RU

20 Yanvarın canlı şahidi olan MÜƏLLİM: “Qardaşım meyitlər üçün qəbir qazırdı"

Qanlı gecədən 35 il keçdi... İnsan ömrünün yarısı qədər. Sözdə demək asandır, sadəcə 35 il. Amma özünün 5 misli qədər ağırlıq, qəm, qüssə daşıyır. Nə vaxt ki, Yanvarın 19-dan 20-nə keçir, o an içimizi vahimə bürüyür. Təsəvvür elə, soyuqda, qarda-çovğunda əliyalın öldürülmək, qaçmaq istəyəndə vurulmaq, tankla üzərinə çıxılması... Sadəcə qorxuncdur...

 

Bu günləri yaşayanlar, yaxınları orada olanlar üçün hadisələrdən bəhs etmək daha ağrılıdır.

 

Hadisə şahidlərindən biri də, Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi İradə Cəbrayılovadır.

 

O, həmin gecə ilə bağlı xatirələrini  AzEdu.az-la bölüşüb.  

 

“Nə vaxt ki, yanvarın 19-dan 20-nə keçən gecəni ağlıma gətirirəm, o an bütün bədənim titrəyir. Həyatımın ən dəhşətli günləri məhz 20 Yanvarda olub. Həmin vaxtlar qayınım zavodda işləyirdi. 19-u gecəsi qonşumuz bizə gəlmişdi. Mən, yoldaşım və qonşumuz oturub, söhbət edirdik. Birdən yoldaşım qonşuya dedi ki, “Gəl gedək, qardaşımı da işdən götürüb evə qayıdaq”.

 

Onlar maşına minib getdilər, amma nə qədər axtarsalar da, qayınımı tapmadılar. Yoldaşım danışır ki, “Çatdığımız 5 dəqiqə olardı, bir də gördük yer titrməyə başladı. Maşından düşdük ki, görək nə məsələdir? Baxdıq ki, dörd bir yanımız alışıb-yanır, hər yer güllə-baran olur, amma hələ də anlamırdıq ki, nə baş verir? Axı durduq yerə nə olmuşdu? Qala tərəfdən gələn tanklardan açılan güllələr insana aman vermirdi, tək çarə qaçmaq idi, əgər qaçıb, qurtulmaq mümkün olsaydı...

 

Yolda, yanımızda, küçədə kim var idisə, hamısını maşına mindirdik. Çalışdıq ki, yolun o biri üzünə keçək, amma mümkün olmadı. Başımızın üzərindən atəş açılırdı. Tək çarə maşını kənara çəkib, gizlənmək oldu.

 

Xeyli vaxt keçəndən sonra onlar evimizə qayıtdılar, amma üzləri o qədər dəhşətli bir vəziyyətdə idi ki, görəndə çox təəccübləndik. Rəngləri ağappaq idi, tir-tir əsirdilər. Hələ də o anları unutmaq olmur... O gündən bu günə qədər yoldaşım şəhərdə maşın sürmür. Deyir ki, "Mən sürə bilmərəm". Çox istədik ki, biz də gedib baxaq, amma icazə vermədilər. “Nəbadə! Çıxmayın!” – dedilər. Tanklar hərəkət edərkən evimiz titrəyirdi, elə bil, düz yanımızda idi. Polkovnik olan əmim o vaxt Bakı Slavyan Universitetinin yaxınlığında yaşayırdı. Bizə zəng etdi və dedi ki, “Siz hardasınız?” Mən də dedim ki, “Evdəyik, xalamgilə getmək istəyirik”. Əmim dedi ki, “Ayağınızı qapıdan çölə atmayın, vəziyyət pisdir”. Bu sözü eşidəndə çox qorxduq və bilmədik nə edək, haraya gedək.

 

Artıq 20-si günü idi. Qardaşım Vilyamla danışırdıq. O dedi ki, “Bacı, mən şəhərdəyəm”. Mən də ona səsləndim: “Vilyam, əmi deyib çıxmayın bayıra, niyə çıxmısan?” Onda qardaşım bildirdi ki, “Bacı, mən dözə bilmirəm, gedirəm qəbir qazmağa”. Vilyam bizi eşitmədən çoxlu qəbir qazdı, meyitləri çiynində daşıdı, yaralılara kömək etdi. Amma elə həmin gündən sonra qardaşım ürək xəstəliyi tapdı və o xəstəlikdən cavan yaşda dünyasını dəyişdi... Sağlığında həmişə deyirdi ki, “Bacı, mən o mənzərəni unuda bilmirəm, gözümün qabağından keçmir”.

 

Faciədən sonra ölkədə qarışıqlıq vardı, camaatın üzlərindən, gözlərindən kədər axırdı, söhbətlər yayılırdı ki, meyitləri dənizə atıblar, gizlədiblər, tapılmayanlar çoxdur. Rəsmi say açıqlanana qədər çox söz-söhbət dolaşdı. Bir il boyunca hamı yas saxladı, insanların üzlərində kədər var idi. Etibarsızlıq, inamsızlıq, qorxu, çəkinmə yaranmışdı insanlarda. Onlar söz deməyə çəkinirdilər.

 

Əmimgil deyirdilər ki, “Bəlkə də, ruslarla əlaqəmiz çoxdan kəsilsəydi, bu faciəni yaşamazdıq. Azərbaycanın nə qədər oğulu Böyük Vətən Müharibəsində can qoydu. Azərbaycanın nə pisliyi olmuşdu ki?”.

 

Ağrımız bir az səngimişdi ki, birdən yoldaşımı müharibəyə apardılar. O, tankçı idi və müharibə zamanı bir neçə yerdə olmuşdu. Bir gün yoldaşlarının da olduğu tank müharibə zamanı partladı. Təsadüfən, o, travma alaraq evə döndü.

 

Bu gün də uşaqlara 20 Yanvar faciəsindən bəhs edəndə I və II siniflərə həmin dəhşətli şəkilləri göstərmirəm. Onlara hislərlə, sözlərlə başa salıram. Öz barmağımı iynə ilə azca deşib qan çıxarıram və bildirirəm ki, təsadüfən oldu. Sonra onlara soruşuram: “Uşaqlar, sizcə ağrı var, yoxsa yox?” Sonra izah edirəm: 20 Yanvar günü bu qanın neçə misli şəhərin küçələrini bürümüşdü, insanların tək bədəni yox, ürəkləri də ağrıyırdı. Məhz I siniflərə bu formada əyani izah edirəm, amma III və IV siniflərə şəkillərlə izah edirəm".

Избранный
4
azedu.az

1Источники