Azərbaycanın vətəndaşları üçün dövlət qurumları tərəfindən göstərilən xidmətlər hər kəsin hüquqlarına hörmətlə yanaşılmasını, şəffaflıq və ədalətin qorunmasını tələb edir. Lakin bəzi hallarda bu prinsiplərin pozulduğuna şahid oluruq. Son dövrlərdə, xüsusilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət zamanı rüşvət istənilməsi barədə vətəndaşların şikayətləri bu problemin aktuallığını bir daha ortaya qoyur.
Vətəndaşların Medianews.az-a bildirdiyinə görə, itirilmiş texniki pasportun bərpası üçün tələb olunan qanuni prosedurlar sadə görünməsinə baxmayaraq, bəzi hallarda BDYPİ-nin əməkdaşları tərəfindən əsassız olaraq əlavə ödənişlər tələb edilir. Yaxın günlərdə adı çəkilən idarənin bu işlə məşqul olan Nicat adlı əməkdaşının müraciət edən bir vətəndaşdan 360 manat tələb etdiyi bildirilir.
Məsələ burasındadır ki, avtomobil sənədlərinin itməsi kimi hallarda dövlət qurumları qanuni olaraq vətəndaşlara kömək etməli, prosesi sürətlə və şəffaf şəkildə həll etməlidir. Bunun əksinə olaraq, vətəndaşlardan qeyri-rəsmi ödənişlərin tələb olunması hüquqi dövlət prinsiplərinə ziddir.
DYP rəhbərliyinin bu iddialara biganə qalmaması və təcili olaraq məsələni araşdırması zəruridir. Qurum daxilində korrupsiyanın qarşısını almaq üçün şəffaflıq və nəzarət mexanizmləri gücləndirilməli, vətəndaşların haqsızlıqlarla üzləşməməsi üçün effektiv tədbirlər görülməlidir.
Həmçinin, belə halların qarşısını almaq üçün vətəndaşların da hüquqlarını bilməsi vacibdir. Rüşvət tələb olunarsa, bu barədə aidiyyəti dövlət qurumlarına məlumat verilməli, hüquqi yolla müdaxilə edilməlidir. Məsələnin həllində cəmiyyətin bütün təbəqələrinin, o cümlədən mətbuatın və qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür.
Bu günümüzün reallığı odur ki, korrupsiyanın aradan qaldırılması yalnız kollektiv səylərlə mümkündür. Dövlət qurumlarının qanunvericilikdə göstərilən çərçivədə fəaliyyət göstərməsi həm hüququn üstünlüyünü təmin edər, həm də cəmiyyətin dövlətə olan etimadını möhkəmləndirər. Unutmayaq ki, rüşvət vermək də, tələb etmək də cinayətdir və bu problemin kökünü kəsmək üçün birgə mübarizə vacibdir.
Bu cür hallar bir tərəfdən cəmiyyətin dövlət orqanlarına olan inamını sarsıdır, digər tərəfdən isə korrupsiyanın dərinləşməsinə səbəb olur, əhalidə adı rüşvətxorluqda daha çox hallanan dövlət xidmətlərinə hiddət yaradır. Elə bu günlərdə İmişlidə bir faciəvi yol qəzasında insanların yol verdiyi “qəzəb partlayışı”nın bir səbəbi də qəzanı törəədən şəxsin DYP əməkdaşı olmasıydı. Bu detalları nəzərə almlı və sadə vətəndaşlarda dövlət qurumlarına hiddət yaradan şəxslər və hallara qarşı tədbirlər görülməlidir.
Medianews.az