Gəncə, 20 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbçilərin adları əks olunan abidə ziyarət edilib, gül dəstələri düzülüb. Daha sonra "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
Hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsi ilə bağlı məlumat verilib. Daha sonra din xadimi şəhidlərin ruhuna dualar oxuyub.
Saat 12:00-da Gəncə şəhərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillər vasitəsilə səs siqnalları verilib.
Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski Rus Pravoslav Kilsəsində və Yəhudi Dini İcmasında 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunub.
Xatırladaq ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları Bakıya və bir neçə rayona yeridilib. Yanvarın 20-də və sonrakı günlərdə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub. Tarixə Qanlı Yanvar kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. 20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb.