RU

“Heç kim nəticələrimdən narazılıq bildirməyib” – bəs onda niyə istefa verdin?

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında çıxış edən “Cəbrayıl”ın baş məşqçisi Elhad Nəziri bu gün postundan ayrılıb. O, bu barədə “feysbuk” hesabında paylaşım edib. Mütəxəssis öz istəyi ilə getdiyini vurğulayıb.

Nəziri “Football-plus.az”a açıqlamasında komandadan ayrılmasının səbəbini belə izah etdi:

“Klub rəhbərliyi ilə danışdıq. Bəzi məsələlərə görə klubdan getmək istəyirdim. Rəhbərlik bunu normal qarşıladı və biz də ayrıldıq. Turnir cədvəli və komandanın nümayiş etdirdiyi oyun göz qabağındadı. Heç kim mənim nəticələrimdən narazılıq bildirməyib. Daha üst sıralarda ola bilərdik. Komanda 3-4 aydı rəhbərsiz idi, maliyyə dəstəyi yox idi. Bu vəziyyətə baxanda pis nəticə göstərmədiyimizi düşünürəm. İtirdiyimiz xallar var ki, 14 xal yox, 21 xal yığa bilərdik. Futbolda belə şeylər olur. Bunlar hamısı təcrübədi. Hələlik bir-iki klubla danışığım olub. Ortada real heç nə yoxdu. Ortaq məxrəcə gəlsək, mətbuata açıqlanacaq. 1-ci liqa klubu ilə danışıq aparmışam. 2-ci liqaya düşmək fikrində deyiləm. Hazırda komandadan ayrılmışam. Qarşıda görəcəyim işlərə fokuslanıram. Hansı qərarların olacağını bilmirəm”.

Məlumdu ki, məşqçinin “Səbail”in baş məşqçisi Cavid Hüseynovla yaxın dostluq əlaqələri var. Görəsən, ayrılığın səbəbi “Səbail”dən təklif almasıdımı? Elhad bəy bu sualı belə cavabladı:

“Səbail”də hazırda durum tam da ürəkaçan deyil. Mənə real təklif də gəlməyib. Cavid müəllim heyətini yığanda mən artıq “Cəbrayıl”da baş məşqçiydim. Futbolda hər şey ola bilər. İstənilən təklif məşqçiyə göndərilir, məşqçi də onu dəyərləndirir. Bu gün komandadan ayrılmışam. Yaxın günlərdə nəyin olacağını heç özüm də bilmirəm”.

ƏSƏD SEYİDOV
Избранный
23
football-plus.az

1Источники