RU

20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 35 il ötür. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

Keçmiş SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı qərəzli mövqe sərgiləyərək işğalçı Ermənistanın əsassız ərazi iddialarına şərait yaradırdı. Lakin Azərbaycan xalqı qarşılaşdığı informasiya blokadasına, ayrı-seçkiliyə, hər cür düşmənçiliyə baxmayaraq ayağa qalxaraq öz hüquqlarını əzmlə müdafiə edirdi.

1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və nəticədə 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Sovet qoşunları tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlaklar məhv edildi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi.

Azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı olan bu cinayət və yüzlərlə günahsız insanın qətlə yetirilməsi sovet rejiminin cinayətkar mahiyyətini bir daha bütün dünyaya göstərdi. Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik susuzluğunu boğa bilmədi. Tezliklə “Qara Yanvar” hadisələri Şər İmperiyasının digər əsarət altında olan ölkələrində müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi.

O müdhiş günlərdə Moskvada yaşayan Ümummilli Liderimiz Heydər Əliyevin özünün və yaxınlarının həyatını təhlükə altında qoyaraq, yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gəldiyini, Qanlı Yanvarı törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını vurğulamışdır. Bununla da Ulu Öndərimiz cəsarətini, xalqının sədaqətli oğlu olduğunu bir daha sübut etmişdir. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra verilmiş və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılmışdır. Bu qanlı faciədən 20 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, onun ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir. Ümummilli Lider Heydər Əliyev demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”.

20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılmışdır. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.

Prezident İlham Əliyev də 20 Yanvar şəhidi ailələrinin və yaralılarının qayğılarını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısının fərmanlarına əsasən 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələri üçün təqaüdlərinin artırılması onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması bu diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev bildirib: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”. 

Bəli, 20 Yanvar yalnız hüzn günü deyil, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Qan yaddaşımıza, Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunan 20 Yanvar, həm də xalqımzın sonrakı taleyində ciddi dönüş oldu. O məşum gecə xalqımızın yaddaşından heç vaxt silinməyəcək, şəhid olmuş faciə qurbanlarının xatirəsi əbədi yaşayacaq. Bu gün 20 Yanvar gecəsi şəhid olanların ruhları şaddır. Azərbaycanın torpaqları 30 illik işğaldan azad edilib, tarixi ədalət bərpa olunub, respublikamızın ərazi bütövlüyü və suvernliyi təmin olunub.

Zahid Rza, “İki sahil”

Избранный
11
50
ikisahil.az

10Источники