RU

Gürcüstan Parlamentinin Komitə sədri: Azərbaycan və Prezident İlham Əliyevin dəstəyi bizimçün vacibdir

Azərbaycan və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir. Ölkələrimizin əməkdaşlığı Cənubi Qafqazda sülhün zəmanətidir.

Bu sözləri “Report”un yerli bürosuna Gürcüstan parlamentinin Regionlararası siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadagişvili deyib.

O, qeyd edib ki, Azərbaycan və Gürcüstan liderlərinin, xalqlarının müdrikliyi regionu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən xilas edib: “Qonşu, dost ölkələr həmişə bu məsələlərə diqqət yetirməlidirlər ki, qarşıya çıxan problemlər və ya sualları həmişə birgə həll etsinlər, bir-birinə dəstək olsunlar. Bu, hər bir ölkənin suverenliyini və demokratiyasını gücləndirir. Düşünürəm ki, bu məsələlərin həllində əməkdaşlıq vacib rol oynayır.

İndi bəzi qüvvələr Gürcüstanda vəziyyəti gərginləşdirməyə çalışır, buna görə də Azərbaycanın və onun Prezidenti İlham Əliyevin dəstəyi Gürcüstan üçün çox vacibdir”.

İrakli Kadagişvilinin sözlərinə görə, parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk rəsmi səfərini Azərbaycana etməsi onu göstərir ki, iki ölkə arasında münasibətlər nə qədər vacib və çox məhsuldardır: “Regionda həyati əhəmiyyət kəsb edən bir sıra məsələlər var ki, onlar həm Gürcüstan, həm də Azərbaycan üçün çox önəmlidir. Çünki Cənubi Qafqaz bizim birgə inşa etməli olduğumuz regiondur, burada sülh, sabitlik və daha da irəliləyən iqtisadi inkişaf üçün bütün imkanlar olmalıdır. Bunun üçün yalnız iqtisadi və geosiyasi şərtlər deyil, həm də çoxlu sayda məsələlər var ki, bu məsələlər bizi iki dövlət, iki xalq olaraq birləşdirir. Bunlar həm də Gürcüstan və Azərbaycan cəmiyyətləri üçün vacib olan dəyərlərdir. Beləliklə, bu dostluq, yaxşı qonşuluq və strateji tərəfdaşlıq əlaqələrimizin daha da inkişaf etməsi üçün mükəmməl təməl yaradır”.

O, qeyd edib ki, Cənubi Qafqaz həmişə şərqlə qərb arasında körpü rolunu oynayıb. Buna görə də, “İpək Yolu” layihəsi indi daha aktualdır və iki ölkə bu məsələdə vacib strateji təşəbbüsə sahibdirlər: “Biz həmin istiqamətdə daha da inkişaf etməliyik. Bu baxımdan, Azərbaycanla münasibətlərimizi möhkəmləndirməyə çalışırıq”.

Gürcüstan parlamentinin Regionlararası siyasət və özünüidarəetmə komitəsinin sədri, parlamentin hakimiyyət tərəfdarı üzvü İrakli Kadagişvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlığı yüksək qiymətləndirib. Onun sözlərinə görə, iki ölkə arasında qurulan dostluq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə sabitlik və iqtisadi inkişaf üçün müstəsna əhəmiyyət daşıyır. Kadagişvili xüsusilə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin vacibliyini vurğulayıb.

Избранный
2
6
far.az

10Источники