RU

“Qarabağ” Juninyonu onlardan biri ilə əvəzləyir: Stoyka, yoxsa Mraz?

Slovakiyalı ilə “Neftçi” də maraqlanır!
Yanis Stoyka... “Qarabağ”ın Junonyo gedəndən sonra hücumçu mövqeyini kimlə gücləndirmək istədiyini araşdırarkən məhz bu ada rast gəldik. Bəlkə onu da tezliklə “köhlən atlar”ın heyətində görəcəyik və Reynaldo, Kadi Borges, Juninyo və başqaları kimi Stoyka da ən qısa zamanda azarkeşlərin sevimli ulduzuna çevriləcək. Düzü, hələ bu haqda danışmaq üçün tezdi. Ona görə ki, ağdamlılar bu futbolçuyla rəsmi müqavilə imzalamaqdan çox uzaqdadı. Həll edilməsi vacib bir neçə məsələ var ki, xeyli vaxt aparacağı bəllidi. Yenə də bu gün üçün önəmli detallara toxunmağa dəyər.
Əvvəlcə Stoykayla tanış olaq. O, Rumıniyanın “Hermanştadt” komandasında top qovur. “Petrolul”un yetirməsi olan hücumçu daha sonra “Frayburq” (Almaniya), FKSB, “Kalarasi”, “Metalqlobus”, “Slatina” və ÇFR (hamısı Rumıniya) klublarının da formasını geyib. 22 yaşlı futbolçu Rumıniyanın U-21 millisinin üzvüdü. Məşhur statistika portalı “Transfermarkt”ın məlumatına görə, onun dəyəri 1,6 milyon avrodu. Yanisin klubla müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq. “Hermanştadt” onu heyətinə qatmaq üçün ötən ilin fevralında FKSB-yə 1 milyon avro ödəməli olub. Performansına gəlincə, 2024/25 mövsümündə 20-si superliqa, 2-si ölkə kuboku olmaqla 22 matçda tər tökən Stoyka 4 qol, 3 məhsuldar ötürməylə yadda qalıb. O, cari mövsüm ərzində ümumilikdə 1480 dəqiqə meydanda olub. Ən əsası, Yanis hücumun sağ və sol cinahlarıyla yanaşı, mərkəzdə də fəal çıxış etmək gücündədi. Yəni Qurban Qurbanov onu əbəs yerə bəyənməyib. Maraq üçün qeyd edək ki, Stoyka Rumıniyanın U-21 millisinin heyətində gənclər arasında Avropa çempionatında çıxış edib. O, yarışın yeni mövsümündə keçirdiyi 5 matçda 2 qola imza atıb.
Bu arada “Hermanştadt” futbolçunun satılmasının əleyhinə deyil. Sadəcə, Sibiu təmsilçisi oyunçusu üçün 1,5 milyon avro tələb edir. Stoykanın mövzuyla bağlı açıqlama verən meneceri də deyir ki, hücumçunun “Qarabağ”a keçidi mümkündü: “Hazırda “Qarabağ”, Buxarest “Dinamo”su və Kiyev “Dinamo”su Stoykanın xidmətində maraqlıdı. Onun üçün tələb edilən məbləğ tam layiqlidi. Stoyka bunu haqq edir. Çünki o, çox yaxşı hücumçudu və yüksək bitiricilik qabiliyyətinə malikdi. Bilirəm ki, Rumıniyanın heç bir klubu onun üçün 1,5 milyon avro ödəməz. Ona görə də futbolçumun yalnız bir seçimi var - ölkəni tərk etmək. Hazırda təkliflər müzakirə olunur”.
“Hermanştadt”ın prezidenti Daniel Nikulae də Stoykanı satmaq niyyətində olduqlarını etiraf edib: “Yanis çox yaxşı futbolçudu. Hazırda ona böyük maraq var. Klubumuza daxil olan təkliflər dəyərləndirilmə mərhələsindədi. Daha konkret və tutarlı müraciətlərə cavab vermək istəyirik. Məncə, Stoyka kifayət qədər baha hücumçudu. Rumıniyada istədiyimiz məbləği ödəyə biləcək klub yoxdu. Məncə, onun üçün ən düzgün seçim legioner həyatı yaşamaqdı”.
İndi “Qarabağ” yuxarıda adı çəkilən rəqiblərlə mübarizədə qalib gəlməyə və bu futbolçuyla güclənməyə çalışacaq. O başqa məsələ ki, “Transfermarkt” Yanisin ağdamlılara keçidində problemlər yarandığını iddia edir və transferin baş tutmaq ehtimalını 23 faizlə qiymətləndirir. Bəs “köhlən atlar” istəyinə çatmasa, necə olacaq? Belədə narahat olmağa dəyməz. Ona görə ki, ağdamlıların “radar”ında təkcə Stoyka yox, həm də Samuel Mraz var. Hətta “Futbolnews.pl” nəşri slovakiyalı futbolçuyla “Neftçi”nin də maraqlandığını tirajlayıb. Mraz “Senitsa”nın yetirməsidi.O, karyerası ərzində “Jilina”, “Slovan” (hər ikisi Slovakiya), “Empoli”, “Krotone”, “Spetsiya” (hamısı İtaliya), “Brondbü” (Danimarka), “Zaqlebiye” (Polşa), “Mirandes” (İspaniya), “Anortosis” (Cənubi Kipr) və “Volos”un (Yunanıstan) formasını geyib. Hazırda Polşa “Motor”unun şərəfini qoruyan 27 yaşlı hücumçu Slovakiya millisinin sabiq üzvüdü. “Transfermarkt”a görə, oyunçunun qiyməti 700 min avrodu.Onun klubla müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq. Cari mövsümdə komandasının heyətinə yüksək liqada 18 oyun keçirən futbolçu 9 qol, 3 məhsuldar ötürməylə yadda qalıb. O, bu matçlarda cəmi 1423 dəqiqə meydanda olub. “Motor” onu heyətinə qatmaq üçün ötən ilin fevralında “Volos”a 450 min avro ödəyib.
Beləliklə, “Qarabağ”ın bu iki hücumçudan azı biriylə güclənmək niyyətində olduğu bəllidi. Təbii ki, klubun vəd etdiyi perspektiv və gələcək şanslar baxımından Stoykaya üstünlük verəcəyi gözlənilir. Lakin bu transferin reallaşması asan olmayacaq. Həm futbolçuyla maraqlanan klublar, həm maddi məsələlər, həm də bacarlıq və gənc hücumçunun Azərbaycanın premyer-liqasını seçib-seçməməsi ciddi suallar doğurur. Yenə də “köhlən atlar” Stoykanı əldə etmək üçün əlindən gələni əsirgəməməli, qış “transfer pəncərəsi”nə damğa vuracaq keçidin reallaşması üçün makimum səy göstərməlidi. Mrazın isə hələ ki yalnız iki seçimi var: ya “Qarabağ”, ya da “Neftçi”. Görəsən, bu mübarizənin qalibi kim olacaq?
KƏNAN BAHADIR

Избранный
7
football-plus.az

1Источники