə atıldı. Qanlı faciə nəinki bizi sındıra bilmədi, hətta mətinləşdirdi”.
Bu faciənin həm də dünya ölkələrinin vicdanını sınağa çəkdiyini bildirən N. Pənahov, o dövrdə səsimizə səs verən dünya dövlətlərinin də çox az olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, o ağır dövrdə Ulu Öndərimiz Heydər Əliyev öz həyatını risk altında qoyaraq ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı səfirliyinə gəldi və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərdi.

O acı tarixi yaşaya-yaşaya xalqımızın sonda tarixı zəfər qazandığını, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və siyasi uzaqgörənliyi, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində suverenliyimizin bərpa edildiyini deyən prorektor, 20 Yanvar şəhidlərinin də qisasının alındığını, Azərbaycan xalqının böyük və əzmkar xalq olmasının bütün dünyaya sübut edildiyini vurğulayıb.

ATU-nun İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev, 75-dən çox ölkədə yaşayan 55 milyon azərbaycanlı tərəfindən hər il 20 Yanvar faciəsinin böyük ehtiramla anıldığını deyib. Həmin günə qədər baş verən digər hadisələrin tarixi ardıcıllığına da toxunaraq, qanlı faciəyə gətirib çıxaran səbəblərdən danışıb. Başımıza gətirilən bu müsibətlərdən ibrət dərsi götürüb bir daha səhvlərə yol verməməyin, xalqın ölkə rəhbərinin ətrafında möhkəm birləşməsinin vacibliyini önə çəkib.

Ümumi cərrahiyyə kafedrasının professoru Eldar Əliyev yaddaşımıza dərin hüzn və milli qürur günü kimi həkk olunan Qanlı Yanvar gecəsi ilə bağlı xatirələrini bölüşüb. O, 20 Yanvar faciəsini həm də bir dönüş nöqtəsi kimi səciyələndirərək, həmin cinayəti törədənlərə qarşı insanlarda güclü nifrət hissinin yarandığını, o vahiməli gecədə, çətin şəraitdə həkimlərimizin yaralılara böyük fədakarlıqla yardım etdiklərini söyləyib. Qara Yanvar gecəsindən sonsuz kədər hissi ilə danışan həkim, 44 günlük Vətən müharibəsində şanlı qələbəmizdən, ata yurdu Laçın şəhərinə sərbəst gedib-gəlməsindən isə qürurla söz açıb. II Müalicə profilaktika fakültəsinin IV kurs tələbəsi Nigar Babayeva tələbələr adından çıxış edərək bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. 20 Yanvarı təkcə hüzn günü kimi deyil, həm də şan və şərəf günü adlandıran gənc tələbə, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçənlərin heç zaman unudulmayacağını, onların şücaət və qəhrəmanlıqlarının gənclərə və böyüməkdə olan nəsillərə örnək olacağını, daim dərin ehtiramla xatırlanacağını deyib.

Anım tədbirində 20 Yanvar hadisələrinə dair videoçarx da nümayiş etdirilib.

ETX
ETX
ETX