Əvvəlcə qeyd etmək yerinə düşər ki, Arçut kəndinin yaşayış tipindən, formasından irəli gələn xarakterik xüsusiyyəti onda iki mühüm sivilizasiya formasının mövcudluğu ilə şərtlənirdi: birincisi, kəndin əsas yaşayış forması oturaq mədəniyyətdən, bütün fəsilləri üçün daimi və dayanıqlı olan yaşayış məskənindən ibarət idi. Bu mədəniyyət forması kəndin "Çay və dərə" sivilizasiyasından başlamışdı və inkişaf etməkdə idi. Dərədən başlayan sivilizasiya ətraflara doğru, düzənliklərdə, dağ ətəklərində tamamlanırdı. Eyni zamanda dərəyuxarı boyunca tarixi komlar, yaylaq yurdları hesabına böyümüşdü. Kəndin yaşayış məskəni günü-gündən böyüməkdə idi. Bu əhatələnmə artıq çevrə xarakteri almışdı. Dörd bir yanı əhatə edirdi. 1988-ci ilə qədər çoxlu sayda həyətyanı təsərrüfat yaranımışdı. Kənd demoqrafik baxımından gəncləşirdi. Uşaqların, yeniyetmələrin və gənc ailələrin sayı durmadan artırdı. Bu artım demoqrafik tərkibi zənginləşdirirdi, həmçinin qazancların çoxalmasını təmin edirdi. Oturaq sivilzasiyanın xüsusiyyəti ondan ibarət idi ki, bu formada insanlar köklü şəkildə məhlələrdə, həyət-bacalarında yurd salaraq yaşayırdılar. Mal-qara və heyvanlar otlaq ərazilərlə yanaşı, fermalarda və damlarda da bəslənirdi. Kəndiçi və ətrafı təsərrüfatın (şəxsi və dövlət-sovxoz) mövcudluğu sakinləri baza olaraq kəndin özünə bağlayırdı. Daimi yaşamaq ruhunu özündə ehtiva edirdi. Əkinçilik, biçinçilik, məhsul yığımı, mal-qaranın, qoyun-quzunun toyuq-cücənin damlarda, hinlərdə bəslənilməsi və digər məşğuliyyət, o cümlədən oturaq formada maldarlığı, heyvandarlığı inkişaf etdirmək başlıca məqsəd və məşğuliyyət idi. Sovxoz idarələrinin, məktəblərin, mədəniyyət ocaqlarının, istehsalat müəssisələrinin kənddə təşəkkül tapması oturaq mədənyyətin, davamlı sivilizasiyanın inkişafını şərtləndirirdi. Oturaq mədəniyyət özlüyündə həm də ticarəti, şəxsi həyətyanı sahələrdən əldə olunan məhsulların şəhər bazarlarında realizəsini də ehtiva edirdi. Bazarların çoxluğu özlüyündə oturaq mədəniyyətə müsbət təsir edirdi. Oturaq mədəniyyət sovxoz məhsulunun (meyvəçilik, tərəvəzçilik, taxıl məhsulları, otlaq ərazilərin biçinindən; heyvandarlıqdan, maldarlıqdan götürülən məhsullar) əldə olunması proseslərini özündə əks etdirirdi. Kollektiv güc sovxozda və fərdi həyətyanı sahələrdə cəmləşirdi. Bununla da kənd günü-gündən inkişaf edir, tərəqqi dövrünü yaşayırdı. Kəndin elektriklə təminatı, radio və televiziyanın inkişafı, ATS telefonlarının istismarı və istifadəsi, poçt xidməti, uşaq bağçası, orta məktəb, tibb məntəqəsi, dükanlar və şəhərlərlə əlaqə özlüyündə oturaq mədəniyyətin tərkibini gücləndirən vasitələr sırasına daxil idi. Kəndin oturaq sivilizasiyası kənd gənclərinin ölkənin müxtəlif regionlarla bağlanmasını, əlaqələrin böyüməsini özündə daşıyırdı. Kənd həm oturaq sivilizasiyasından, həm də yaylaq təsərrüfatından qacanclar əldə edir və özünün yaxşı, xoşbəxt və firavan həyatını təşkil edə bilirdi.
