RU

Faciə milli şüurun formalaşmasında silinməz iz qoydu

Üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində baş verən qanlı hadisə xalqımızın yaddaşında silinməz iz buraxıb. Dünya tarixinə 20 Yanvar faciəsi kimi düşən bu hadisə Azərbaycanın milli müstəqillik hərəkatında çox böyük rol oynadı və azadlığa gedən yolun qansız-qadasız ötüşmədiyini bir daha təsdiq etdi. Erməni separatizminin baş qaldırmasına və SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq etirazları sonradan daha geniş vüsət aldı və milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu.

Topxana meşəsinin qırılmasına, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı bütün dünyaya səs saldı. Bu hərəkatı yatırmaq üçün Kreml azərbaycanlılara qarşı repressiya maşınını yenidən işə saldı. Erməni lobbisinin ruporuna çevrilən Qorbaçovun əmri ilə yanvarın 19-da gecə ikən sovet ordusu paytaxtımıza – dinc sakinlərin üzərinə yeridildi. Qadınlar, uşaqlar, qocalar aman verilmədən qətlə yetirildilər. 20 Yanvar faciəsi xalqımızın azadlıq hərəkatının kulminasiya nöqtəsi oldu.

Tanklar və zirehli maşınlar Bakı küçələrinə ölüm səpirdi. Hərbçilərin güllə yağışına heç bir məkan müqavimət göstərə bilmirdi. İnsanlar öz evlərində, avtobusda və ya sadəcə küçədə hərəkət edərkən güllələrin hədəfinə çevrilirdi. Bu güllələr qəddarcasına, yaxın məsafədən açılır, heç bir mərhəmət göstərilmirdi. Hətta xəstəxanalar və təcili yardım maşınları belə atəşə tutulur, insan həyatını xilas etmək üçün çalışan həkimlər qətlə yetirilirdi. Bu vəhşilik, bu qanlı səhnələr o qara günlərin dəhşətli xatirəsi olaraq qalacaq.

Faciə nəticəsində 150 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Bütün baş verənlər, hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Azadlıq mübarizəsini qan içində boğmağa çalışan Sovet imperiyasına qarşı etirazlar daha da gücləndi. Repressiya, kütləvi qətliamlar qarşısında mətinləşən xalqımız bütün dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Milyonlarla insan 20 Yanvar faciəsindən sonra da Bakı küçələrində azadlıq şüarı səsləndirdilər. 40 gün meydanlarda gecələyən xalqımız göstərdi ki, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətləri, repressiyaları mübarizə əzmimizi qıra bilməz. O günlərdə bütün dünya azərbaycanlılarla həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.

Azərbaycan xalqı məşum gecədə baş verənləri, azadlıq qurbanlarını hər il yad edir, onlara ehtiram göstərir.

20 Yanvar faciəsinə ən doğru, qətiyyətli qiyməti məhz o zaman Moskvada olan Ümummilli Lider Heydər Əliyev verdi. “Ulu öndər mətbuat konfransı keçirərək sovet rəhbərliyinin qanlı cinayətlərini kəskin şəkildə pislədi. Onun iradəsi, ortaya qoyduğu qətiyyətli mövqeyi xalqa daha da güc verdi. Xalqın qəlbində əbədi sevgi qazanmış Ulu Öndər siyasi iradəsinin nəticəsi olaraq 20 Yanvar hadisələrinə hüquqi qiymət verildi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əvvəlcə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, 1994-cü il martın 29-da isə parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bununla da Ümummilli Lider 20 Yanvar faciəsinə və faciə qurbanlarına münasibətini ortaya qoydu. 20 Yanvar şəhidlərinin ailələri və əlil olmuş şəxslər bu gün də dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse – prezident Mehriban xanım Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlil olmuş şəxslərə hər zaman xüsusi həssaslıqla yanaşırlar, onların sosial problemlərinin həllinə dəstək olurlar. Əminliklə söyləmək olar ki, bu gün 20 Yanvar şəhidlərinin ruhu şaddır. Onların Azərbaycanın azadlığı və bütövlüyü uğrunda apardığı mübarizə qələbə ilə nəticələndi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik qazandı. Doğrudur, müstəqillikdən az sonra hakimiyyətdə olanların səriştəsizliyi ucbatından torpaqlarımız ermənilər tərəfindən işğal olundu, bir milyona yaxın qaçqın və məcburi köçkünlərimiz öz dədə-baba yurdlarından didərgin düşdülər. Amma 27 il sonra – 2020-ci ilin sentyabrında Ordumuzun bölmələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbə əldə etdi. 2023-cü il sentyabrın 20-də Xankəndiyə Azərbaycanın üçrəngli bayrağını sancan igid oğullar ölkəmizin suverenliyini tam bərpa etdi. Bununla da 35 il öncə xalqımızın – 20 Yanvar faciəsi qurbanlarının arzuları, məqsədləri tam həyata keçirildi. Qazandığımız hər bir uğurun mayasında, özülündə 35 il öncə sovet tanklarının qarşısında öz dəyanətini nümayiş etdirən igidlərimizin qəhrəmanlığı var. 20 Yanvar faciəsi Azərbaycan xalqının milli qürur mənbəyinə, Şəhidlər Xiyabanı isə müqəddəs ziyarətgaha çevrilib. Şəhidlər Xiyabanını ziyarət edən hər bir şəxsdə, gənclər və məktəblilərdə milli vətənpərvərlik hissi baş qaldırır. Qəhrəman oğul və qızlarımızın dəfn olunduğu Şəhidlər Xiyabanı həm də Vətən sevgisinin əbədiləşdiyi müqəddəs yer kimi bizə əzizdir.

20 Yanvar tarixinin respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilməsi yeniyetmə və gənclərimizdə tarixi yaddaşa, vətənpərvərlik hissinin formalaşmasına böyük təsir göstərir. Yüz illər keçsə də, öz qanları ilə tarix yazan şəhidlərimizin müqəddəs xatirəsi daim yad ediləcəkdir.

Mehriban VƏLİYEVA,

Milli Məclisin deputatı.

Избранный
29
6
xalq.az

10Источники