RU

Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumu keçiriləcək

Iğdır, 22 yanvar, AZƏRTAC

2025-ci il ərzində Iğdır və Qars şəhərlərindən birində Şərqi Anadoluda yaşayan azərbaycanlı gənclərin forumunu keçirməyi planlaşdırırıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə səfərinin yekunlarını şərh edərkən bildirib.

O qeyd edib ki, Şərqi Anadolu Türkiyədə azərbaycanlıların ən çox məskunlaşdığı bölgədir.

“Bu bölgədə yaşayan həmvətənlərimizin əksəriyyəti Qərbi Azərbaycanda ermənilərin törətdikləri soyqırımından qaçaraq xilas olmaq üçün öz doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların nəslindəndir. Prezident İlham Əliyevin elan etdiyi Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da Şərqi Anadoluda yaşayan soydaşlarımıza diqqətin artırılmasını tələb edir. Deportasiya və soyqırımı qurbanlarının övladları Qərbi Azərbaycana qayıtmağın vacibliyini açıq şəkildə bəyan edir, bu məsələnin gündəmdə qalmalı olduğunu vurğulayır, tarixi ədalətin bərpası ilə bağlı Prezident İlham Əliyevin mövqeyini yüksək qiymətləndirirlər”, - deyə Fuad Muradov əlavə edib.

Komitə sədri vurğulayıb ki, dünyanın digər bölgələrində yaşayan soydaşlarımızdan fərqli olaraq, bir neçə nəsildir Türkiyədə yaşayan azərbaycanlılar dil, din və mədəniyyətlərini asanlıqla qoruyub saxlaya biliblər: “Təbii ki, Türkiyə ilə eyni dil, din və mədəniyyət daşıyıcısı olmağımız, Türkiyənin hakimiyyət orqanları tərəfindən assimilyasiya siyasətinin yürüdülməməsi bu məsələdə böyük rol oynayıb. Ona görə də Türkiyənin azərbaycanlılar yaşayan bölgələrində əhalinin demoqrafik nisbətini dəyişmək üçün xarici güclərin apardığı məqsədyönlü siyasət iflasa uğrayıb və bu, həmişə belə olacaq”.

 
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri

Iğdır

Избранный
12
50
azertag.az

10Источники