Ardıc üçün xarakterik mədəniyyətdən biri də onun hər yay mövsümündə baş verən "Yaylaq köçü" miqrasiyası idi. Bu ənənə yayda "Dağa çıxmaq", üzü payıza dönəndə "Dağdan enmək" kimi prosesləri, təsərrüfat vasitələrinin axınlarını (insan köçünün, mal-qara və heyvan sürüsünün axınını) özündə ehtiva edirdi. Dağa çıxmaqda başlıca məqsəd qışa hazırlıq üçün məhsuldarlığı artırmaqdan və bazara əlavə məhsullar çıxartmaqdan ibarət idi. Bu məqsəd də təminat funksiyasını özündə ifadə edirdi. Yaylaq ənənəsi özündə bir bayram, şənlik əhval-ruhiyyəsini bəxş edirdi. Bu festival dağətəyi və dağ landşaftının harmoniyasını özündə əks etdirir və təbiətdən səmərli istifadəni şərtləndirirdi. Yaylaq festivalının "Dağa köç" adlanan prosesi başlıca olaraq iyun ayının əvvəllərində başlayırdı. Lakin hərdən elə də olurdu ki, zaman bir az uzanırdı. Bu da ondan irəli gəlirdi ki, bəzən isti havalar öz vaxtında düşmürdü. Dağlara bəzən iyun ayında qar yağırdı, çovğun olurdu. Bu sərinlik və soyuqluq köç prosesini ləngidirdi. Uşaqlar həmin prosesi həvəslə gözləyirdi. Birinci böyüklər gedir, qışdan çıxma alaçıqları (adətən çay daşlarından, torpaqdan, gil palçıqdan tikilir, üstünü qır tollarla örtürdürlər) səhmana salırdılar. Yaşamaq halına gətirirdilər.
Qərbi Azərbaycanın tarixi Pəmbək mahalının Arçut (mənası-Ardıc ağacının çayı, yaxud da Ardıc ağaclarının məskəni) kəndi əlverişli coğrafi mövqedə dağətəyi məkanda yerləşir. Sakinləri onu canlandırır, kənd həyatında coşqu yaradırdı. Öz başlanğıcını dağlardakı dərələrdən götürən Ardıc çayı kəndi iki hissəyə bölür. Kənd 1988-ci ilə qədər demək olar ki, hər iki hissədə (o toyda və bu toyda) taraz şəkildə böyüyürdü. Kəndin əsas yaşayış yeri dərənin iki hissəsində yerləşən dağ ətəkləri və düzənliklərdən ibarətdir. Kəndin çoxəsrlik tarixi həm də onun dağətəyi məskənində, xüsusilə çayətrafı ərazilərdə həkk olunub. Arçut sivilizasiyası öz başlanğıcını məhz çaylardan, üzüyuxarı dağlara doğru uzanan dərələrdən götürüb. Kənd getdikcə çayqırağı və ətraflara doğru böyüyüb. Sivilizasiya daha da genişlənib. 1988-ci ilin dekabr ayında kənd erməni zülmünə, deportasiyaya məruz qalanda özünün təxminən dörd min nəfərlik əhalisi ilə yadda qalıb, tarixə həkk olunub. Arçut kəndinin coğrafiyası onun saf təbiətini, quru iqlimini, təmiz havasını, çəmənli, çiçəklli landşaftını, göz oxşayan çöllərini, çəmənli təpə və dağlarını, düzənliklərini şərtləndirib. Sərin bulaqların, çayların ahəngi, harmoniyası, təbiətin flora və fauna mühitinin uyğunluğu sakinlərin saf ruhlarının bazasında qərarlaşıb. Kəndin gündöyən (Güneyli məkan) təbiəti, Günəşli iqlimi onun saf mühitinə olduqca öz müsbət təsirlərini göstərir. Dağlara qalxdıqca daha da sərinləşən məkanlar, bir-birini əvəzləyən çaylar, çənli və dumanlı ərazilər insanlarını, doğma sakinlərini kəndə daha çox bağlayırdı. Qışda ağ örpəyə bürünən təbiət, qalın qar soyuqluq gətirsə də əslində insanlar çox isti bir mühitdə yaşayıb yaratmaqla və qurmaqla məşğul idilər. Əhalinin zəhmətkeşliyi kənd həyatına mənalar qatırdı. (Qeyd: Kənddə "Əlləşən" deyilən toponim var idi. Orada fermalar yerləşirdi. Məhsullar əldə olunurdu. Məkan dağ ətəyində yerləşirdi)
Arçut kəndinin təbiəti, iqlimi, kəndin "Çay və dərə" sivilizasiyasını onun "Yaylaq sivilizasiyası" ilə tamamlayırdı. Gözəl fəsli bir harmoniya yaradırdı.
