RU

Aydın Rəhimovun vazkeçilməz "imperiyası"


"Təhsil millətin gələcəyidir" , " Mən dünyada müəllimdən yüksək ad tanımıram". Bu müdrik kəlamlar ulu öndər Heydər Əliyevə məxsusdur. O, həmişə təhsilə yüksək önəm vermiş, cəmiyyətin inkişafı üçün vacib amillərdən biri olduğunu daim vurğulamışdır.
Təəssüf ki, bu gün  təhsil sektorunda elə adamların varlığını görürsən, əlin hər şeydən soyuyur, istər-istəməz az qala bütün pedoqoji fəaliyyətə nifrət edəsən...
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov məhz belə adam(lardan)dır. İdarəyə gəldiyi qısa müddət ərzində demək olar ki, bütün sahələrə əl qoyub. Adamın icazəsi olmadan heç bir məktəb direktoru rəhbərlik etdiyi təhsil müəssisəsinə fotoqraf dəvət edə bilməz. Tədbirlərə yalnız Rəhimovun "qol qoyduğu" fotoqraflar gedə bilər. Məzun(Vinetka) çəkilişlərindən isə danışmağa dəyməz. Burda Rəhimov əməlli-başlı "gül vurur". Regiona daxil olan yüzlərlə məktəbin şagird sayını hesablasaq və bir məzun üçün əldə olunan gəlirin miqdarını düşünsək, gözqamaşdırıcı rəqəmlərlə rastlaşarıq. Bəli, Aydın müəllim məzun çəkilişlərini öz monopoliyasına daxil edib və hətta müdir İlhamə Abdullayevanın ona etiraz etməyə cəsarəti çatmır. Görünür Rəhimov arxasını elə dağa söykəyib ki, onu top atsan da dağıtmaz. Hətta o dərəcədə ki, Regionalın əhatə dairəsindəki təhsil ocaqlarının(bura bağçalar, təmayül tipli məktəblər də daxildir)bufetləri də Rəhimovun icazəsi olmadan işləyə bilməz. Yalnız onun təyin etdiyi menyular dövriyyədə olmalı, onun istəyi yerinə yetirilməlidir. Zarafat deyil, burda da adi hesablama aparsaq, mənzərə a(A)ydın olacaq...
Qəribədir ki, bütün bunları bilən müdir Rəhimova "gözün üstə qaşın var" deyə bilmir. Görəsən bunun səbəbini hansı gözəgörünməz qüvvə malalayır?
Allah tərəfi, Elm və Təhsil naziri E.Əmrullayevin ictimaiyyətə açıq olduğunun, nöqsanlara qarşı həssaslığının dəfələrlə şahidi olmuşuq. Zənn edirik ki, qaldırdığımız bu məsələyə də nazir anındaca müdaxilə edəcək...
Hələ A.Rəhimovun məktəblərdə qeyri-dərs vəsaitlərinin satışını da öz əlində cəmlədiyini vurğulamırıq, çünki bu haqda araşdırmalarımız gedir və tezliklə işıqlandıracağıq...
İ.Rüstəmli
 
 

Избранный
32
7news.az

1Источники