Bakı, 19 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin yürütdüyü xarici siyasət kursu və reallaşdırılan qlobal əhəmiyyətli layihələr nəticəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu gündən-günə möhkəmləndirir. Bu xüsusda, Azərbaycanın qonşu və tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri xüsusi önəm daşıyır. Uzun illərdir yüksələn xətt üzrə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətləri bu gün regionun inkişafında, xalqlarımızın rifahının yaxşılaşdırılmasında müstəsna rola malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.
Rəsmi Bakı ilə Tbilisini mehriban qonşuluq, tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələrinin birləşdirdiyini bildirən deputat qeyd edib ki, Gürcüstanda keçirilən parlament seçkilərində “Gürcü Arzusu” Partiyasının qələbəsindən sonra Baş nazir İrakli Kobaxidzenin ilk xarici səfərini ölkəmizə etməsi qonşu dövlətlərimiz arasındakı münasibətlərin təzahürüdür. Mətbuata bəyanatında dövlətimizin başçısı son 10 ay ərzində Baş nazirin Azərbaycana üçüncü dəfə səfər etdiyini xatırladaraq, bunu Gürcüstan-Azərbaycan əlaqələrinin dərin və mənalı xarakter daşımasının göstəricisi kimi xarakterizə etdi.
Mircəlil Qasımlı bildirib ki, parlament seçkilərində qazanılan qələbə gürcü xalqının ölkədə aparılan uğurlu siyasətə dəstəyini nümayiş etdirir. Ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu və düşünülmüş siyasət həyata keçirilib. İnvestisiya mühiti xarici investorlar üçün olduqca əlverişlidir. Sevindirici haldır ki, Azərbaycan investorları da Gürcüstan iqtisadiyyatının inkişafına dəyərli töhfə verirlər. Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə yatırılması ikitərəfli iqtisadi əlaqələrin göstəricisidir.
“Azərbaycan Prezidenti mətbuata bəyanatında da ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığı xüsusi qeyd etdi. Təbii ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı ötən illər ərzində mühüm qlobal əhəmiyyətli enerji layihələrinin icrasını təmin edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi kimi tarixi əhəmiyyətli layihələrin uğurla reallaşdırılmasında bu əməkdaşlıq böyük rol oynayıb. Enerji keçidi dövründə “yaşıl enerji” layihələri üzrə də birgə əməkdaşlıq uğurla həyata keçirilir”, - deyə M.Qasımlı vurğulayıb.
Deputat bildirib ki, güclü iqtisadi potensialı özündə ehtiva edən Orta Dəhliz layihəsi Avropa ilə Asiya arasındakı körpü rolunu oynayan Azərbaycan və Gürcüstanın beynəlxalq miqyasda siyasi və iqtisadi mövqelərini daha da gücləndirəcək.
“Azərbaycan ilə Gürcüstan arasında sıx əməkdaşlıq əlaqələri bütün sahələri əhatə edir. Bu günədək dost ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən 123 sənəd imzalanıb, münasibətlərimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza formalaşdırılıb. Həyata keçirilən yüksək səviyyəli qarşılıq səfərlər münasibətlərin inkişafına dəyərli töhfə verir, yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına zəmin yaradır”,- deyə Milli Məclisin deputatı vurğulayıb.