Arçutun yaylağı -kəndli bir uşağın (Elşən Misir oğlu Nəsibovun) xatirələrində: keçmişdən-gələcəyə yaddaşın əsasları və yaddaşın ötürülməsi
Mən (Elşən Nəsibov) 1977-ci ildə Arçutda doğulmuşam. Kəndin göz oxşayan bütün fəsilləri yaddaşımda dərin mənalar həkk edib. 1988-ci ilin yayına qədər uşaqlıq illərim, yay tətilində Arçut yaylağında-nənəmin, anamın və bibimin (mamanın) yanında keçib. Bu, xoş günlər mənim yaddaşımda silinməz, təravətli, nostalgiya yaradan izlər buraxıb. Məktəbin bitməsi və yay fəslinin başlaması kənd uşaqları üçün də əsil bayrama çevrilirdi. Dağlar qoynunda, dərələrdə, çay kənarlarında günəşli, dumanlı, çəmənli, şehli məkanlarda mənalı istirahət başlayırdı. Yadımdadır, hər ilin iyun ayında kəndin bir çox sakini bəzi məişət əşyalarını özləri ilə götürərək, dağların qoynunda yerləşən, olduqca səfalı təbiəti olan yaylağa köç edirdi. Bu gözəl miqrasiyanın, köçün kənd üçün bir adı var idi: -Dağa çıxmaq. Mayın sonları və iyunun əvvəllərində "Dağa çıxmaq" dəbə minirdi. Kənd camaatı kənddən bir neçə kilometr aralıda yerləşən, safalı bir məkanda, dağlar qoynunda özləri üçün yaylaq məkanı düzəltmişdi. Yurdlar salmışdı. Yaylaqda hər bir məkana ad vermişdilər. Məsələn, mən daim "Hənfətoylan"ı, "Araz yurdu"nu, "Kolxozun binəsi"ni, "Məşədilərin yurdu"nu, "Xalxal yurdu", "Çökək yurdu", "Qırxbulağı", "Kol yolunu", "Todar dağı"nı, "Çələvi"ni və digər yerləri görürdüm. Çox yaxşı yadımdadır, sovxozun yük maşını sağıcıları (biz onları sağınçılar adlandırırdıq) kənddən yaylağa aparıb gətirirdi. Nənəm, anam və bibim sovxozda sağıcı işləyirdilər. Ona görə də babamgil yaylaqda yurd salırdı. Hər yay o yurdda məskunlaşırdıq. Axırıncı illərdə sovxoz öz işçiləri üçün birmərtəbəli on ədəd panel evlər tikmişdi. Onlardan bir otaq da bizə verilmişdi.
Əvvəlcə böyüklər yaylağa çıxırdı. Naxırçılar, çobanlar sovxozun mal-qarasını və heyvanlarını dağa qaldırırdılar. Onları yurdlarda, bərələrdə ayrılmış yerlərdə saxlayırdılar. Sovxoz işçiləri öz şəxsi inəklərini, qoyun-quzu və toyuq-cücələrini də özləri ilə aparırdılar. Ardınca biz uşaqlar "süd maşınları"na (bidonlarda süd daşıyan maşınları biz elə adlandırırdıq. Daha çox "Qaz-66" maşını ilə fəxr edirdik. Dağ yolunda təhlükəsizliyə görə bu maşına ümid edirdik) minərək yaylaqdakı böyüklərin yanına qalxırdıq. Çox yaxşı yadımdadır. Südçülərlə, sağıcılarla yol gedirdik. Böyüklərin zarafatlarından ləzzət alırdıq. Bəzən sağıcılar yolda pendir, pomidor və göyərti tərəvəz yeyirdilər. Bu, çox ləzzətli, iştahverci bir mənzərə idi. Kəndin qırağındakı şamlıqları keçərək maşın dolama yollarla dağa qalxırdı. Böyük Qarakilsə (Kirovakan) şəhəri hündürdən daha yaxşı görünürdü. "Sırxana" nın (sığırxana-mal-qara saxlanılan yer mənasını verir) təbiəti çox gözəl idi. Özünün baldırğanları ilə, həmçinin sərin suyu ilə məşhur idi. Sırxanada mal-qaranın sulanması üçün nov da düzəldilmişdi. Kəklik quşları bol idi. Sırxananı keçdikdən sonra "Qiyaxlı" bizi qarşılayırdı. Yaylağın təravəti elə buradaca dərhal hiss olunurdu. Dağların üstü ilə yaylaqdakı yurdlara doğru gedirdik. Sağa baxanda çaylar, uzanan