COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün 300 milyard dollar vəsaitin ayrılması ilə bağlı ilk dəfə razılıq əldə olunub. Bu, bütün dünya və beynəlxalq ictimaiyyət üçün böyük uğur hesab edilir. Daha əvvəl ölkələr arasında iqlim gündəliyi üzrə aydın niyyətlər və öhdəliklər əks etdirən heç bir sənəd və ya razılaşma mövcud deyildi.
Bu barədə Davos İqtisadi Forumu çərçivəsində keçirilən “COP30-a gedən yol” adlı panel sessiyasında ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev deyib.
Nazir vurğulayıb ki, beynəlxalq maliyyə qurumları, özəl sektor və digər maraqlı tərəfləri cəlb etməklə vəsaitin 1,3 trilyon dollara qədər artırılması üçün proqram artıq hazırlanıb. Bu kontekstdə Azərbaycan COP30 komandasına sıx dəstək verməyi planlaşdırır.
Muxtar Babayev qeyd edib ki, ölkələr qarşısında yeni çağırışlar və imkanlar dayanır və bu imkanlardan istifadə edilməlidir.
Karbon bazarı ilə bağlı razılaşmalara toxunan nazir deyib ki, 10 il davam edən 6-cı Maddə üzrə danışıqlarla bağlı yekun nəticə Bakıda əldə olunub: “Təəssüf ki, əvvəlki müzakirələr nəticəsiz qalmışdı. Lakin Bakıda ölkələr karbon bazarları, qeydiyyat, icazə verilməsi və digər əlaqəli məsələlər üzrə razılığa gəliblər. Bu, yaşıl keçid və iqlim layihələri sahəsində iri layihələrin həyata keçirilməsi üçün özəl sektora qapıları açıb”.