Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail-“Həmas” atəşkəs razılaşmasının bütün mərhələlərinin həyata keçirilməsi və Qəzzaya fasiləsiz humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb. Ərdoğan dünən Prezident Kompleksində Slovakiya Baş naziri Robert Fiço ilə təkbətək və heyətlərarası görüşlərdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib. O, bildirib: “Beynəlxalq ictimaiyyət İsrailin öhdəliklərini yerinə yetirməsini təmin etməlidir. Türkiyə olaraq 1967-ci il sərhədləri əsasında, paytaxtı Şərqi Qüds olan coğrafi bütövlüyə malik müstəqil və suveren Fələstin Dövlətinin qurulmasına qədər prosesi təqib edəcəyik.”
Prezident Ərdoğan daha sonra jurnalistlərin suallarını cavablandırıb. Bir jurnalistin “ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp son çıxışlarında sizinlə yaxın dostluğunu bir neçə dəfə ifadə edib. Türkiyənin bölgədəki gücünə diqqət çəkib. Bu yaxın dostluq yeni dövrdə Türkiyə-ABŞ münasibətlərinə necə təsir edəcək? Siz Donald Trampın prezidentliyi dövründə ABŞ-ın PKK/YPG terror təşkilatına dəstəyinə son verəcəyini gözləyirsinizmi?” sualına Rəcəb Tayyib Ərdoğan belə cavab verib: “Birinci dövrdəki dostluğumuzun eyni şəkildə davamı bizim üçün çox önəmlidir.”
Prezident çıxışını belə davam etdirib: “Rusiya-Ukrayna müharibəsini ‘Mən bitirərəm’ dediyinə görə, bu mövzuda Türkiyəyə nə düşürsə bunu edərik. Çünki dünyada müharibədən yana deyilik. Türkiyə olaraq sülhdən yanayıq. İstəyirik ki, sülhlə dünyada ölkələrin bir-biri ilə olan həmrəyliyi davam etsin. Bu mövzuda nə varsa sülhdə var, müharibə ilə bir qənaətə gəlmək olmaz. Bir an öncə də bunu həll etməliyik. Cənab Tramp ilə aparacağımız görüşlərdə bunları masaya qoyub addımlarımızı da buna görə atacağıq.”