sıra dağlar, həm də çəmənli və güllü-çiçəkli məkanlar xoş oxşayırdı. Rəngbərəng və çalarlı quşların səsi isə əsil nəğmə idi. Süddaşıyan maşın bir az qabağa getdikdə yaylağın, binələrin olduğu yerlər uzaqdan görünürdü. Birinci "Qırxbulaq dərəsi"ni görürdük. Ardıncı, dağı aşan kimi "Kolxozun binəsi" gəlirdi. Onu keçdikdən sonra yük maşını "Hənfətoylan"a doğru yön alırdı. Solda "Məşədilərin yurdu" qalırdı. Ondan da o tərəfdə "Araz yurdu" və "Todar dağı"nın ərazisi idi. "Todar dağı"nın başı daim qarlı olurdu. Yayda qar yeməyə çıxırdıq. Qışdan qalmış qara qurd belə düşürdü.
"Hənfətoylan"da sovxozun inəkləri sağılırdı. Biz də orada olurduq. Bizə deyirdilər ki, filan buğa vurağandır. Uzaqda dayanın, sizi vurar. Mənə rəhmətlik Bayram (çoban, mala baxan idi) kişi tez-tez fit çaldırırdı. Mən də fitlə musiqi səsləndirirdim. Ondan xoşlanırdı.
Kolxozun binəsinin yerləşdiyi dağ ətəyinin hər iki tərəfindən, dərədən çay axırdı. Dərədə, yoxuşlardan, döşlərdən başlanğıc götürən bulaqlar var idi. Adi bir borunu torpağa taxmaqla su əldə etmək olurdu. Suyu həddən artıq sərin idi. Uşaqlarla çayın qabağını kəsib ( dağ döşündən kəsilən çumbuzla-qazondan, çəmənlikdən ibarət torpaq kəsikləri) çimmək üçün gölməçə yaradırdıq. Suyu buz kimi olurdu.
"Qırxbulağ"ın suyu dağ döşündəki qayalardan süzülürdü. Deyilənə görə bulağın qırx gözü var idi. Qırxbulağa həm su üçün, həm də ziyarət məqsədilə gedirdik. Biz uşaqlar orada nəzir qoyulan qəpikləri axtarırdıq. Qırxbulağın gözlərində ocaq yandırırdılar. Bulaqları pir olaraq ziyarət edirdilər. Bulaq başında süfrə açırdılar. Qurbanlar kəsirdilər. Dualar edirdilər.
Çox yaxşı yadımdadır, Çələviyə (Çələvi toponimdir) yer üzümü yığmağa gedirdik. Hərəmizin bir vedrəsi olurdu. Kim çox yığacaq deyə, yarışma aparırdıq. Vedrənin dolmasını gözləyirdik. Bol üzüm sahəsi tapanda qışqırırdıq. Hamını yığmağa səsləyirdik.
Uşaqlar ənzəli oyunu, çiling agac oyunu, qappadaş oyunu və s.kimi əyləncəli oyunlar təşkil edirdilər.
Yaylağın axşamı bambaşqa olurdu. Uzaqdan-yaxından itlərin, canavarların ulaşması eşidilirdi. Digər qəribə səslər də (heyvan və quş səsləri) eşidilirdi. Qoyun-quzular arxaca salınırdı. Mallar da arxacda (yataqda) saxlanılırdı. Ən böyük qorxu canavarların hücum edə biləcək qorxusu idi. Yaylaq elektriksiz idi. Hamı öz yürdunda neft lampası yandırırdı. Lampa ətrafına toplaşıb şirin-şirin söhbətlər edirdilər. Biz uşaqlar da böyüklərin söhbətlərinə qulaq asırdıq. Axşamlar sərin olurdu. Yaşlı insanlar əyinlərinə bəzən kürk geyirdilər. Qadınlar bellərinə də şallar bağlayırdılar. Yaşlı qadınların başları şallarla örtülü olurdu. Kişilər isə yay olmasına baxmayaraq papaqda gəzirdilər. Divarlardan yapıncılar asılır, çoban çubuqları qapı yanına qoyulurdu. Yaylağın axşamı çox romantiq olurdu. Zil qaranlıqda adi bir işıq da xüsusi zövq verirdi. Dağlara, dərələrə baxanda hərdən adamı vahimə basırdı. Zil qaranlıq məkana qorxu gətirirdi. Lakin buna baxmayaraq insanların bir məkana toplaşması ürək-dirək verirdi. Qorxu hissini aradan qaldırırdı. Axşamlar nağıllara danışılır, bayatılar söylənilirdi.
