RU

Tramp Azərbaycanla bağlı nə edəcək- "Yol xəritəsi" hazırdır...

Image

“Əminəm ki, sizin gələcək fəaliyyətiniz dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacaqdır. Azərbaycan ilə Birləşmiş Ştatlar özlərinin milli təhlükəsizlik maraqları əsasında qlobal çağırışlara və təhdidlərə, beynəlxalq terrorizmə və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə daim sıx əməkdaşlıq etmişlər. 

ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığımızı yüksək qiymətləndirirəm, ölkəmizin enerji siyasətinə Sizin verdiyiniz daimi dəstəyi xüsusi vurğulamaq istərdim. Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir”. Bu fikirlər prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının yeni rəhbəri Donald Trampa göndərdiyi təbrik məktubunda yer alıb.

Qeyd edək ki, Co Baydenin administrasiyası Azərbaycana qarşı qərəzli siyasət yürüdüb. Rəsmi Bakı Donald Trampın hakimiyyəti dönəmində buna son veriləcəyinə ümid edir. Məsələ ilə bağlı Azərbaycan Milli Məclisinin Azərbaycan-Amerika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə bildirib ki, Donald Trampın hakimiyyətə gəlişi Amerika xalqının təkidli iradəsi nəticəsində baş verib: “Çünki ondan qabaqkı hakimiyyət Amerikanı bir sosialist ölkə kimi idarə etmək istəyirdi. Amerikanı zəiflətmək siyasəti ölkədə xalqın qəzəbinə səbəb oldu, xalq öz iradəsini ifadə etdi. Əminəm ki, Tramp administrasiyası ilə Azərbaycan qarşılıqlı maraqlar əsasında siyasət formalaşdıracaq. Bundan qabaq bizim hər zaman ABŞ ilə normal müansibətlərimiz var idi. Yeganə isitisna Amerika Konqresində erməni lobbisi, erməni siyasətçilərinin öz ölkələrinə və Azərbaycana zərbələrini nəzərə almasaq, bizim ənənəvi Amerika-Azərbaycan münasibətlərimiz yüksək səviyyədə olub. Ümidvaram ki, buna qayıdış mümkündür və bu istiqamətdə də addımlar atılmalıdır”. Milli Məclisin digər deputatı Sevinc Fətəliyeva da vurğulayır ki, Azərbaycan öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüququn normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür: “Dövlətimiz beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Ölkəmiz ABŞ-la münasibətlərdə də məhz belə yanaşma ortaya qoyur”. Deputat bildirib ki, ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Müasir beynəlxalq münasibətlər sisteminin güc mərkəzlərindən biri olan Amerika Birləşmiş Ştatlarına da Azərbaycanın bu mövqeyi yaxşı məlumdur. O xatırladır ki,  ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la çoxşaxəli əlaqələr qurub. Belə ki, ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Təbii ki, Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib.

Eyni zamanda, enerji sahəsində vacib əməkdaşlıq mövcuddur. Lakin Bayden administrasiyasının hakimiyyəti zamanı münasibətlərimizdə müəyyən soyuqluq yaranmışdı. Belə ki, Ermənistana havadarlıq edən, Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər etməyə çalışan Bayden administrasiyası əslində rəsmi Vaşinqtonun regiondakı maraqlarına ciddi zərbə vurmuş oldu.Artıq vəzifəsinin icrasına başlayan Donald Tramp adminstrasiyasının özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldırıcağına inam böyükdür. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Beləliklə, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılmasına böyük imkanlar var. Ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf edəcəyi yeni perspektivlər vəd edir. İstənilən halda gözləntilər bundan ibarətdir ki, Donald Trampın prezidentliyi dövründə Azərbaycan-ABŞ münasibətləri Co Baydenin prezidentlik dövrü ilə müqayisədə əhəmiyyətli şəkildə fərqlənəcək. Xüsusən də ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əməkdaşlıqda yeni səhifə aça bilərlər. Bu münasibətlərin də bəlli bir təcrübəsi var. Ümumiyyətlə, Azərbaycan həmişə Birləşmiş Ştatlarla dostluq və qarşılıqlı faydalı əməkdaşlığa hazır olub. Rəsmi Bakı Cənubi Qafqaza sülhün bərqərar olmasına çalışır. Lakin əvvəlki ABŞ administrasiyası hər vəchlə bu prosesə əngəl olmaq siyasəti yürüdüb. Yerli telekanallara müsahibəsində prezident İlham Əliyev bu fonda keçmiş Bayden administrasiyasının fəaliyyətini sərt tənqid edib. Bildirib ki, Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika-Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi: “Yəni, Azərbaycana Ermənistan-Azərbaycan, ya da ki, Amerika-Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”. İndi ABŞ-da yol verilən bu səhvi Donald Trampın aradan qaldıracağına ümidlər böyükdür.

Nahid SALAYEV





Избранный
20
42
baki-xeber.com

10Источники