Əvəlik yeməyi çox məşhur idi. Hər yan əvəliklə dolu idi. Yığıb qış üçün azuqə də saxlayırdılar. Qurudurdular, Hörük kimi bağlama, burma edirdilər. Qurudla (süzmə qurusu) xəşilin, xəngəlin dadı tam başqa idi. Kərə yağını əridəndə iyisi aləmi bürüyürdü. Yemək bişirmək üçün daha çox neft maşınkasından (nöyüt maşınkası deyirdilər) istifadə edirdilər. Böyük kişilər kola odun gətirməyə gedirdilər. Bəzən biz uşaqları da köməkçi kimi yanlarında aparırdılar. Parçadan tikilmiş yemək çantalarında çörək, pendir, pomidor, xiyar və göyərti olurdu. Bir də qənd və noğul götürürdülər. Dağların bulaqlarından şərbət hazırlayıb içirdilər. Odundan sacda çörək bişirmək üçün istifadə edirdilər. Eyni zamanda soyuq axşamlarda da hərdən peç yandırırdılar.
Yadımdadır, "Qırxbulağın" üstündəki yamacda, dağ döşündə bizim "Maral" adında bir inəyimiz otlayırdı. İri gözləri var idi. Maral deyəndə, çönüb adama baxırdı. Öz adını çox yaxşı tanıyırdı. Onu çox istəyirdik. Ərazi bütünlükdə gül-çiçəkdən və otlaq çəmənlikdən ibarət idi. Nənəm məni hərdən göndərirdi ki, gedim onun üzünü bəri, yurda sarı döndərim. Mən də təklikdən qorxurdum. Təbii ki, canavar qorxusu var idi. Ancaq çoban itlərinə çox güvənirdik. Canavarla mübarizədə onlar əsil qəhrəman idilər. Axşam olanda Maral inəyimizin özü yurda gəlirdi. Nənəm onu sağırdı. Axşam inək sağılması mənzərəsini çox xoşlayırdım. Qadınlar hərəsi öz inəyini sağırdı. Heç zaman yadımdan çıxmaz. Qubalı adınıda bir nəfər yaşlı qadın var idi. O, gözəl avazla mahnı oxuya-oxuya inək sağırdı. Onun avazı sanki mənim üçün çalınan bir yayla idi. Dəhşətli dərəcədə zövq alırdım. Hər gün o səhnəni intizarla gözləyirdim. Lampanın iyisi, neft maşınkasının iyisi, ocağın, odunun qoxusu təmiz havada tamamilə başqa cür hiss olunurdu.
Bütün günü çül-çiçək toplayırdıq. Yadımdadır, bir xoş ətirli gül var idi. Onun dərib iyiliyirdik. Adını da "Duxu gülü" qoymuşduq. Deyirdilər ki, bu güldən ətir hazırlanmasında istifadə edirlər. Yağışın yağması və ardınca gün çıxması bambaşqa mənzərə idi. Yağışdan sonra göbələk axtarışına başlayırdıq. Gözəl təbii göbələklər olurdu.
Axşamüstü yaxınlaşanda gözümüz yuxarı, dağın üstünə doğru, kənddən maşın gələn yola baxırdı. Südçü maşınını gözləyirdik. Pay və boğça gəlməsini gözləyirdik. Həm də analarımız üçün darıxırdıq. Ən çox şirniyyatları (ballı konfet, peçenye, quruttu qalet, iris kimi şirniyyatları) gözləyirdik. Gələn kimi uşaqlar arasında bölüşürdük. Paylar, boxçalar bizim üçün əsil bayrama çevbrilirdi.
Sağıcılar, çobanlar yığışıb bulaq başında kollektiv şəkildə yeyib-içmək təşkil edirdilər. Biz uşaqlar da qoşulurduq. Həyat çox maraqlı keçirdi. Hərdən dağların döşünə, uzanırdıq. Maraqlı söhbətlər edirdik, yatırdıq. Şən əyləncələr təşkil edirdik. Zarafatlaşırdıq.
Hərdən sıx duman olurdu. Qara duman o dərəcədə sıx olurdu ki, bir addımlıqda belə göz-gözü görmürdü. Elə olurdu ki, çobanlar qoyun-quzunu azdırırdılar, itirirdilər. Onda qanqaraçılığı olurdu. Çiyinlərində qoşalülə tüfəng axtarışa çıxırdılar. Qadınlar "canavar ağzını bağlamaq" üçün dualar edirdilər. Deyirdilər ki, bu dua olunanda canavarın ağızı qıfıllanır. O halda qoyun-quzuya, mal-qaraya dəymir. Biz də inanırdıq. Nənələr, analar paltarlarını çaylarda yuyurdular. Çox maraqlı olurdu.
Ətraf, dağların döşü, düzənliklər bütünlükdə cığırlardan ibarət idi. Biz cığırlarla uzaqlara gedir və cığırlarla da evə qayıdırdıq. Cığırlar bizim əsil yol bələdçimiz idi.
Ən maraqlı hadisələrdən biri də süd xapı idi. Qadınlar inək sağırdılar. Xap (sıra ilə südü əvəz-əvəz etmək, bir-birinə vermək prosesi) edirdilər. Məhsul hazırlamaq üçün bir-birilərinə süd borcu verirdilər. Ölçü üçün xaz çubuqlardan (nişanə olan çubuqlar) istifadə edirdilər. Süd çəkən maşının qaymaq gətirən gözü biz uşaqların nəlbəkisi üçün işləyirdi. Çox dadlı, təbii qaymaq (biz ona üz deyirdik) yeyirdik. Sözün düzü, aclıq heç vaxt yadımıza düşmürdü. Daha çox lavaş, fətir, xamralı çörək və pendir əlimizə alıb dağlarda gəzirdik.
Nənələrimiz, analarımız çəçil pendir (saçaq pendiri) düzəldirdilər. Süd çəkilən maşından gələn qaymaqdan kərə yağı əldə edirdilər. Qışa azuqə məqsədilə kərə yağını qoyun və quzu qarnına doldururdular. Düzdür, qışda həmin yağdan çörəklə şirin çayla yemək olmurdu. Acı tamı olurdu. Onu əsasən xörək bişirməkdə istifadə edirdilər. Süzmə süzüb qış üçün qurudurdular. Adına da qurud deyirdik. Süzməni adətən yüksək yerdə sərirdilər ki, mal-qara yeməsin.
Xəstələnmək, soyuqlamaq nə olduğunu bilmirdik. Çəmənliklərdə ayağıyalın olurduq. Şeh düşəndə ayağıyalın gəzirdik. "Çələvi" çayının burlğanında çimirdik. Uşaqlar üçün qorxulu idi. Buna baxmayaraq çimirdik. Çələvidə də yaylaq komlarımız var idi.
Biz uşaqlar üçün təxminən iki ay yarım davam edən yaylaq mövsümü çox maraqlı keçirdi. Zamanın necə gəlib getdiyini hiss etmirdik. Bir də o yerdə ayılırdıq ki, bizə deyirdilər ki, artıq məktəbə bir həftə qalıb. Kəndə getməlisiniz. Məktəb paltarları alınmalıdır. Biz də nostalji hissi ilə, xoş təəssüratlarla ayrılıb süd daşıyan maşına minib kəndə yollanırdıq. Bizi kəndimizin yayın istisindən bozarmış dağları və geniş çöllər qarşılayırdı.
Beləcə, Ardıcın "Yay festivalı"ndan yadda qalanlar bunlardan ibarətdir. İnşallah, geriyə dönüb yaylağımızı görmək və yenidən canlandırmaq ümidi ilə
Elşən Misir oğlu Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. Qərbi Azərbaycan İcmasının üzvü. "ARDIC" Hərəkatının təsisçisi və məsul katibi
12-13 yanvar 2025-ci il